İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsir düşərgələrinin “fürer”i – Amerika kəşfiyyatı 43 yaşlı generalın intiharına imkan verməyib…

3055 07.11.2023 14:07 Yaxın tarix A A

Nürnberq məhkəməsinin sonunda edam cəzaları icra edilərkən hərbi və insanlığa qarşı cinayətlər törədənlərə son söz demək haqqı veriləndə Ernst Kaltenbrunner də bu hüququndan istifadə edib:

“Xoşbəxt ol, Almaniya!”

Kaltenbrunner bu ifadələri ilə ömrünün son saniyələrində də qeyri-səmimi görünüb. Belə ki, general ən yüksək vəzifələrdə olarkən on minlərlə əsirə ölüm hökmü verməklə yanaşı, həm də öz millətinə, almanlara da divan tutub və 3-cü Reyxin ən təkəbbürlü siması kimi xoşbəxt görmək istədiyi ölkəsini uçuruma sürükləyib.

ERNST.jpg (59 KB)

Araşdırmaçıların qənaətinə görə, Kaltenbrunner Hitlerin komandasının ən qəddar, ən amansız üzvlərindən biri olub. Fürerin əmrinə əsasən, əsir düşərgələrinin yaradıcısı və vəzifə ranqına görə onlara ümumi rəhbərliyi həyata keçirən general Kaltenbrunnerin cəza müəssisələrində və düşərgələrdə tətbiq etdiyi qaydalar, cəza tədbirləri insan düşüncəsinə sığmayacaq qədər sərt olub. Ən son məqamda belə, İkinci Dünya müharibəsi Almaniyanın məğlubiyyəti ilə sona çatanda da Kaltenbrunner qəddarlığından əl çəkməyib, əsir düşərgələrində saxlanılanların hamısının öldürülməsi, məhv edilməsi ilə bağlı əmr verib.

Qeyd edək ki, 1903-cü ildə Avstriyada anadan olan Kaltenbrunnerin atası ölkədə tanınmış vəkillərdən biri sayılıb. Valideynlərinin hər ikisi ali təhsilli, cəmiyyətdə öz mövqeləri olan, milli adət-ənənələrə riayət edən, ədalətli və mərhəmətli olmaları ilə fərqlənən şəxslər olsa da, onların bu cəhətləri Kaltenbrunnerin tərbiyəsinə müsbət təsir göstərə bilməyib. O, uşaqlıq və yeniyetməlik dövründə çətin tərbiyə olunan, məhəllə davalarının əsas səbəbkarı, dövrün dəbdə olan duel səhnələrinin təşkilatçısı və iştirakçısı kimi tanınıb.

Kaltenbrunner orta təhsil illərində oxumağa çox meyl göstərməsə də, kimyaçı olmaq arzusuna düşüb. Elə bu arzu ilə də yerli kolleclərin birində kimya fakültəsinə daxil olub. Amma çox keçməmiş o, bu arzusundan vaz keçib, atasının yolunu davam etdirməyi qərara alıb, Graz Universitetinə qəbul olunaraq ali hüquq təhsili alıb.

Hüquqşünas kimi Lints şəhərində ilk əmək fəaliyyətinə başlayan Kaltenbrunner az müddətdən sonra öz peşə fəaliyyəti ilə yanaşı, siyasi proseslərə də fəal qoşulub. Bu sahədə o, ilk fəaliyyətinə Avstriyada gizli fəaliyyət göstərən Nasist Partiyasında başlayıb. 1932-ci ildən başlanan bu gizli fəaliyyət Kaltenbrunnerin böyük karyerasının başlanğıcı olub.

BİLD.jpg (82 KB)

Fəallığı və çevikliyi ilə fərqlənən Ernst Kaltenbrunner qısa müddətdən sonra Lintsdə SS qüvvələrində yüksək vəzifələrə irəli çəkilib, daha sonra isə Avstriya üzrə SS-in komandiri təyin edilib. Sürətli vəzifə karyerası bununla da yekunlaşmayıb. Vəzifələr bir-birini əvəzlədikcə Kaltenbrunnerin “iş məhsuldarlığı” Hitlerin də diqqətindən yayınmayıb. Məhz Hitlerin təşəbbüsü ilə o, İmperiya Təhlükəsizliyi Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

General rütbəsi daşıyan Kaltenbrunnerin əsas vəzifələrindən biri də Hitlerin şəxsi tapşırıqlarını həyata keçirmək olub. Onun fürerə bu qədər yaxınlığı nasist rəhbərliyi arasında ciddi narahatlıq yaradıb, onları qıcıqlandırıb. Hitler tərəfindən xüsusi səlahiyyət, imtiyaz və həm də güzəştlərə malik olan generaldan hətta yüksək ranqda olan vəzifəlilər də çəkinib. Kaltenbrunnerin şefinə və özünə arxayınlığı o dərəcəyə çatıb ki, qeyri-rəsmi tədbirlərin birində SS briqadalarının komandirlərinin birini ən adi mübahisəyə görə yerindəcə güllələyib və buna görə ona heç bir cəza veilməyib.

Kaltenbrunner yeganə şəxslərdən biri olub ki, Hitlerin bütün görüş və qəbullarında onun iştirakı mütləq sayılıb. Bu mütləqlik də fürerin təşəbbüsündən irəli gəlib.

Yuxarıda qeyd etdiyimiz kimi, almanların həm ölkə daxilində, həm də işğal etdiyi ərazilərdə yaratdıqları əsir düşərgələrinə ümumi rəhbərlik Hitlerin əmrinə əsasən Kaltenbrunnerə həvalə edilib. General bu səlahiyyətindən daha “səmərəli” istifadə edib. Onun əsir düşərgələrinə “təşrifi” ən azı 30-40 nəfərin güllələnməsi ilə nəticələnib. Həmişə qəzəbli görünən general üçün insan ölümü və onu şəxsən icra etmək ən adi hal sayılıb. Cəllad general əsir düşərgələrində vəziyyəti daha da dözülməz etmək üçün bütün vasitələrə əl atıb, yeni işgəncə növlərinin “kəşfi” üçün günlərlə baş sındırmalı olub. Məhz onun təşəbbüsü ilə cəza tədbirlərinin tətbiqi zamanı istifadə ediləcək əşyaların istehsalı üçün xüsusi sexlər yaradılıb. Bu sexlərdə məngənələr, rezin geyimlər, azdan çoxa doğru artan elektrik cərəyanı verən aparatlar, oturacaq hissəsində iti dəmir çıxacağı olan stullar və s. hazırlanıb. Bu fəaliyyətinə görə Kaltenbrunneri əsir düşərgələrinin “füreri” adlandırıblar.

BİLD SON.jpg (109 KB)

Kaltenbrunnerin işgəncə metodları, qəddarlığı artıqca rütbələri də yüksəlib, mükafatları da çoxalıb. Cəmi 5 il ərzində o, 3-cü Reyxin ən ali mükafatlarına layiq görülüb. Kaltenbrunner öz qəddarlığını təkcə əsirlər üzərində tətbiq etməyib. O, eyni zamanda Almaniyanın ayrı-ayrı dövlət qurumlarında çalışan məmurlarla da istədiyi kimi davranıb, öz hegemonluğunu onlara da sübut edib.

Kaltenbrunnerin qəddarılığının bir səbəbi də onun psixoloji durumundakı problemlərlə bağlı olub. Alkoqollu içkilərə hədsiz dərəcədə meylli olan general spirtli içkilərin qəbulundan sonra daha da amansızlaşıb, vəhşi heyvanları xatırladıb.

Bu vəhşiliklər çoxsaylı şahid ifadələrində öz əksini tapıb:

“Generalın düşərgəyə gəlməsi həmişə böyük faciələrlə bitirdi. Çox vaxt sərxoş vəziyyətdə olan Kaltenbrunner əsirlərin saxlandığı kameraya girəndə gözlərini yumub tapançadan atəş açmağa başlayırdı. Silahda olan güllələrin sayı ilə ölənlərin sayı eyni olmayanda o, daha da qəzəblənirdi. Belə məqamlarda düşərgənin nəzarətçiləri silahlarını işə salırdılar…”

“Kaltenbrunner üçün insan güllələmək zövq işi idi. Düşərgələrdə onun üçün xüsusi silahlar saxlanılırdı. O, düşərgələrə gələrkən düşərgə rəisləri tez-tələsik həmin silahı ona təqdim edirdilər. Bu, generalın əhvalına xoş təsir edirdi…”

İkinci Dünya müharibəsinin son mərhələsində Almaniyanın məğlubiyyətini dərk edən general onu nə gözləyəcəyini yaxşı anlayaraq Avstriyaya qaçıb. Cinayətdən, törətdiyi əməllərdən yayınmaq üçün Kaltenbrunner sənədlərini də dəyişib. Amma general başqa ad altında çox gizlənə bilməyib. Amerika kəşfiyyatı onu elə Avstriyada ələ keçirməyə nail olub. Kaltenbrunner həbs olunanda intihara cəhd edib, amerikalılar bu cəhdin qarşısını ala biliblər.

BİLD YENİ.jpg (100 KB)

Nürnberq məhkəməsində Kaltenbrunnerin işi çox da “müşkül”ə düşməyib. Hərbi və insanlığa qarşı cinayət faktlarının təsdiqi üçün yetərincə sübut və dəlillər onun haqqında rahatlıqla hökm çıxarmağa imkan verib. 43 yaşlı general haqqında asılmaqla ölüm hökmü verilib.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR