İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Ərdoğanın xəbərdarlığından sonra “soyqırımı” şousunu bitirəcəkmi? - rəy

435 25.04.2024 14:43 Siyasət A A

“Bu saxta iddiadan imtina edərlərsə, Paşinyan növbəti addım olaraq gələcəkdə Xocalı soyqırımına görə ermənilər adından Azərbaycan xalqından da üzr istəyəcək”

Ermənilər daha əvvəlki illərdəki kimi “soyqırımı” şousu düzəltməsələr də, bu sərsəm ideyalarından əl çəkmirlər. Bir tərəfdən Türkiyə ilə sərhədlərin açılması üçün çalışırlar, digər tərəfdən bu saxta iddialarını da bitirmirlər. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərin qondarma “erməni soyqırımı” ilə bağlı sualına cavabında bildirib ki, indi regionda yeni nizam qurulur. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərindən hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkət etmək həmişə daha yaxşıdır. 

“İndi Paşinyan da bunu başa düşür”, - Ərdoğan əlavə edib. 

Türkiyə prezidentinin sözlərinə görə, onlar bu məsələ ilə bağlı çox açıq danışıblar və arxivlərini açıblar: “İndi yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onları əsarətə saldığı qaranlıqdan xilas olacaq. Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı halda ondan yaxşı istifadə etmək lazımdır. Bu prosesdə təkcə diaspor deyil, başqaları da, sizin izlədiyiniz kimi, Ermənistana təsir göstərməyə çalışırlar. Biz bunlardan xəbərdarıq. Biz də vaxtaşırı xəbərdarlıqlar etdik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni dövr başlayar”. 

Bəs Ermənistan bu düzgün yolu seçəcəkmi? Saxta iddialarından əl çəkə bilərlərmi?

Elxan Şahinoğlu: “Azərbaycan Qarabağ taktikasını dəyişib”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanın əsas mesajlarından söz açdı: “Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan artıq neçənci dəfədir ki, Ermənistan hökumətinə və ermənilərə mesaj göndərərək onlara çıxış yolu göstərir. Ərdoğanın əsas mesajlarından biri də budur ki, Ermənistanda yaşayanlar xaricdəki erməni lobbisinin alətinə çevrilməsinlər. Çünki erməni lobbisini Ermənistan və bu ölkədə yaşayan ermənilərin taleyi maraqlandırmır. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının vacibliyini anlasa da, bunu ermənilərin tamamı haqqında söyləmək mümkün deyil. Erməni lobbisi və Ermənistandakı radikallar Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədirlər. Bunlar anlamırlar ki, Ermənistanın iki böyük qonşusu - Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan nə təhlükəsizilik məsələlərini həll edə, nə də inkişaf edə bilərlər. Deməli, erməni lobbisini və radikalları Ermənistanın təhlükəsizliyi və inkişafı maraqlandırmır. Belələrinin anlamaq qabiliyyəti yoxdur. Əhalisi azalan Ermənistan müharibədə Azərbaycana məğlub olub, müharibə yenə olsa, yenə də məğlub olacaqlar. Bunu anlamaq əvəzinə "soyqırımı" günü yenə yürüş təşkil edir, Azərbaycan və Türkiyənin bayraqlarını yandırırlar. İrəvanın Bakı və Ankara ilə danışıqlar aparmasına rəğmən, bayraq yandırılması onlara baha başa gələ bilər. Ermənistan hökuməti və polisi bayraqlarımızın yandırılmasına seyrçi qalmaqda davam edəcəklərsə, Paşinyanın çox arzuladığı sülhə təhlükə yaranacaq".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli erməniləri ancaq Azərbaycanın adam edə biləcəyini vurğuladı: “Biz əgər istəyirik ki, Ermənistan düz yolda getsin, bu ölkə üzərində tam dominantlığı üzərimizə götürməliyik. Məsələn, Amerika, Cənubi Koreya və yaxud da Rusiya, Belarus üzərində necə bunu edibsə, biz də aşağı-yuxarı elə etməliyik. Mən biz deyəndə Azərbaycan və Türkiyəni təbii ki, birgə nəzərdə tuturam. Qardaş Türkiyənin Ermənistan üzərində dominant rol oynaması çox vacibdir. Nə vaxta qədər ki, Ermənistana Rusiya, Fransa, Amerika təsir edəcək, ermənilər sərsəm antitürk ideyalarından əl çəkməyəcəklər. Dünən geydirmə, qondarma erməni soyqırımı münasibətilə İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırılıb. Ermənilər özlərinə bir tarix uydurublar və bu tarixdən imtina etmək fikirləri yoxdur. Siyasi-iqtisadi-hərbi cəhətdən Ermənistanı Azərbaycan və Türkiyə tam nəzarətə götürməsə, onlara uydurma, sərsəm tarixlərini unutdura bilməyəcəyik. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın konstitusiyasını dəyişməsi və Ağrı dağını simvol kimi istifadə etməkdən imtina etməsi tələbi düzgün və vaxtında olunan tələbdir. Daim Ermənistanı həm siyasi, həm də hərbi basqı altında saxlamalıyıq. Siz təsəvvür edin ki, Azərbaycan gerbinə Rusiya və ya İranın hansısa ərazisini həkk edib. Məsələn, Dərbəndin qala divarlarını və yaxud Təbrizin görüntüsünü. İndiki halda bu mümkündürmü? Təbii ki, yox. Bunu heç BMT və digər beynəlxalq təşkilatlar da düzgün anlamazlar, amma ermənilər edib və bütün dünya, həm də təəssüf ki, Azərbaycan və Türkiyə illərdir ki, bu cəfəngiyyatı sakit qəbul edib. İndi bütün bunları dəyişdirmək vaxtıdır. Erməniləri sözün əsl mənasında adam etsək biz edəcəyik, biz etməsək, onlar heç vaxt adam olan deyillər. Adam etməyin də bir yolu var, güc yolu və biz də bu yoldan başqa yol seçməməliyik”.

Azərbaycanın suveren ərazisində hər hansı təhlükə törədilməsi yeni  antiterror əməliyyatını şərtləndirir - AZƏRTAC

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin bu istiqamətdə gətirdiyi faktlar xüsusi diqqət çəkir: “Belə demək olar ki, Paşinyan erməni cəmiyyətini tərbiyə edir. O, Ermənistanın 29,7 min km2 ərazisinin olduğunu car çəkir, ictimai görüşlərində Ermənistan xəritəsini nümayiş etdirir, başqa dövlətlərə, yəni Azərbaycan və Türkiyəyə heç bir ərazi iddialarının olmadığını bəyan edir, Ermənistanın tarixi-siyasi sənədlərində, o cümlədən konstitusiyasında və "Azadlıq haqqında" Bəyannaməsində bu iddialarla bağlı qeydləri referendum yolu ilə düzəltməyə niyyətli olduğunu vurğulayır. Paşinyan Ermənistan İctimai Radiosunun efirində deyib ki, “Konstitusiyanı dəyişməliyik. Çünki oradakı maddələr Azərbaycan və Türkiyəyə ərazi iddialarını özündə əks etdirir. O, həm də son çıxışlarından birində soyqırım ifadəsini deyil, erməni dilindən tərcümədə "böyük faciə" kimi tərcümə olunan ifadə işlətdi. Həmçinin Paşinyanın partiyadaşı, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin rəhbəri Andranik Köçəryanın “1,5 milyon erməninin soyqırıma məruz qalması şübhə doğurur” deyərək bu rəqəmin real olmadığı iddiası Ermənistanın hazırkı siyasətinə uyğun olaraq ilk dəfə ortaya atılıb. Beləliklə, ermənilər 109 illik tarixi yalanlarını özləri ifşa etməyə məcbur qalıblar. Paşinyan Türkiyə və Azərbaycanla normallaşma, sülh və qərbyönümlü siyasət modelini ölkəsinin inkişaf və rifah trayektoriyasının əsası olaraq görür və cəmiyyətə bu istiqamətdə təlqinlər edir, mesajlar ötürür. Lakin Ermənistan daxilində və xaricində, o cümlədən erməni diasporası və onların havadarları arasında bunu istəməyənlər, buna qarşı çıxan qüvvələr var. Ermənistan ictimaiyyətinin bir sıra nümayəndələri tarixi soyqırımı iddiasından imtinanı çox “təhlükəli”, konstitusiyanın və digər tarixi-siyasi sənədlərin dəyişdirilməsini isə “erməni milli kimliyinin məhv edilməsi” olaraq qiymətləndirir. Bu fikirlərin əsas mənbəyi və dəstəkçisi isə Erməni Apostol Kilsəsi, erməni diasporu və onların havadarlarıdır. Türkiyənin regional siyasətlərində əsas rəqibi olan Fransanın burada xüsusilə canfəşanlığı qeyd oluna bilər. Onlar “soyqırımı” iddiasından Türkiyəni uzun illər boyu daima təzyiq altında saxlamaq üçün istifadə ediblər. İndi bu təsir aləti onların əllərindən çıxa bilər. Odur ki, Paşinyan “soyqırımı” ifadəsindən qaçarkən, Fransanın səfiri “soyqırımı anım günü” ilə bağlı erkən mesajlar paylaşır. “Soyqırımı”nın tanınmamasının leqal olaraq cəzalandırıldığı yeganə ölkə də məhz Fransadır. Paşinyanın xarici siyasi reorientasiya səbəbilə bu iddialardan imtina etməsi yeni regional nizamın və Cənubi Qafqazda normal qonşuluq münasibətlərinin təsis olunması ilə nəticələnə bilər. Ermənistanın buna gedib-getməyəcəyini bir az da Ermənistan-Rusiya münasibətləri müəyyən edəcək. “Erməni soyqırımı” iddiasından imtina edərsə, Paşinyan növbəti addım olaraq gələcəkdə Xocalı soyqırımına görə ermənilər adından Azərbaycan xalqından da üzr istəyəcək! Bununla da Cənubi Qafqazda qanlı tarix, soyqırımı və savaş tarixi sona çatacaq və yeni bir dövr - SÜLH dövrü başlayacaq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR