İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əzbərçi nəsil yetişir” iddiası - günahkar test üsuludur, yoxsa...

1212 21.04.2022 08:20 KİVDF layihələri A A

Bütün şagirdlər əlaçı olmağa məcbur deyil

Bu günlərdə abituriyentlər buraxılış imtahanı həyəcanı yaşayır. Səhərdən-axşama qədər individual məşğələ, testlər və yuxusuz gecələr. Amma davamlı test həll edən abituriyentlərlə bağlı birmənalı fikir yoxdur. Cəmiyyətdə onların daha çox əzbərçi olması, bunun isə savadlılıqla əlaqəsi olmadığını deyənlər var. Hətta bəzən maksimum bal - 700 bal toplayan abituriyentlər barədə də “onsuz da əzbərçidir, savadlı sayılmaz ki...” tipli fikirlər də yayılır. Əslində psixoloqlar və pedaqoqlar nə deyir? Biz gəncliyimizi öz əlimizlə məhv edir, düşünmə, dərk etmə, analiz etmə qabiliyyəti olmayan kəsimə çeviririk?

Əzbərçiliyə alışmış insanların hadisələr qarşısında mühakimə etmək bacarığı zəif olur. Aparılan araşdırmalara görə, dünya əhalisinin 10 faizi öz fikri, qalan 90 faizi isə başqalarının fikri ilə qərar verir. Bütün bunlar da onu göstərir ki, yeni fikirlər, yeni düşüncələr formalaşmır.

Abituriyentlərlə söhbət zamanı aydın olur ki, onların bəzilərində qavrama, bəzilərində isə əzbərləmə qabiliyyəti daha yaxşıdır. III ixtisas qrupu əzbərçilik tələb edir. Amma onlar bunu pis xüsusiyyət hesab etmirlər. Məsələn, tarix fənnini öyrənmək üçün bu qabiliyyət təbii ki, lazımdır. III ixtisas qrupuna hazırlaşan abituriyentlər riyaziyyatdan əziyyət çəkirlər. Çünki tarix fənnindən olan  materialın çoxluğu və vaxt məhdudiyyəti buna gətirib çıxarır. Riyaziyyatla məşğul olmalarına elə də vaxt qalmır.

İşə qəbul olmaq istəyən gənclərin bilikləri daha çox əzbərçilik xarakteri  daşıyır" - Nazirlik

Abituriyent valideynləri isə hesab edir ki, hər nə qədər əzbərçilik olsa belə yüksək bal toplamaq üçün yalnız əzbərçi olmaq kifayət etmir. Abituriyentin müəyyən qədər məntiqi olmasa, əzbərçiliklə yüksək bal toplana bilməz. Çünki istedadı və məntiqi olmayan abituriyent istənilən halda haradasa səhv edib, nəticəsini aşağı sala bilər. Yeni metodlar ancaq fəallığı artırır və şagirdlərə vaxt qazandırır.

Pedaqoq Məryəm Süleyman mətbuata açıqlamasında deyib ki, əzbər və əzbərçiliyin mahiyyətini dərk etmək üçün az da olsa, yaddaşın mexanizmini, elmi əsaslarını izah etməyə ehtiyac var. Onun sözlərinə görə, dövrümüzdə yaddaşın mexanizmi ilə bağlı bir sıra nəzəriyyələr formalaşıb. Əzbərçilik və əzbərləmək bir-birindən fərqli amillərdir. Bu səbəbdən də o, hər iki amili ayrı-ayrılıqda səciyyələndirdi: “Əzbərçilik məlumatı mexaniki, şüursuz şəkildə yadda saxlamaqdır. Bu zaman məlumatın beyinə həkk olunması səthi olur. Və qısa müddət sonra yaddaşdan silinir. Çünki beyin ciddi mənada cəhd etmədiyi və idrak prosesi aktivləşmədiyi üçün məlumat qısa müddət yadda qalır. Yaddaşda həm şüurlu, həm də şüursuz şəkildə əzbərləmə prosesləri var. Şüursuz şəkildə əzbərləməyə əzbərçilik deyilir. Məsələn, şüurlu şəkildə əzbərləmə zamanı məlumat analiz edilir və faydalı məlumatlar yadda saxlanılır. Bu zaman da orqanizm çox səy göstərdiyi üçün həmin məlumatlar uzun müddət yadda qalır. Şüursuz (başqa sözlə, mexaniki) şəkildə əzbərləmə zamanı isə məlumat analiz edilmədiyi üçün bütövlükdə yaddaşa düşür. Bu zaman isə insan əzbərlədiyi məlumatlara diqqət edə bilmir və qısa bir vaxtda unudur. Buna görə də əzbərçilik kortəbii surətdə məlumatın yadda saxlanılması prosesidir”.

Mütəxəssislər hesab edir ki, əzbərçilik bizə müsbət bir şey qazandırmır. Əzbərçiliyin tək faydası isə odur ki, hər hansı bir məlumatı qısa müddət yadda saxlamağa kömək edir.

Əzbərçilik təhsil imitasiyası kimi – Azlogos

Valideyn Səmayə Əliyeva isə hesab edir ki, uşaqların savadından şübhəsi olmasa da, dünyagörüşlərinin zəif olmasından müəyyən narahatlığı var. Belə ki, yüksək bal toplayan abituriyentlərin əksəriyyəti repetitor yanına gedənlərdir. Belə uşaqlar isə sadəcə hazırlaşdıqları ixtisas qrupunda yer alan fənləri mükəmməl mənimsəyirlər. Yerdə qalan fənlər isə diqqətdən kənarda qalır: “4-cü qrup üzrə imtahana hazırlaşan uşaqlar var ki, kimya, biologiyadan bilmədiyi şey yoxdur, amma ölkənin milli musiqi, mədəniyyət tarixindən xəbəri yoxdur. 700 bal toplayan abituriyentlərin hər birini savadlı hesab etsəm də, onların ünvanına ”əzbərçi" deyilməsini qəbul etməsəm də, onlara kamil insan da deyə bilmərəm".

Azərbaycan Respublikası Konstitusiyası və “Təhsil haqqında” Qanuna görə, bütün şagirdlərə bilik əldə etmək üçün bərabər şərait və imkanlar yaradılıb. Yəni bir sinifdə oxuyan bütün şagirdlərə eyni vaxtda eyni müəllim eyni dərslikdən eyni mövzunu öyrədir və soruşur. Deməli, mövcud qanunvericiliyə əsasən bütün şagirdlərin əlaçı olmasında və ya ola bilməsində heç bir problem, məhdudiyyət yoxdur. Qanunvericiliyə görə, bütün şagirdlərin əlaçı olması mümkündür, lakin fiziki və şəxsi keyfiyyətlərinə görə bu, mümkün deyil. Hətta dünyanın ən inkişaf etmiş ölkələrində də belə deyil. Sadəcə, bizdə təhsilə, təhsil alana və müvəffəqiyyət göstəricilərinə münasibət fərqlidir. Orta məktəbdə şagirdlər arasında münasibətlər də, dostluqlar da bəzən sinif yoldaşının qiymətlərinə görə qurulur və ya pozulur. Belə addımlar gələcəkdə həmin insanların cəmiyyətdə düzgün mövqe tutmasına təsir göstərir. Dərs qiyməti nisbi anlayışdır, əsas odur ki, şəxsi keyfiyyətləri və xarakteri müsbət olsun. Dünyada kifayət qədər orta məktəbdə zəif oxumuş, ya da, ümumiyyətlə, orta məktəbə getməmiş uğurlu karyeraya malik, tanınmış insanlar var. Bu, heç də o demək deyil ki, tanınmış biri olmaq üçün zəif oxumaq, məktəbdən uzaqlaşmaq lazımdır.

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR