İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın sülh planı təklifinə Ukrayna “yox” dedi

2366 11.04.2024 21:58 Siyasət A A

Podolyak: “Yalnız münaqişəni dondurmaq  istəyindən ibarətdir və  Rusiyanın uduzmamağını nəzərdə tutur”

 Xəbər verdiyimiz kimi, Türkiyə Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılması üçün yeni təkliflər planı hazırlayıb.  Bu barədə “Novaya qazeta” yazıb.

Nəşr Rusiya ilə Ukrayna arasında müharibəni donduracaq yeni müqavilə layihəsinin təfərrüatlarını da əldə edib.  Mənbənin sözlərinə görə, sülh layihəsi  Türkiyə prezidenti Rəcəb Ərdoğanın  təşəbbüsüdür.

 Mənbənin nəşrə verdiyi məlumata görə, sülh sazişi layihəsində aşağıdakılar nəzərdə tutulur:

 -ABŞ və Rusiyanın heç bir halda, nüvə silahından istifadə etməmək, həmçinin Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsinin (START-3) yenilənməsi və gələcəkdə ondan birtərəfli qaydada çıxmaması ilə bağlı qarşılıqlı öhdəlik götürür.

 -Başqa bir ölkənin daxili işlərinə onun hökumətini sabitliyi poza biləcək hər hansı şəkildə müdaxilənin qadağan edilməsi.

-Mövcud cəbhə xətti boyunca müharibənin dondurulması.

 -2040-cı ildə referendumların keçirilməsi ilə bağlı öhdəliklər: ölkənin xarici siyasəti ilə bağlı ümumxalq səsverməsi, habelə Rusiya tərəfindən müharibənin dondurulması zamanı ilhaq edilmiş bütün Ukrayna ərazilərində beynəlxalq nəzarət altında referendumlar.

 -2040-cı ilə qədər Ukraynanın bitərəf  statusuna zəmanət.

-“Hamı hamı üçün” formuluna əsasən, əsir və məhbusların dəyişdirilməsi.

- Rusiya Ukraynanın Avropa İttifaqına daxil olmasına etiraz etmir.

 Musavat.com xəbər verir ki, rəsmi Kiyev Ukraynadakı münaqişənin həlli üçün nəzərdə tutulan sülh planını şərh edib. Bu barədə Ukrayna  Prezident  Administrasiyasının rəhbərinin müşaviri Mixail Podolyak açıqlama verib.

Rəsmi Kiyevin  nümayəndəsinin sözlərinə görə, “Zelenski formulu” istisna olmaqla, bütün planlar yalnız münaqişəni dondurmaq  istəyindən ibarətdir və  “Rusiyanın uduzmamağını nəzərdə tutur.

 Onu da əlavə edək ki, TASS-ın Türkiyədəki diplomatik mənbəsi  belə bir sülh təkliflərinin  mövcudluğunu hələ təsdiqləməyib.  Rusiyanın “Moskovskiy komsomolets”nəşri yazır ki, Türkiyə tərəfi belə bir təşəbbüslə çıxış edibsə, belə bir razılaşmanın bağlanma ehtimalı praktiki olaraq sıfıra bərabərdir.    

İstənilən halda,  Türkiyənin bu  təşəbbüsü faktı onu göstərir ki, beynəlxalq ictimaiyyət və ayrı-ayrı ölkələr müharibəni dayandırmaq üçün  sülh cəhdlərini  davam etdirirlər.

Rusiya və Türkiyə  Xarici İşlər nazirlikləri yeni sülh müqaviləsi layihəsini hələ ki, nə təsdiq, nə təkzib edib. 

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR