İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərzaqların təzə, yaxud köhnə olduğunu bilmək istəyirsinizsə bu tövsiyələrdən yararlanın...

877 11.01.2024 13:17 Maraqlı A A


Hazırda istər paytaxt Bakıda, istərsə də bölgələrdə ərzaq məhsullarının satışı ilə məşğul olan çoxsaylı market və bazarlar fəaliyyət göstərir. Bu ticarət obyektləri insanlara ərzaq seçimi üçün böyük imkanlar yaradır. Bu imkanlara baxmayaraq çoxlarımız  seçim edərkən yanılırıq. Amma məsələ çox da “mürəkkəb” deyil. Sadəcə, gündəlik üz tutduğumuz marketlərdə və bazarlarda aldanmamaq, keyfiyyətli, köhnə olmayan məhsullar almaq üçün bir neçə sadə qaydanı bilmək kifayətdir.

Əgər siz də pulunuzu təzə, keyfiyyətini itirməmiş qida məhsullarına sərf etmək istəyirsinizsə, sizə  təqdim etdiyimiz bu yazını oxuyun və aşağıdakı tövsiyələrdən yararlanın.

Qida rasionumuzda, xüsusilə də səhər yeməyimizdə yumurta əsas yerlərdən birini tutur. Bəs onun təzə, yaxud da köhnə olduğunu necə müəyyən etmək olar?

Yumurtanın qabığının səthi hamar, rəngi parlaq olmalıdır. Qabığın üzərində çətinliklə görünəcək qara ləkələr varsa bu onun köhnə olmağına işarədir.

13_DSC_3161.jpeg (136 KB)

Daha bir üsul, yumurtanın təzə və ya köhnə olduğunu bilmək üçün onu su doldurulmuş qabın içərisinə qoyun. Əgər yumurta su doldurulmuş qabın dibində qalırsa deməli təzədir, yox əgər suyun üzərinə çıxırsa demək köhnə yumurtadır.

Yumurta alarkən onu düz səth üzərində saat əqrəbi istiqamətində fırladın. Yumurta fırlanmırsa təzədir, əgər az da olsa fırlanırsa demək artıq köhnəlib.

Gündəlik istehlak etdiyimiz məhsullardan biri də mal ətidir. Mal əti alarkən onun təzə olmağını bilmək üçün ilk növbədə rənginə diqqət yetirin. Təzə ətin rəngi solğun qırmızıya çalmalıdır.

Ətin təzə olduğunu müəyyənləşdirmək üçün ən asan üsullardan biri odur ki, barmaqla ətin üzərindən basmaq lazımdır. Əmələ gəlmiş çuxur həmin anda yerinə qayıdırsa deməli ət təzədir. Əgər barmağınızın basıldığı yer əvvəlki vəziyyətinə qayıtmırsa, yaxud gec qayıdırsa bu ətin köhnə olduğundan xəbər verir.

Ətin kəsilmiş hissəsi parlaq olmalıdır, piy hissəsi ağ və ya sarımtıl rəngə çalmalıdır.

ждл.jpg (119 KB)

Sağlam qida məhsullarının siyahısında kəsmik xüsusi yer tutur. Sözsüz ki, əgər o, təzə və təbiidirsə. Kəsmik alarkən ilk növbədə onun rənginə fikir verin. Təzə və təbii kəsmiyin rəngi ağ olmalıdır. Əgər aldığınız bu qida məhsulunun rənginin sarıya, yaxud açıq göy rəngə çaldığını görsəniz belə kəsmikdən imtina edin. Kəsmiyin bu rənglərdə olması onun köhnə, keyfiyyətsiz olması deməkdir.
Kəsmiyin çox cüzi şəkildə turş qoxusu olmalıdır. Ancaq bu qoxunu bütövlükdə turşumuş məhsulun qoxusu ilə səhv salmaq olmaz.

Kəsmiyin dadı da azaçıq turş olmalıdır. Əgər kəsmik şirin dadırsa demək ona şəkər qatılıb. Bunu satıcılar adətən saxlama müddəti keçmiş və turşumuş kəsmiyə əlavə edirlər ki, alıcı onun köhnə və keyfiyyətsiz olmasını hiss etməsin.

Belə bir deyim var ki, yerkökü “vitamin bankı”dır. Məhz elə buna görə də insanlar bu tərəvəzdən istifadəyə üstünlük verirlər. Yerkökünü seçərkən diqqət yetirin ki, onun səthi hamar və bərk olsun. Əgər kökün üstü nahamardırsa və çıxacaqlar çoxdursa demək tərəvəzin tərkibində nitratın səviyyəsi artıqdır.

Daha çox açıq və parlaq narıncı rəngdə olan kök almağa üstünlük verin. Narıncı rəng A vitamini üçün xarakterik rəng sayılır. Aldığınız kökün rəngi nə qədər parlaq və açıq narıncı olacaqsa bu tərəvəzdən bir o qədər də artıq fayda görəcəksiniz.

Çox vaxt ikinci çörək adlandırdığımız kartofdan demək olar ki, hər gün istifadə edirik. Buna görə də biz kartof seçimində daha diqqətli olmalıyıq. Kartof alarkən diqqət yetirilməlidir ki, o, quru, cücərməmiş və zədəsiz olsun. Kartofun səthi hamar, rəngi parlaq olmalıdır.

ььь.jpg (119 KB)

Əgər kartofun üzərində göy və yaşıla çalan ləkələr varsa təsəvvür edin ki, pulunuzu zəhərə xərcləyirsininz. Belə kartofdan istifadə etmək qəti yolverilməzdir.

Təzə və keyfiyyətli ərzaq məhsulu almaq üçün əsas şərtlərdən biri tələskənliyə yol verməməkdir. Bəzən elə olur ki, marketə girib-çıxmağımız bir dəqiqə çəkir, tez-tələsik hansısa bir məhsulu alıb çıxmaqla vaxtımıza “qənaət” etmiş oluruq. Nə aldığımız məhsulun saxlama müddətinə baxırıq, nə də həmin məhsulun saxlama şəraitinə. Bir sözlə, pul verib özümüzə xəstəlik alırıq. Marketdə “qənaət” etdiyimiz vaxtı isə sonra apteklərdə keçiririk.

Nəzərə alın ki, insan sağlamlığı onun qəbul etdiyi qida məhsullarından çox asılıdır. Buna görə də çalışın ki, pulunuzu keyfiyyətli, sağlamlığınıza fayda verəcək qidalara sərf edəsiniz.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR