İnsanlara hürriyət, millətlərə istiqlal!

Elman Məmmədov: “Torpaqlarımız işğaldan tam azad olunacaq, biz o yerlərə qayıdacağıq”

802 01.03.2023 13:55 Media A A

“Xocalıya qayıdacağımız ümidi ilə yaşamışıq”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Humanitar Yardım Bürosunun Regional Humanitar məsləhətçisi Duqlas Merkado ilə görüşüb.

Görüş zamanı qeyd olunub ki, 2020-ci ildə Ermənistanın işğalına son qoyulması və ərazilərimizin işğaldan azad edilməsindən sonra qaçqın və məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına şərait yaranıb. Məcburi köçkünlər arasında aparılan sorğular zamanı onların böyük əksəriyyətinin qayıtmaq istədiyi bildirilib.

R.Rzayev onu da qeyd edib ki, işğal dövründə Azərbaycan ərazilərində hərbi təyinatı olmayan torpaqların belə minalanması və Ermənistanın mina xəritələrini təqdim etməməsi Böyük Qayıdış prosesini ləngidir.

“Qarabağ və Şərqi Zəngəzurun ən abad guşələrdən birinə çevrilməsi və məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün dövlət tərəfindən irimiqyaslı layihələr həyata keçirilir. "Ağıllı şəhər", “Ağıllı kənd” konsepsiyası əsasında, müasir standartlara cavab verən yeni yaşayış sahələri salınır. Zəngilan rayonunun Ağalı kəndində salınmış “ağıllı kənd”ə bu günədək 66 ailə köçürülüb, yaxın günlərdə isə növbəti ailələrin köçürülməsi həyata keçiriləcək", - deyə Rzayev məlumat verib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Humanitar Yardım Bürosunun Regional Humanitar məsləhətçisi Duqlas Merkado səmimi qəbula görə təşəkkür edib. Azərbaycan dövlətinin məcburi köçkünlərin qayıdışı ilə bağlı həyata keçirdiyi işlərin təqdirəlayiq olduğunu qeyd edib. Qonaq Doğma yurduna qayıtmağa hazırlaşan insanların mina təhlükəsi ilə üzləşməsini böyük faciə adlandırıb, bu təhlükənin aradan qaldırılmasına beynəlxalq təşkilatların dəstək verməsinin vacibliyini bildirib.

Xocalıdan olan məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Düz 31 il öncə böyük bir soyqırım yaşayan bu rayonun sakinlərinin tezliklə Xocalının tamamilə azad olunacaqlarına inamları tamdır.

Ermənistan hansı xəritələrə istinad edə bilər? - Elman Məmmədov: “Masaya  gələndə məlum olacaq ki...” Yeni Sabah

 Elman Məmmədov

Bu barədə “Yeni Müsavat”a Xocalıdan olan deputat Elman Məmmədov məlumat verdi: “Ümidimiz heç zaman üzülməyib. Həmişə Xocalıya qayıdacağımız ümidi ilə yaşamışıq. Torpaqlarımız tam şəkildə işğaldan azad olunacaq, biz o yerlərə qayıdacağıq. Buna inamımız böyükdür. 44 günlük Vətən müharibəmizin başa çatması nəticəsində demək olar ki, işğal altında olan 20%-dən çox ərazimizin əsas hissəsi azad olundu. Təqribi hesablamalarla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi 4.4 min kvadrat kilometr göstərilirdi. Bu gün təxminən 3 min kilometrə qədər ərazimiz erməni işğalı altındadır. Həmin ərazilərdə təəssüflər olsun ki, hələ də separatçılar, terrorçular kök salıblar. Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonları, Xankəndi şəhəri işğal altındadır. Düzdür, bu adını çəkdiyim yerlərin hər birinin ərazisindən müəyyən hissələr azad olunub. Amma əsas hissə işğal altındadır. Bütün məcburi köçkünlərimiz belə hesab edirlər ki, çox yaxın vaxtlarda düşmənləri ərazilərimizdən tamamilə təmizləyəcəyik. Çünki Ermənistan bütün Qarabağ ərazisində olmasa da, bir sıra yerlərində heç bir hüquqa, qanuna sığmayan mövcudluğunu davam etdirməyə cəhdlər edir, bütün "strukturları" ilə. Bu da təbii ki, qəbul oluna bilməz. Heç bir dövlət bunu qəbul etməz və buna dözməz, o cümlədən Azərbaycan da. Cənab prezidentimiz bütün beynəlxalq görüşlərində, eyni zamanda ölkədaxili çıxışlarında bu məsələyə toxunur və fikirlərini bildirir. Separatçılar, işğalçılar, cinayətkarlar məhv edilməli və ərazilərimizdən çıxarılmalıdır. Biz xocalılar, o cümlədən xankəndililər, ağdərəlilər, xocavəndlilər öz torpaqlarımıza qayıdacağıq. İnşallah, həmin gün çox da uzaqda deyil. Səbirsizliklə o günü gözləyirik. Hamımız o ümidlə yaşayırıq. Azərbaycanın qayıdışla bağlı həm hüquqi, həm də siyasi tərəfdən tam şəkildə səlahiyyət haqqı var. Ərazilərimizi düşməndən təmizləmək üçün hərbi gücümüz var. Buna görə də, tam ümidliyik ki, necə ki, Şuşamızı, Laçınımızı və digər yerləri azad etdik, eləcə də, Xocalı, Xocavənd, Ağdərə və Xankəndini azad edəcəyik. Burada maneələr həddindən artıq çoxdur. Maneə dedikdə bu gün qarşımızda gücsüz və aciz qalan erməniləri ön plana çıxarmıram, onlar arxa plandadır. Əsas maneə beynəlxalq qurumlardan və Fransa, İran kimi dövlətlərdən gəlir. Şimal qonşumuzun da burada günahı az deyil. Tarixi ərazilərimizin işğal edilib ermənilərə verilməsində, ermənilərin tarixi dədə-baba yurdlarımıza yerləşdirilməsində elə əsas rolu Rusiya tarix boyu rol oynayıb. Çar Rusiyası, Sovetlər İttifaqı, indiki Rusiya daim bizə qarşı erməniləri müdafiə edib. Çox təəssüflər olsun ki, bizə qarşı belə qüvvələr mövcuddur. Bütün bunlara baxmayaraq, Azərbaycan özünün siyasi iradəsini ortaya qoyub. Bu iradə də qətiyyət görünür. Onun üçün bütün ərazilərimizin tezliklə azad olunacağına inanımımız tamdır".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq  "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda hazırlanıb.

HAZIRLADI: Cavanşir ABBASLI

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR