İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafadan ŞOK AÇIQLAMA: “Azərbaycan qadınları, qızları onların əlində girovdur, belə getsə...”

5354 18.05.2023 21:12 Müsahibə A A

Martın 28-də yaşadığı evin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa Musavat.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Fazil bəy, səhhətiniz necədir?

- Səhhətim artıq qaydaya düşür. Ayağımdakı problemlər demək olar ki, aradan qalxıb. Rahat yeriməyimdə, hətta idmanımda belə bir problem yoxdur. Tədricən namazı da normal qaydada qılmağa başlamışam. Əvvəllər yerə oturmağa çətinlik çəkirdim, indi onu da qaydaya qoymuşam. Qolumda müəyyən qədər problem qalır. Qolumu da söykənəcəkdən açdılar və artıq sağ qolumun reabilitasiyası başlayıb. O da uğurla gedir. Yaxın günlərdə ən azı daha işlək vəziyyətə gətirib çıxara biləcəm. Hesab edirəm ki, reabilitasiya dövrü qısa müddətə öz nəticəsini verəcək. Artıq səhhətimi qənaətbəxş hesab etmək olar.

mustafa.jpg (87 KB)

- Təxminən nə vaxt iş başına qayıdacaqsız?

- Aktiv şəkildə iş fəaliyyətinə yəqin ki, ya önümüzdəki, ya da ondan sonrakı həftə qayıdacam. Normal iş rejiminə qayıtmaq üçün xüsusi bir əngəl yoxdur. Müəyyən prosedurları, yəni konkret reabilitasiya hərəkətlərini iş ortamında da yerinə yetirə biləcəm. Bu da iş mühitinə qayıtmağıma imkan verir. Çox güman ki, önümüzdəki həftədən, onun ortalarından artıq Milli Məclisin iclaslarına da qatılmağım mümkün olacaq.

- Sizə qarşı olan sui-qəsdlə bağlı işin gedişatı nə yerdədir?

- Sui-qəsdlə bağlı istintaq davam edir. Bu istintaqın gedişi ilə bağlı müəyyən dərəcədə tanışam. Çünki istintaqda cinayət işi konkret fakta görə başladılmışdı. Orada da mən zərərçəkən kimi tanınmışdım. Zərərçəkən kimi də hüququm var ki, istintaq materialları ilə, onun gedişi ilə və məni maraqlandıran suallar əsasında tanış ola bilim. Mən də qismən bu proseslə tanışam. Bu cinayətdə iştirak edən bütün şəxslər məsuliyyətə cəlb olunublar. Həm Dövlət Təhlükəsizliyi Xidməti, həm də Daxili İşlər Nazirliyinin bu istiqamətdə operativ fəaliyyətini yüksək qiymətləndirirəm. Eyni zamanda Baş Prokurorluğun dəstəyi ilə tez bir zamanda bu cinayətkar qrupun yaxalanıb, onların ifadələrinin alınması və prosesin tam şəkildə aydınlığa qovuşması mümkün olub. Bu həm də Azərbaycanda gələcəkdə təxribat törətmək istəyən qüvvələr üçün də bir mesajdır ki, heç kim törətdiyi əməldən yayınıb, gizlənib, hansısa bir şəkildə onu ört-basdır edə bilməz. Çünki kifayət qədər ciddi şəkildə Azərbaycan dövlətinin təhlükəsizliyini, asayişi qoruyan hüquqi mexanizmlər mövcuddur. Cinayət işi yəqin ki, daha ətraflı, bütün proseslər yekunlaşandan sonra irəlidəki aylarda məhkəməyə təqdim olunacaq. O zaman bu proses artıq bütün detalları ilə cəmiyyətimizə də aydın olacaq.

- Saxlanılan 3 şəxslə bağlı yeni məlumatlar varmı?

- Saxlanılan şəxslərlə bağlı təbii ki, yeni və tutarlı informasiyalar vaxtaşırı daxil olur. Birinci növbədə onların ifadələri, sonra isə kəşfiyyat və əməliyyat məlumatları ilə bu məsələlər daha çox əldə olunur. Ölkə Prezidenti də ifadə etmişdi, bu cinayət birbaşa İrandan hazırlanan terror aktıdır. Bu sui-qəsddə həyatıma qəsd etmək üçün planlı, düşünülmüş və peşəkar şəkildə bir fəaliyyət nəzərdə tutulmuşdu. Allahın köməyi ilə sağ qaldım, hüquq-mühafizə orqanlarımızın çevik fəaliyyəti nəticəsində isə bu cinayətin üstü açıldı. Tutulan şəxslər və onlara kömək edənlərlə bağlı bütün detallar üzə çıxdı. Gedişatda müvafiq istintaq orqanları bu məsələ ilə bağlı yəqin ki, ictimaiyyətə vaxtaşırı məlumat verəcəklər. Çünki onların əlində məlumatlar çoxdur. Bildiyim odur ki, törədilən əməlin bütün detalları sübuta yetirilib. Verilən ifadələrdə bunların hamısı etiraf olunub.

- Sui-qəsd cəhdindən sonra təhdid xarakterli mesaj almısınızmı?

- Sui-qəsddən sonra təhdid xarakterli mesaj almamışam. Görünür, bu, hələ aktiv siyasi fəaliyyəti bərpa etməməyimlə bağlıdır. Hansısa mesaj olur-olsun, mənimçün heç bir əhəmiyyəti yoxdur. Buna qədər onsuz da illərdir mən bu təhdidlər altında olsam da, öz dəst-xəttimi qətiyyən təxirə salmadım. Öz yoluma davam edirəm. Hər hansı bir təhdid, bu cür sui-qəsd bizi nəzərdə tutduğumuz hədəflərdən yayındıra bilməz. Hədəfimiz Azərbaycan dövlətinin, Azərbaycan xalqının təhlükəsizliyidir. Onun daha sağlam insanlarla, daha məsuliyyətli vətəndaşlarla öz gələcəyini qurmasıdır. Bu istiqamətdə həm millət vəkili kimi, həm də cəmiyyətin həyatına müəyyən təsir göstərə biləcək bir ictimai şəxs kimi əlimdən gələni edirəm və bundan sonra da davam edəcəm.

- Milli düşmənlər mübarizənizə necə reaksiya verir?

- Həm xaricdəki, həm də daxildəki milli düşmənlərimiz gözlənilən reaksiyanı verirlər. Onlar bizim diqqətimizi çəkən platformalarda müxtəlif adlar altında bu terror aktını sadələşdirməyə, adiləşdirməyə çalışırdılar. Sanki elə bir hadisə olmayıb. Bu məsələdə müxtəlif ölkələrin adlarını, üçüncü dövlətin adını hallandırmağa çalışırdılar. Amma birmənalı şəkildə bilinməlidir ki, burada söhbət bir dövlətdən, onun təşkil etdiyi terror aktından gedir. Terror aktında iştirak edənlər bunu birmənalı şəkildə etiraf edirlər. Ona görə milli düşmənlərin nə düşündüyü bizim üçün önəmli deyil, bizim nə düşündüyümüz onlar üçün önəmlidir. Çünki biz onların sona qədər Azərbaycan üzərində təxribatlarını, fəaliyyətlərini qətiyyətlə durdurmağa, onun qarşısında durmağa, onu zəiflətməyə və öz millətimizin, dövlətimizin gələcəyi üçün daha əzmlə mübarizə aparmağa and içmişik. Bu yolda da hər hansı bir təhdid, bu cür addımlar bizi hansısa şəkildə ləngidə bilməz.

orxan.jpg (168 KB)

- Tohid İbrahimbəyli ilə Orxan Məmmədovun Azərbaycana ekstradisiyası nə dərəcədə realdır?

- İran bir terrorçu dövlətdir. Bu terrorçu dövlətin bəsləyib, hazırladığı təxribatçı ünsürləri, illərdir yetişdirdiyi bu zombiləşmiş insanları hansısa bir formada Azərbaycana təhvil vermək kimi niyyətinin olduğunu göstərmir. Bu da onu göstərir ki, İran terrorçuluğu sadə və özünə yaraşan şəkildə qəbullanmış durumdadır. Bu məsələ ilə bağlı İrandan peşmançılıq, yaxud da məyusluq mesajları verilmədi. Bu o deməkdir ki, dolayı yolla etiraf etdilər ki, bəli, biz bu fəaliyyətləri dəstəkləyirik. Orada da adı çəkilən, çəkilməyən minlərlə azərbaycanlını girov götürüb, onların beynini yuyaraq, zombiləşdirərək məzhəb, din adı altında onları xəstələndirərək öz dövlətlərinə qarşı düşmənə çeviriblər. Necə ki, ermənilər qadın və qızlarımızı əsir götürmüşdülər, onlara qarşı hər cür zorakılıq addımları atmışdılar, İranda da, Qumda da eyni formada Azərbaycan qadınları, qızları onların əlində girovdur. Onlar da öz dövlətlərinə qarşı düşmən fəaliyyətə cəlb olunublar. Ora oxumağa göndərilənlərin içərisində də bu kateqoriyadan çox sayda insanları görmək mümkündür. Ona görə də onların təhvil vermə niyyətləri yoxdur. Bundan sonra da Azərbaycana qarşı bu fəaliyyətləri davam etdirəcəkləri görünür. Çünki heç bir müzakirədə onlar bu fəaliyyəti dayandıracaqları barədə qəti söz vermirlər. Bu da onu göstərir ki, Azərbaycan hüquq-mühafizə orqanları bu cür milli satqınların, şərəfsizlərin cəzalandırılması məsələsini qətiyyətlə davam etdirməlidir. Çünki bu, bir milli vəzifədir. Dövlətin qorunması üçün vacib addımdır və bu addımı sona qədər qətiyyətli şəkildə atmalıyıq.

- ABŞ Dövlət Departamentinin rəsmi saytında 2022-ci il üzrə Beynəlxalq Dini Azadlıqla bağlı hesabatda Azərbaycan barədə bir sıra iddialar səslənir. Azərbaycan hüquq-mühafizə orqanlarının “kəriməçilər”ə qarşı əməliyyatları tam başqa formada təqdim olunur. Hesabatda qeyd olunur ki, Azərbaycanda dini azadlıqlar təmin olunmur.

Sizcə, ABŞ-ın Azərbaycanla bağlı oxşar hesabatlarının ənənəvi hal alması nədən qaynaqlanır?

- ABŞ Dövlət Departamentinin din məsələləri ilə bağlı illər boyu hazırladığı bu sənədlər çox mənasız və cəfəngdir. Bu sənədlərin sadəcə içərisini doldurmaq üçün dini azadlıqların guya pozulduğu barədə iddiaların ortaya qoyulması ilə onların İslam fundamentalizmi barədə danışıqları bir araya sığmır. Onlar bir tərəfdən İslam fundamentalizminin təhlükəsindən danışırlar, digər tərəfdən isə həmin fundamentalizmə qarşı mübarizə aparan dövlətləri “terrorçuları niyə zərərsizləşdirirsən” deyə ittiham edirlər. Azərbaycana münasibət də budur. Onlar Azərbaycanda dini dövlət qurmaq istəyən, müəyyən çevriliş etmək istəyən, müəyyən dini diskriminasiyanı təbliğ edən qüvvələri müdafiə etmə yolunu seçirlər. Sabah Azərbaycan bunların açıq şəkildə fəaliyyət göstərdiyi məkana çevrilsə, o zaman onlar sanksiyalardan danışmağa başlayacaqlar. İslam fundamentalizminin qarşısını almağa çağırışlar səsləndirəcəklər. İkiüzlü, saxta bir obrazda guya dini etiqad azadlıqlarını qorumaq missiyasını öz üzərlərinə götürdüklərini bəyan edirlər. Halbuki həbs olunanların əksəriyyəti birbaşa terrorçuluq fəaliyyətinə görə saxlanılıb. Bu, Azərbaycanın dünyəvi dövlət quruluşunu dəyişmə fəaliyyətidir. Bu fəaliyyətdə olan hər bir şəxs – dini inancından, milli mənsubiyyətindən asılı olmayaraq mütləq Azərbaycan dövlətinin, qanunun sərt üzü ilə qarşılaşacaq. Dövlətin hər hansı bir şəkildə Azərbaycanda nə etnik, nə də dini separatizmə yol verəcəyini kimsə gözləməsin.

Bu sənədlər bomboş, mənasız, qərəzli sənədlərdir. Burada adı çəkilən şəxslərin böyük əksəriyyəti məhz Azərbaycanda dünyəvi dövlət quruluşuna qarşı səfərbər olunmuş insanlardır. Maraqlıdır ki, onları müdafiə edən, demokrat adı ilə özlərini cəmiyyətə sırımağa çalışan Milli Şuranın rəhbəri idi. Onlar tez-tez ifadə edirlər ki, sanki Azərbaycanda bu qədər din xadimi həbs olunmamışdı. Onlar din xadimi deyil. Onlar din adı altında terrorçulardır. Bu terrorçuları dəstəkləyən hər bir şəxs Azərbaycanda terrorçuluğu stimullaşdıran obrazda özlərini təqdim edənlərdir. Bu baxımdan da ABŞ Dövlət Departamentinin mənasız, içiboş, heç bir əsası olmayan bu qərarının Azərbaycan üçün keçərliliyi yoxdur. Biz dövlət quruluşumuzu və cəmiyyətimizin təhlükəsizliyini qətiyyətlə qorumalıyıq. Bu cür bəyanatları əlimizin arxası ilə geriyə itələməliyik. Çünki heç bir hüquqi, mənəvi və siyasi əsası olmayan yanaşmanı özündə əks etdirir.

- Türkiyədə seçkilər ikinci tura qaldı. Kimin qələbəsi real görünür?

- Türkiyədə 2-ci tur seçkilərinə təbii ki, daha avantajlı vəziyyətdə iqtidar partiyası gedir. Burada sadə bir məntiq var. Parlament qazanılıb, bundan sonra artıq prezidentlik uğrunda mübarizənin təsiredici amili kimi bu faktordan başlamaq lazımdır. Parlamentin hər hansı bir şəkildə prezidentlə rəqabətdə olması, yaxud da ziddiyyətli mövqedə olması faktiki olaraq zəif prezident hakimiyyətindən xəbər verəcək. Ümumi tablodan göründü ki, cəmiyyət bu seçkidə daha çox güclü prezident hakimiyyətinə və təhlükəsizlik amilinə görə indiki iqtidarı dəstəklədi.

qalib.jpg (96 KB)

Hesab edirəm ki, hazırkı iqtidarın resursları daha çox olduğundan ikinci turda da qalib gəlməsi qaçılmazdır. Mən burada yeni bir sürpriz gözləmirəm. Çünki sürpriz 14 mayda ola bilərdi. Bu baş vermədisə, artıq 14 mayın təməli üzərində iqtidar qələbənin bir addımlığında olduğunu göstərə bildi. Türkiyədə hakimiyyət dəyişikliyi olacağını düşünmürəm. Bu iqtidarın siyasi kursunun növbəti 7 ildə də davam edəcəyi gözləniləndir.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR