Onları yol qırağında az qala hər addımbaşı görmək olar. Ancaq hər zaman yox. Bunun da bir dövrü, mövsümü var. Adətən yaz aylarında işləri “xod” gedən bu adamlar əslində satqıları ilə nə dərəcədə insan orqanizminə fayda verdiklərini çoxu bilmir. Əksəriyyəti şübhə edir, ya da məsxərəyə qoyur. Hərçənd, əllərində yaşıl rəngli ot tutub şütüyən maşınlara əl edən o adamların satdıqlarının xalq təbabəti də, tibb elmi də faydalı olduğunu təsdiqləyib.
Diqqətini cəlb etməyə nail olan bu insanlara ən azından maraq üçün sükanı saxlayıb, onlara yaxınlaşanlar olur. İstər-istəməz sual yaranır, görəsən, bu adamların əlindəki otlar nədir, nə satırlar, niyə satırlar, hardan əldə edirlər?
Ötən həftə Kürdəmirdən qayıdarkən yol boyunca yaşayış məntəqələri olmayan ərazilərdə, kəndlərdən aralıda, Hacıqabulun yaşayış məntəqələrindən keçən yol üstündə bu adamları görəndə avtomobili saxlamalı olduq...
Az sonra yeniyetmələrlə tanış oluruq. Evinə bir tikə çörək aparmaq üçün belə bir işə baş vuran gənclərin sözün əsl mənasında çörəyi otdan çıxır. Daha dəqiq desək, qanqal otundan. Çörəyini qanqal otundan çıxaranların bu orijinal biznesi çox böyük gəlir gətirmir. Əziyyətli əmək olan qanqal toplamaq və satmaq artıq onların tək dolanışıq mənbəyidir. Bu cavanlar da gördükləri işlə barışıblar, işsizlikdən...
Deyirlər ki, onları işləməyə çox zaman qoymurlar. Gəlib ilişir, yol üstündə dayanıb piştaxta qoymağı qadağan edirlər. Amma bu kənd uşaqlarının başqa qazanc yeri də yoxdur, çarəsizlikdən gizli-aşkar qanqal otu dərib satırlar. Əslində baha da deyil - 1 dəstəsinə bir manat ödəməklə “çox xeyirli bir müalicə kursu keçmək olar”. Nədən ibarətdir bu müalicəvi qanqal otunun mahiyyəti?
Topladığı otları bir ipə bağlayıb satan Əfzələddin danışır: “Sən soruş ki, bu nəyə xeyir deyil? Gedin həkimlərdən də öyrənin. Min bir dərdə dərmandır. İndi buna qanqal otu deyirik. El arasında belə adlanır. Əsl adı təbabətdə dəvətikanıdır. Deməli, əgər qanqal otundan davamlı istifadə etsən, qaraciyərdə narahatlığın bir qram da qalmayacaq. Bax, hepatit, serroz, qaraciyər böyüməsinə qarşı çox faydalıdır. Əsas qaraciyər xəstəliklərinin düşmənidir. Sonra böyrəklərin daha yaxşı işləməsinə kömək eləyir. Sidiyə gedəndə çətinliyi olanların problemin həll edir. Bizim millət əhəmiyyət vermir. Dəvətikanı çox əla otdur. Bax bunu al, öd yollarının açılmasına kömək edəcək. Gündə 3-4 damla bir fincan suya tök iç”.
Əfzələddin inanır ki, qanqal otundan istifadə etməklə dediyi problemlər həll olunur. Onun sözlərinə görə, şəhərdə yaşayan insanlar çox zaman bu otun əhəmiyyətinə fikir vermir: “Çünki dadsızdır, adı da qanqaldır. Hamı fikirləşir ki, mal-heyvanın yediyi otdur. Ancaq bilmirlər ki, qanqal otunu apteklərdə dəvətikanı kimi satırlar. Bunu soyursan, tikanlarını atırsan, üstünə azca duz töküb yeyirsən, çox dadlı olur. Özü də susuzluğu da yatırır”.
Yol üstündə qanqal satan digər bir gənclə həmsöhbət oluruq. Adı Valeh olan satıcı deyir ki, apteklərdə qanqal yağı da satılır: “Gəl belə başa salım da. Bunun yağı qaraciyər, mədə və bağırsaq problemlərində ən gözəl dərmandır. Sonra göbələkdən və digər müxtəlif zəhərlənmələrdə istifadə olunur. Həkim var bizim rayonda, adı Firuzdur, dostumdur. Deyir, ürək-damar problemi, dəri xəstəlikləri, hətta qadın problemlərində bu yağ çox xeyirlidir. Həm də yaralarda, yanma və donmalarda istifadə olunur. İndi biz də bunun otunu satırıq. Fikirləşərsən ki, yol kənarında bitir, zərərlidir.
Amma gör orqanizmə necə mənfəəti var. Get gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı 1 ay müddətində qəbul elə. İmkan varsa, lap yeməklərə də qat. Sonra, sən bilirsən ki, təzə yetişmiş qanqalı soyub yemək çürümə gedən dişlərin sağlamlaşmasına kömək edir, gözün görmə qabiliyyətini artırır? Hardan biləsən. Biz ucuz qiymətə insanlara sağlamlığını satırıq. Gedib analizə, həkimə pullar tökürlər, səhv diaqnoz qoyur, bahalı firma dərmanı yazır, axırda səni soyur. Soyulmaqdansa, qoy qanqal soyulub yeyilsin ki, dərd tapmayasan”.
Qanqal satanlar deyirlər ki, onlar hər gün səhər sahələrdən bu bitkini yığaraq satışa çıxarırlar. Qanqal yığarkən tikanlarının ələ batmaması üçün əlcəkdən istifadə olunur. Satıcılar qanqalın bir dəstəsini 50 qəpik-1 manat aralığında alıcılara təklif edirlər. Onlar gün ərzində 20-30 dəstə qanqal satdıqlarını deyirlər.
Məlumat üçün bildirək ki, ala qanqal toxumu güclü antioksidantdır, qaraciyəri zərərli maddələrdən qoruyur, hüceyrənin yenilənməsinə kömək edir.
“Yeni Müsavat”ın
Reportyor Qrupu