İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni kilsəsi və separatçılar hərəkətə keçib: Paşinyan ya devriləcək, ya da terrora hədəf olacaq

1988 11.04.2024 18:31 Analitika A A

Rusiyanın Ermənistanda dövlət çevrilişi çağırışlarına hazırda erməni separatçılar xüsusi planla reaksiya verirlər... Əgər, bu, reallaşmazsa, erməni kilsəsinin baş nazir Nikol Paşinyana qarşı terror sifariş edəcəyi iddia olunur...

Ermənistanda daxili ictimai-siyasi situasiya yenidən gərginləşməyə başlayıb. Hazırda radikal-revanşist erməni müxalifəti Ermənistanın düşdüyü durumdan xilasını Paşinyan hakimiyyətinin dəyişdirilməsi ilə mümkün ola biləcəyini vurğulayır. Bu məqsədə çatmaq üçün isə istənilən variantı məqbul hesab edir. Hələlik Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz aksiyalarının keçirilməsi ilə ilk addımların atılmasına başlanıldığı bildirilir. Və bu, real nəticələr verməzsə, növbəti mərhələdə daha radikal addımların atıla biləcəyi də istisna olunmur.

Onu da qeyd etmək lazımdır ki, son günlər Ermənistanda başladılan kütləvi etiraz dalğasına erməni kilsəsinin rəhbərlik etdiyi iddia edilir. Xüsusilə, erməni keşişlərin Paşinyan hakimiyyətinə qarşı radikal mövqe tutması, bütün imkanların səfərbər edilməsinə çağırması Ermənistanda daha təhlükəli proseslərin ilkin əlamətləri hesab olunur. Çünki erməni keşişlər Ermənistan cəmiyyətini ən qısa müddətdə Paşinyan hakimiyyətini devirməyə çağırırlar. Və bu, əslində, əhalini dövləti cinayət törətməyə sövq etmək cəhdi deməkdir.

1002537.jpg (103 KB)

Ancaq bəzi erməni politoloqlar Ermənistanda daxili kütləvi etiraz dalğasının sadəcə, Paşinyan hakimiyyətinin devrilməsi ilə yekunlaşa biləcəyinə əmin deyillər. Onların fikrincə, Paşinyan hakimiyyəti öz siyasi rəqiblərini, radikal erməni müxalifətini küncə sıxışdırmağa nail olub. Eyni zamanda, bu düşərgədə alternativ güc mərkəzi rolunu oynayacaq potensial mövcud deyil. Və bu baxımdan, Paşinyan hakimiyyəti özünü nisbətən toxunulmaz hiss etmək imkanına da malikdir.

Digər tərəfdən, ABŞ və Avropa Birliyinin Paşinyan hakimiyyətinə dəstək verməsi də radikal-revanşist erməni müxalifətini çətin vəziyyətə salmaqdadır. Belə ki, əksər erməni politoloqlar Brüssel ortaq konfransını Ermənistana deyil, məhz Qərbyönümlü xarici siyasət yürüdən Paşinyan hakimiyyətinə verilən dəstək kimi izah etməyə çalışırlar. Yəni, hazırda kütləvi etiraz aksiyaları ilə Paşinyan hakimiyyətinin dəyişdirilməsinin mümkünlüyü o qədər də real görünmür. Və bu baxımdan, digər variantların gündəmə gələ biləcəyi də qətiyyən istisna deyil.

Digər variantlardan biri məhz erməni kilsəsinin fəaliyyət sahəsinə daxildir. Belə ki, erməni terrorizminə kilsənin sponsorluq etdiyi heç kimə sirr deyil. Əksər terror aksiyaları isə məhz erməni kilsəsi tərəfindən planlaşdırılır və sifariş edilir. Üstəlik, Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasında olduqca gərgin qarşıdurmanın olduğu da artıq inkaredilməz reallıqdır. Yəni, əgər, kütləvi etiraz dalğası Paşinyan hakimiyyətinin dəyişdirilməsi ilə nəticələnməzsə, erməni kilsəsinin terror aktı sifariş edəcəyi qətiyyən istisna deyil. Və bu halda, birbaşa baş nazir Nikol Paşinyanın hədəf alınacağı da şübhə doğurmur.

88deec23e572911d3d2c12bf0079efbd.jpg (149 KB)

Nəhayət, daha bir variant kimi hərbi-siyasi zorakılıq yolu ilə Ermənistanda dövlət çevrilişinin baş vermə ehtimalı da mövcuddur. Üstəlik, bu variantın reallaşdırılmasında Qarabağ klanının əsas hərəkətverici qüvvə ola biləcəyi ehtimal olunur. Xüsusilə də, Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin könüllü şəkildə Ermənistana köçməsindən sonra bu klan nisbətən güclənmiş kimi görünür. Və indi Qarabağ klanının erməni köçkünləri də dövlət çevrilişi planında istifadə etmək imkanları mövcuddur.

Onu da qeyd etmək lazımdır ki, hazırda Qarabağdan köçən ermənilər Paşinyan hakimiyyətindən ciddi şəkildə narazıdırlar. Onların sosial problemlərinin həlli istiqamətində rəsmi İrəvan elə bir ciddi addımlar atılmır. Hətta Paşinyan hakimiyyətinin onların rifahını yüksəltməyə həvəsli olmadığı da müşahidə olunur.

Bəzi məlumatlara görə, rəsmi İrəvan Qarabağ ermənilərini biganə gətirərək, beynəlxalq qurumlardan milyonlarla dollar yardım almağa nail olsa da, həmin maliyyə vəsaiti təyinatı üzrə xərclənmir. Yəni, Qərbdən Qarabağ erməniləri üçün alınan yardımlar Paşinyan hakimiyyəti tərəfindən ya mənimsənilir, ya da fərqli istiqamətlərdə istifadə olunur. Bu səbəbdən də, Ermənistanda sıxışdırılan Qarabağ erməniləri hazırda kütləvi şəkildə Rusiyaya və digər ölkələrə koç edirlər.

Untitled-1-Recovered.jpg (703 KB)

Eyni zamanda, rəsmi İrəvan erməni separatçıları hakimiyyətin dayanıqlığı üçün ciddi təhlükə hesab edir. Ona görə də, onların Ermənistan siyasət məkanına müdaxilə imkanları məhdudlaşdırılır. Rəsmi İrəvan bir müddət öncə erməni separatçıların Ermənistanda "mühacir dövlət" planlarına sərt reaksiya vermişdi. Baş nazir Nikol Paşinyan Ermənistanda yalnız bir dövlətin olduğunu və hər hansı "mühacir hökuməti" tanımadıqlarını bəyan etmişdi.

Baş nazir Nikol Paşinyan son açıqlamasındasa, erməni separatçıları dövlət çevrilişi cəhdində ittiham edib. Erməni baş nazirin iddiasına görə, rəsmi dairələrdə onların Ermənistanda hakimiyyəti ələ keçirmək planları qurması barədə məlumatlar və hətta sübutlar mövcuddur. Rəsmi İrəvan bu barədə iddialarını isə birbaşa Rusiya ilə əlaqələndirməyə çalışır. Və bu məsələdə erməni separatçıların Rusiya xüsusi xidmət servislərinin casusları olması əsas arqumentlər sırasında yer alır.

Hər halda, bir müddət öncə Fransaya səfər edən baş nazir Nikol Paşinyan məhz Parisdə Rusiyanı Ermənistanda dövlət çevrilişi cəhdində suçlamışdı. O, bildirmişdi ki, Rusiya açıq şəkildə Ermənistan əhalisini dövlət çevrilişi etməyə çağırıb. Belə çağırışlara ilk növbədə reaksiya verə biləcək əsas sosial baza isə məhz erməni separatçılar hesab olunur. Və bu baxımdan, yaxın vaxtlarda Ermənistanda dövlət çevrilişinə cəhdin ola biləcəyi, yaxud da baş nazir Nikol Paşinyana qarşı terror aktının törədilmə ehtimalı kifayət qədər yüksəkdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR