İnsanlara hürriyət, millətlərə istiqlal!

Eyş-işrət məclisi və üzr videoları

2240 27.12.2023 12:21 Yazarlar A A

 

Bu günlərdə köhnə paytaxtımız Moskvada xalqın “rüsvayçılıq”, “biabırçılıq”, “əxlaqsızlıq” kimi qiymətləndirdiyi bir hadisə olub.

Deməli, Anastasiya adlı bir bloger qız rusiyalı sənətçiləri, yəni artist, müğənni tayfasını başına cəmləşdirib, bir “gecə” (“veçerinka”) təşkil edib. Başqa vaxt onsuz da “veçerinka”lara aşağı ətrafının qırağından geyinib gələn sənətçilər bu dəfə bir az da açıq libaslarda gəliblər və nəticədə qonaqlığın adı “çılpaq gecə” qoyulub.

İndi rusiyalı “ictimai fəallar”, “patriot”lar özlərini lezvalayırlar ki, o məclisdə iştirak edənlər cəzalandırılsın. Məclisdə də balaca adamlar iştirak etməyib. Lolita Milyavskaya, Filip Kirkorov, Dima Bilan, Kseniya Sobçak kimi məşhurlar, eləcə də ölkəmizdə az, Rusiyada çox tanınan digər “ulduz”lar iştirak ediblər.

Düzdür, həmin məclisdə heç də hamı çılpaq, hətta yarıçılpaq olmayıb, paltarlı olanlar da olub, amma məsələn, bir gədə (“ulduz” olub-olmadığı dəqiq bilinmir) lüt soyunub və kürəyinə də iri hərflərlə böylə yazdırıb: “Urodı boyatsya krasotı” - yəni “Eybəcərlər gözəllikdən qorxurlar”. Allah qoymasa, bu, özünü gözəllik mücəssəməsi sayır, etiraz edənləri isə - eybəcər.

Əslində “urod” sözünü “idbar” kimi tərcümə etsək yaxşıdır. Elə olanda “İdbarlar gözəllikdən qorxurlar” alınır. Hərçənd burada “qorxurlar” felinin yerinə də “iyrənirlər” işlədilməlidir. Çünki çırıl-çılpaq şəkildə eyş-işrət məclisi təşkil edənlərdən qorxan yoxdur, iyrənənlər var. Mənzərə özü iyrənc olduğuna görə.

Amma bu ilk dəfə deyil. Hələ sovet dövründə belə moskvalı manıslar bu cür məclislər təşkil edərdilər, hətta dəmləşib küt olandan, açarı itirəndən sonra soyunub masa üzərində rəqs edənlər də olardı. Nə oldu birdən-birə millətin mentalitet damarı yoğunladı?

Bir az araşdıranda anlaşılır ki, o məclisin adını bədnam edən heç də əyinlərdəki əlbisə çatışmazlığı deyil, ortada başqa mətləblər də var. Məsələn, biri odur ki, o vakxanaliyada təkcə iki təbii cinsin nümayəndələri yox, orta, süni cinsin təmsliçiləri də olub və deyəsən, o məclisdə çoxluq olublar. Bu isə, bildiyiniz kimi, Rusiyada yaxşı qəbul olunmur. Şimal qonşumuz o ölkələrdəndir ki, orada cinsi azlıqlara “üzdəniraq”, “petux” deyirlər. Hətta bəlkə də cənubda “ibnə” olmaq daha qolaydır, nəinki şimalda “petux” olmaq.

Nastyanın məclisinin ictimai ajiotaja səbəb olmasının bir səbəbi budur. İkinci səbəb isə odur ki, o məclisdə hazırkı rejimi istəməyən adamlar toplaşıb və orada içə-içə nə keks yeyiblərsə, hökumət ondan xəbər tutub. Əgər hökumət qəzəblənibsə, demək, artistlər özlərini yaxşı aparmayıblar.

İndi budur, hamısı çıxıb bir-bir üzr videosu çəkir, yayır. Bizdə kamera qarşısında xuliqanlıq edən, lotu-lotu, gər-gər danışan gədələr vardı ha, yaxaları ələ keçəndən sonra suçuxmuş şəkildə divara qısılıb üzr istəyirdilər, bax, hazırda Filipp Kirkorov və Dima Bilan o gündədir. Filipp deyib ki, məclisə girəndə sonra nə olacağını bilməyib. Lolita söhbəti zarafata salmaq istəyib, başa salıblar ki, “xalq artisti”sən, addan məhrum olarsan, ona görə də kövrəlib.

Eyş-işrət yığıncağının keçirildiyi klubu da dolaşdırıblar: ya bağlayacaqlar, ya da oboyuna kimi soyacaqlar. Bəs necə? “Biabırçılıq olub”, “Yeyib-içib lüt soyunublar”, “Vətənin dar günündə kef məclisi qurublar” və s.

Heç elə bil, ondan əvvəlki və sonrakı günlərdə Moskvada bu cür vur-çatlasın məclisləri təşkil edənlər, səhərini başqa mənzillərdə açanlar olmayıb və olmayacaq. Əlbəttə, olub və olacaq. Əsas məsələ artistlərin yeyib-içib əylənməsi deyil, özlərini pis aparmasıdır. Zalım balaları, nə qələt edirsiniz, edin, gərək kürəyinizə şüar yazasınız ilin-günün bu vaxtında? “Xarici agent” olmaq istəyirsiniz?

Bizimkilər ağıllıdır. Yeyərlər də, içərlər də, gəzərlər də. Amma həm harada soyunacaqlarını yaxşı bilirlər, həm də dissidentlik edib bellərinə şüar yazmazlar. Kim də hissə qapılıb dilini dinc qoymasa, tezliklə başa düşər ki, düz eləməyib.

Odur, “çılpaq gecə”nin şəkilləri hər dəfə Ksyuşanın qabağına çıxanda deyir: “Oy, Bilaaan!”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR