İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni kilsəsinin növbəti riyakarlığı

1522 29.12.2023 08:26 Media A A

Rəsul Mirhəşimli: “Beynəlxalq tədbirlərə qatılan din xadimləri səfərbər olmalıdır”

“Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”. “Yeni Müsavat” xəbər verir ki, bunu erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan kilsədə çıxışında deyib. Arxiyepiskop xütbəsində qeyd edib ki, revanşizm erməniləri nə mənəvi, nə əxlaqi, nə də fiziki mənada qarət etmək məqsədi daşımır. “Bu, daim diz çöküb sürünmək deyil, əksinə, ayağa qalxıb Rəbbimizin hüzurunda durmaq və ona ”yer üzündə Sənin işini görmək üçün imanımı artır" demək üçündür. Və düşünməliyik ki, bununla biz yer üzündə Tanrının işini, ədalətin, həqiqətin və xilasın bərpasını edirik. Bəli, bu, qisas yoludur. Evinizi bərpa etməyin başqa hansı yolu var?", - deyə erməni din xadimi sual edib. Baqrat Qalstanyan  çıxışında qeyd edib ki, bir neçə il əvvəl “artsax”da hamı xoşbəxt yaşayırdı, yaşlı-kiçik ziyarətə gedirdi. Bizim üçün bu, qazanılmış bir şirinlik idi və belə də olmalıdır", - deyə erməni din xadimi qeyd edib.

İllərdir ki, erməni kilsəsi din adı altında öz radikal, çirkin, revanşist münasibətini ortaya qoyur. Eyni zamanda Ermənistanın qonşuları ilə sülh sazişi imzalanmasına hər vəchlə mane olur.  Qarabağ münaqişəsinin davam etdiyi otuz il ərzində də erməni kilsəsinin mövqeyi daima bu münaqişəni dinlərin toqquşması, xristianların sıxışdırılması və dini zəmində münaqişənin daha da dərinləşdirilməsindən ibarət olub. Erməni dindarları hər fürsətdə dini siyasi vasitə kimi istifadə edərək, Azərbaycana müxtəlif şəkildə böhtanlar, iftiralar atıb.  

Erməni kilsəsinə, onların riyakar dindarlarına necə cavab verilməli, kimlər bunu etməlidir? Sülh danışıqlarının aparıldığı, ermənilərlə birgə yaşayışa çağırışların edildiyi dönəmlərdə erməni kilsəsinin bu cür bəyanatları bunu düşünməyə əsas verir. Ermənilərdən hər zaman revanşist addımlar gözləmək olar... 

Rəsul Mirhəşimli - 55

Araşdırmaçı jurnalist, ilahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, kilsələr tarixin bütün dövrlərində ermənilərin həyatını formalaşdıran və yönləndirən əsas güc olub: “Azərbaycan ərazilərində və Türk dünyasında törədilən qətliamlar və soyqırımlara baxdıqda bir daha aydın olur ki, ermənilər öz taleyi ilə kilsənin taleyi arasında fərq qoymur və kilsəni bir araya gəlmənin, kimliklərini qoruyub saxlamağın əsas səbəbi kimi qəbul edirlər. Bu, 1918-20-ci illərdə azərbaycanlılara qarşı törədilən soyqırımlarda da belə olub, 1988-ci ildən başlayan Ermənistanın işğal aktları zamanı da. 

Azərbaycan 30 ildən artıq erməni işğalı altında olan tarixi torpaqlarını azad etdikdən sonra Ermənistanda revanşist işğalçı qüvvələri bir araya toplamaq üçün yenidən kilsənin rolunu qabartmağa çalışırlar. Baqrat Qalstanyanın çıxışları da bu zəmin üzərində qurulub. İşğalçılıq heç bir dinin çağırışlarında prioritet ola bilməz. Heç bir səmavi din insanları zalım olmağa, başqalarına məxsus olanları onların əlindən zorla almağa çağırmır. Sadəcə olaraq, erməni toplumunun “dindarlığı” erməni xisləti ilə zühur edir. Tarix sübut etdi ki, bu erməni xəstəliyinin zamanın heç bir kəsimində sağalacağına ümid yoxdur. Məğlub olduqda özlərini məzlum göstərib, riyakar bir libasa bürünmək, özlərinin olmayan torpaqlarına təcavüz edəndə isə vandallığın ağla gəlməyən nümunələrini ortaya qoymaq erməni xislətinin əsl simasıdır. Bir din xadimi onun xalqının olmayanına sahib çıxmağa çağırışlar edəndə ilk növbədə öz mənsub olduğu dinin ehkamlarına qarşı çıxır". 

İlahiyyatçı əlavə edib ki, “Böyük Ermənistan” xülyasını reallaşdırmaq istəyən erməni kilsəsi və ruhaniləri əvvəlcə intellektual hazırlıqlara keçərək, diplomatik təşəbbüslərlə fəaliyyətlərini genişləndiriblər: “Çox təəssüf ki, son 30 ildə beynəlxalq təşkilatlar, dünya ictimaiyyətinin bir qismi erməni yalanlarına inanıblar, bir çox hallarda isə haqlının deyil, işğalçı Ermənistanın yanında yer alıblar. 

Bizim dini inancımız, iman gətirdiyimiz Qurani-Kərimin hikməti “Sizi çıxardıqları yerdən siz də onları çıxarın” ilahi dərsini öyrədir. Bu inanca söykənən xalqın iradəsi və Ordumuzun gücü ilə işğal altında olan tarixi Azərbaycan torpaqlarını azad edib, xalqımızın Qarabağ həsrətinə son qoymuşuq. 

Ermənilərin Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə bu dövləti özünə Vətən sayan hər kəs cavab verməlidir. Bu işdə dövlət strukturlarının imkanları daha genişdir. Eyni zamanda beynəlxalq tədbirlərə qatılan din xadimləri, diaspor təşkilatları erməni təbliğatına qarşı tutarlı cavablar vermək üçün səfərbər olmalıdır. 

Görünən budur ki, erməni yalanları heç zaman susmayacaq, bundan sonra da öz toplumlarında gələcək nəsillərin beyinlərini zəhərləmək üçün xislətlərinin imkan verdiyi bütün vasitələrdən istifadə edəcəklər. 

Tarixən bizim unutqanlığımız ermənilərin yeni-yeni işğal planlarının üzə çıxarmalarına meydan oldu. Heç olmazsa, tarixdən dərs alaraq, bundan sonra yanılmayaq".

Yazını hazırladı: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR