İnsanlara hürriyət, millətlərə istiqlal!

ETİBAR ERKİNİN ÖLÜMÜNDƏN 14 İL ÖTDÜ

2488 14.01.2013 09:35 Ölkə A A
Azərbaycanda Xalq Biliciləri və Ekstrasensləri İttifaqının, Parapsixoligiya və İlahiyyat İnstitutunun yaradıcısı, ekstrasens Etibar Erkin (Məmmədəliyev) 1948-ci il avqustun 3-də Qazax rayonunda anadan olub. 1971-ci ildə Politexnik İnstitutunu bitirib, 1980-89-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində işləyib.
Mühəndis, rəssam, jurnalist, şairliklə yanaşı, irfani elmlərə də maraq göstərib. 1981-ci ildə Moskvadan Bakıya gəlmiş yoqların məsləhəti ilə SSRİ Elmlər Akademiyası Fəlsəfə İnstitutunda akademik A.Spirkinin rəhbərlik etdiyi xüsusi qrupda təhsil alıb. Fövqəlduyum qabiliyyəti təsdiq edildikdən sonra o, 1989-cu ildə Azərbaycanda “İnsan və Elm Mərkəzi”ni yaradıb. Yaratdığı Xalq Biliciləri və Ekstrasensləri İttifaqının nizamnaməsində göstərilir ki, məqsəd Azərbaycanda qeyri-adi duyuma, ekstrasens qabiliyyətə malik olan şəxsləri, eləcə də bu sahəyə aid olan bilgiləri üzə çıxarıb, onların birgə fəaliyyətini həyati xidmətlərə yönəltmək və enerji informasiya mübadiləsi üzrə antiinsani, antihumanist təcrübələrə, cadugərliyə, sehrbazlığa qarşı mübarizə aparmaqdır.
Mərhum ekstrasensin xatirəsinə yazılan “Etibarın dünyası, dünyanın etibarı” (elmi məqalələri və proqnozları), Səbuhi Rəhimlinin “Böyük şərin düşməni”, Gülarə Munisin “İtkin” kitabları, Rita Odinokovanın - “İlahi mənbə” povesti yazılıb.
1999-cu il yanvarın 14-də E.Erkin və iki oğlu Bayıl qəsəbəsində yerləşən evində qətlə yetirilir. Qətlin “Ceyşullah” radikal dini qruplaşma tərəfindən törədildiyi elan olunur. Ancaq mərhumun yaxınları bu versiyanı inandırıcı saymırlar. Daha sonra E.Erkinin qətlində Hacı Məmmədov qrupunun əli olması ilə bağlı versiyalar ortaya çıxsa da, bu günə qədər digər müəmmalı qətllərdə olduğu kimi bu işin də istintaqı ilə bağlı şübhələr hələ də qalır.
Qeyd edək ki, bu il E. Erkinin 65 yaşı tamam olur. Bununla bağlı mərhumun yaxınları anım tədbirləri həyata keçirməyi planlaşdırırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR