İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana Zəngəzur dəhlizi xəbərdarlığı - İrəvan imkan verməsə...

3849 25.04.2024 13:16 Siyasət A A

Prezidentin “Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik” açıqlaması bu məsələyə dair mövqenin dəyişməz olduğunu bir daha ortaya qoydu; deputat: “Yol açılmalıdır" və açıqlacaq”

Ermənistan postmüharibə dövründə 10 noyabr Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərin demək olar ki, heç birini yerinə yetirmədi. Nəticə isə bəllidir: gərəkən bütün addımları Azərbaycan özü atdı, suverenliyini, ərazi bütövlüyünü tam təmin etdi.

Hazırda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası həyata keçirilir, eyni zamanda sülh danışıqları üzrə əksər məsələlərin razılaşdırıldığı qeyd olunur. Növbəti və ən ciddi məsələ Zəngəzur dəhlizi - Naxçıvanla quru yol əlaqəsinin yaradılmasıdır. Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxış edərkən bu məsələ ilə bağlı önəmli açıqlama verib. Sitat: “Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-cu il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanmışdır. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı əslində pozur. İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyus edir", - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı daha sonra məsələ ilə bağlı bunları söyləyib: “Nəqliyyat dəhlizlərinə gəlincə, əlbəttə, biz onların qısa müddətdə reallaşdırılmasını istəyirik. Ermənistan, nəhayət, qərar verməlidir ki, onlar bunu necə görmək istəyirlər. Mən artıq bu haqda danışdım, əlavə edim ki, biz həqiqətən də Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik və Ermənistanın bunun bir hissəsi olması üçün biz, hətta elektrik xətləri haqqında düşünə bilərik. Yeri gəlmişkən, İranla imzaladığımız anlaşma memorandumunda biz avtomobil və dəmir yolları ilə yanaşı, elektrik kabellərinin keçidi ilə bağlı məsələləri əks etdirmişik. Çünki bu da elektrik enerjisinin ixracı yollarından biridir. Ümumilikdə Azərbaycanın inteqrasiyası və gələcək inkişafı ilə bağlı - Azərbaycanda biz regionların beşillik inkişafı planları əsasında işləyirik, bu, regionların inkişafı proqramı adlanır. Bu proqramlardan birincisi mənim tərəfimdən birinci dəfə prezident seçiləndən bir neçə ay sonra - 2004-cü ilin fevral ayında qəbul edilib və hər beş ildən bir biz bu planları yenidən nəzərdən keçirir və digər beşillik hədəflər qoyuruq. Bu proqram nəşr olunur, ictimaiyyətə açıq sənəddir və əsasən regionların müraciətləri - insanların istəkləri əsasında formalaşır. Çox işlər görülüb, indi Qarabağ və Zəngəzurun Azərbaycanın digər hissələrinə dərin inteqrasiyası üzərində işləyirik. Buna görə də bu dəmir yolları, hava limanları, avtomobil yolları, elektrik xətləri demək olar ki, yekunlaşmaq üzrədir”.

Göründüyü kimi, Prezident növbəti dəfə İrəvana prinsipial mövqeyini çatdırıb və Ermənistanı üzərinə götürdüyü öhdəlikləri icra etməyə çağırıb. İrəvan isə hələlik 42 km-lik dəhlizlə bağlı bir addım belə atmayıb. Əgər Ermənistan Zəngəzur dəhlizi məsələsində israrını davam etdirərsə, bunun həll yolu nə olacaq? Ümumən burada udan kim olacaq, uduzan kim? Məsələn, Zəngəzur dəhlizi İran üzərindən həyata keçirilərsə, Ermənistanın sonrakı peşmançılığı fayda verməyə bilər. Yaranmış yeni situasiyada ekspertlər çıxış yolunu necə görürlər?

Prezident Arzu Nağıyevi “Şöhrət” ordeni ilə təltif edib

Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyev ən mühüm bir məsələ ilə bağlı, Zəngəzur dəhlizi və ya Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsinin mütləq labüdlüyündən danışdı və məsələ ilə bağlı Ermənistanın absurd mövqeyini ortaya qoydu: “Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmaması üçün delimitasiya və demarkasiya məsələsinin məhz Qazax istiqamətindən başlanılmasına çalışır. Bu, təbii ki, həm də vaxt udmaq, eyni zamanda status-kvonu saxlamaq cəhdidir. Bundan başqa, yeni bir mühafizə qurumu yaratmaqla Rusiya sərhəd qoşunlarının gələcəkdə Zəngəzur dəhlizinin qorunmasından uzaqlaşdırılması deməkdir. Məlumdur ki, İran yolu işləyəcək və alternativ olsa da, Qərb dövlətləri bu yoldan istifadədə tərəddüd edəcəklər”. A.Nağıyevin sözlərinə görə, Rusiya İranla razılığa gələ bilər, lakin bu gün Rusiya üçün də Zəngəzur dəhlizinin açıq olması vacibdir: “İstər İranla İsrail, istərsə də digər dövlətlərin gərgin münasibətlərindən doğa biləcək hər hansı təzahür yaranarsa, Zəngəzur dəhlizi bir xilas yoludur. Deməli, həm Qərb, həm də Rusiya bu yolun açılmasında maraqlıdır və Ermənistanın buna razılıq verib-verməməsi o qədər də əhəmiyyət kəsb etmir. Ermənistan da başa düşür ki, Qərb ondan Rusiya ilə gərginliyi artırmaq üçün vasitə kimi istifadə edir. Lakin başqa çıxış yolu olmadığını da başa düşür. Perspektivdə maraqlı dövlətlərin Ermənistana ciddi təsiri nəticəsində bu yol açılacaq, bu, tək regionala dövlətlər deyil, beynəlxalq səviyyədə lazımdır. Bir sözlə, yol açılamalıdır və açılacaqdır...”

Akif Nağı: “Paşinyan bu addımı atsa, sülh müqaviləsi...”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı xatırlatdı ki, Zəngəzur dəhlizi ilə bağlı Prezident məqamında aydın mövqeyini bildirdi: “4 kənddən dərhal sonra bu tələbin səsləndirilməsi prosesin çox tezliklə Zəngəzur istiqamətondə davam etdiriləcəyinə işarə kimi qəbul olunmalıdır. Bu mesaj Ermənistana, həmçinin onun havadarlarına ünvanlanıb. Rusiya sülhməramlılarının çıxarılması da təsadüfi deyil. Görünür, Zəngəzurla bağlı Azərbaycan və Rusiyanın, üstəgəl Türkiyənin maraqları üst-üstə düşür. Hadisələri qabaqlamağa ehtiyac yoxdur, amma yaxın vaxtlarda Zəngəzur prosesinin yerindən tərpənəcəyini gözləmək olar”. A.Nağı əmindir ki, Ermənistanın bu prosesə müqavimət göstərmək gücü yoxdur: “Rus sülhməramlılarının Zəngəzura yerləşdirilməsinə Ermənistan hökuməti, həm də cəmiyyətinindən heç bir etiraz səslənmədi. Hətta xarici himayədarları da susqunluq nümayiş etdirdilər. Son olaraq, bu qüvvələrin Qarabağa qayıtmasına dair məlumatlar yayılıb. Amma məncə, bu məlum yerdə möhkəmlənmək üçün irəli-geri hərəkətlərindən başqa bir şey deyil. Rusiya oraya çıxmaq üçün girməyib. Bu, həm hüquqi əsasların Rusiyanın tərəfində olması, həm də müqavimət üçün güclərinin olmaması ilə bağlıdır”. 

A.Nağı qeyd etdi ki, Azərbaycan Naxçıvanla əlaqələrə dair şərtlərini dəfələrlə bildirib: “Bu bölgəmizlə digər ərazilərimiz arasında maneəsiz, yoxlamalarsız, sadələşdirilmiş gediş-gəliş təmin olunmalıdır. Prezudent İlham Əliyevin son mesajı həmin mövqenin mütləq həyata keçiriləcəyindın xəbər verir. İran üzərindən dəhlizin Zəngızur dəhlizi ilə alternativlik əlaqəsi yoxdur. O, müstəqil bir layihədir, daha çox şaxələnmə prinsipinj özündə ehtiva edir. Ermənistanın Zəngəzur dəhlizinə mane olmaq imkanı yoxdur. Güc və hüquq bizim və bizimlə olanların tərəfindədir. Hətta Qərb də bu layihədə maraqlı olduğunu gizlətmir. Məsələ xoşluqla, ya da güclə həll olunacaq. Son 4 ildə olduğu kimi, udan tərəf biz olacağıq”.

Azərbaycanla Ermənistan razılaşdıqca, Rusiya və İran narahat olur" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyası başqanının müavini Məhəmməd Əsədullazadə isə hesab edir ki, Azərbaycanla Ermənistan arasında Qazağın dörd kəndi ilə bağlı razılaşma əldə edilməsi və protokol imzalanmasi ikitərəfli danışıqların nəticəsidir: “Artıq sərhəddə nişanlanma işi aparıldı. Delimitasiya və demarkasiya prosesi də başlayır. İki dövlət komissiyası bu işdə müsbət nəticə əldə edəcək. Əgər üçüncü tərəf prosesə mane olmasa, düşünürəm ki, Ermənistan Zəngəzur yolunu açacaq. Bu, ikitərəfli danışıqlarla həll edilə bilər”. Ekspert bildirdi ki, Azərbaycan İran ərazisindən yeni yol əldə edib: “Amma Zəngəzur yolu bizim üçün strateji əhəmiyyət kəsb edir. Proseslər indiki vəziyyətdə davam edəcək, bu ilin axırına kimi Ermənistan tərəfi Zəngəzur yolunun açılmasına razılaşacaq. Bu, ikitərəfli danışıqlardan asılı olacaq. Odur ki, bu yolda üçüncü tərəf olmamalıdır. Ermənistan bu yoldan Azərbaycan üçün xüsusi imtiyazlar tətbiq etməlidir. Hesab edirəm ki, bu da olacaq. Əgər yol açılmasa, sülh müqaviləsi bağlanmaya bilər. Burada Ermənistan növbəti mərhələdə blokadada qalacaq. Məsələlərin ciddiliyini Nikol Paşinyan da görür. Prezident İlham Əliyev uğurlu şəkildə prosesi davam etdirir. Ermənistanın razılaşmamaq lüksu yoxdur. Azərbaycanın şərtləri ilə razılaşacaq. Zəngəzur yolu ilə bağlı da məsələlər öz həllini tapacaq”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR