İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmlak bazarında durğunluq - səbəb nədir?

3126 14.10.2017 10:00 İqtisadiyyat A A

Ramil Osmanlı:  “Qarşıdakı bir-iki ay ərzində dinamikanın artımı davam edəcək”

Daşınmaz əmlak bazarında son vaxtlarda durğunluq hiss olunur. Maklerlər xüsusən də kirayə bazarında tam sakitlik olmasından, ev alqı-satqısında alıcı qüvvəsinin aşağı düşməsindən şikayətlənirlər.

Makler Telman Çobanovun “Yeni Müsavat”a verdiyi açıqlamaya görə, bunun əsas səbəbi köhnə bina evlərinin sökülməsi ilə əlaqədardır:

“Kirayə bazarı demək olar ki "ölüb". Metronun “Neftçilər” stansiyası ətrafında olan ərazilərdə bu özünü daha göstərir. Səbəbi isə ərazidə bir çox binaların sökülməsi ilə bağlıdır".

Makler kirayə evlərinin nisbətən bahalaşdığını da vurğuladı: “Əgər yay aylarında bir otaqlı evlərin qiyməti 200 manatdan başlayırdısa, indi sadə evlər 270 manatadır. O da əgər ev tapılsa”.

Telman Çobanovun sözlərinə görə gəlirlər azaldığından kirayə ödənişlərində problemlər yaşanır: “Xüsusən də son vaxtlarda əhalinin gəliri az olduğundan kirayə haqqını verməkdə çətinik çəkirlər”.

Ev alqı-satqısına gəldikdə isə maklerin sözlərinə görə hazırda  alıcılar daha çox qiyməti aşağı olan evləri almağa üstünlük verir:

“Alıcılıq qüvvəsi də azalıb. Əvvəllər evlər söküləndə sakinlərə kompensasiya ödənilirdi və onlar da gəlib bizdən ev alırdılar. Amma indi şirkət evləri sökəndə elə özü də tikdiyi binadan sakinlərə ev təklif edir. Buna görə alqı-satqı işimiz də dayanıb”.

Telman Çobanov alıcıların torpaq sahələrinə də olan marağının azaldığını bildirdi: “Demək olar ki, son illərdə çox az sayda alıcı torpaq sahəsi üçün müraciət edir”.

Image result for Ramil Osmanlı

Əmlak məsələləri üzrə ekspert  Ramil Osmanlı “Yeni Müsavat”a dedi ki, kirayə evlərinin qiymətinin bahalaşması artıq dayanıb: “Bu proses qısa bir müddətdə baş verdi, səbəbi isə tələbələrin axını ilə bağlı idi. Həmin vaxt təqribən qiymətlərdə 20-25 faiz artım oldu. Lakin sonra proses dayandı və qiymətlər stabilləşdi. Mənzil alqı-satqısı ilə bağlı aparılan əməliyyatlar üzrə olan prosesdə təbii ki, bazarda durğunluq hiss olunur. Amma mövsümlə əlaqəli olaraq son dövrlərdə cüzi də olsa dinamika hiss olunur. Yəqin ki, qarşıdakı bir-iki ay ərzində dinamikanın artımı davam edəcək. Çünki yay mövsümündən sonra paytaxt və ətraf ərazilərdə dinamikanın artımı baş verir. Lakin nisbi artım hələ ki qiymətlərə təsir etmir və qiymət artımı hiss olunmur”.

Ekspert torpaq sahələrinə olan marağın azalmasının səbəbini açıqlayaraq qeyd etdi ki, bu sahədə passivlik ümumi bazardakı tendensiya ilə bağlıdır:

“İqtisadi göstəricilər son dövrlərdə daşınmaz əmlak bazarında vəziyyəti hələlik mənfiyə doğru dəyişir. Yəni alıcılıq qabiliyyəti aşağı düşür, o cümlədən torpaq sahəsinin alınışında. Ümumiyyətlə, bahalı torpaq sahələrinin alqı-satqısında çox böyük azalma var, demək olar ki, yoxdur. Məsələn, əvvəlki kimi 1 milyon və daha artıq qiymətə əmlak alanların sayı azalıb, yox səviyyəsindədir. Sadəcə ucuz torpaq sahələrinə olan maraq var, bu da əvvəlki dövrlərlə müqayisədə azalıb. Bu da bir daha qeyd edirəm ki, onunla ümumi makro-iqtisadi göstəricilərin azalması, alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. Bu eyni zamanda fərdi  yaşayış evlərinin tikintisinə də mənfi təsir göstərir. Ümumi tendensiya ilə bağlı olan bir məsələdir”.

Ekspert yaxın vaxtlarda əmlak bazarında bahalaşma gözlənilmədiyini dedi: “Kirayə bazarında yaxın vaxtlarda qiymət artımı gözlənilmir. Çünki paytaxtda olan kirayə bazarının dinamik dövrü iyun-sentyabr ayları hesab olunur. Yəni iyul-may aylarında mənzillər boşalmağa başlayır, iyul-avqust ayında isə tələb artmağa başlayır. Tələbin də artımından asılı olaraq da təbii ki, qiymət artır. Ev alqı-satqısında isə qiymətlərin artıb-azalacağı ilə bağlı hazırda konkret bir söz demək olmur”.

Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR