İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev Makronun gizli ssenarisini necə pozub: Fransanın qorxunc "erməni planı" barədə yeni SENSASİON DETALLAR

6109 30.03.2024 19:10 Analitika A A

Fransa prezidenti Emmanuel Makron erməni separatçı-terrorçulara dəstək üçün "humanitar karvana" rəhbərlik və Laçına səfər edəcəkmiş, rəsmi Paris bu təxribatın ardınca Azərbaycana qarşı hərbi-mülki əməliyyatın planını da hazırlayıbmış... Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ iqtisadi regionunda erməni terrorçuların tərksilah edilməsi, "boz zona"nın ləğvi üçün lokal antiterror tədbirlərinə vaxtında qərar verməklə, ölkəmizi necə bir böyük təhlükədən yayındırdığı indi daha dəqiq anlaşılır...

Cənubi Qafqaz nəhəng dövlətlərin qarşıdurma məkanına çevrilib. Ermənistan isə ümumiyyətlə, dünya nəhənglərinin savaş poliqonudur. Əslində, Cənubi Qafqazın nəhəng dövlətlərin qarşıdurma məkanına çevrilməsi də birbaşa Ermənistanın günahıdır. Çünki məhz rəsmi İrəvan bu regionda bütün qarşıduran tərəflərin eyni vaxtda "geopolitik aləti" olmağa razılaşıb. Və nəticədə indi Ermənistan ərazisində Qərblə Rusiya arasında mübarizə ən təhlükəli mərhələyə keçib.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti Cənubi Qafqazda indiki "geopolitik xaosu" yaratmaqda əsas məqsədi dünya nəhənglərinin maraq toqquşmalarından Azərbaycana qarşı istifadə etməkdən ibarətdir. Rəsmi İrəvan bu geopolitik manipulyasiyalar sayəsində Azərbaycana qarşı sərt beynəlxalq təzyiqlərə nail ola biləcəyinə ümid bəsləyir. Və bu istiqamətdə müəyyən "uğurlar" qazanmağa yaxınlaşsa da, son nəticədə həmişə yeni hərbi-siyasi məğlubiyyətlərə məruz qalır.

ABŞ, Avropa Birliyi və Ermənistan arasında aprelin 5-də keçirilməsi planlaşdırılan ortaq konfransı nəzərə aldıqda, rəsmi İrəvanın Qərblə birlikdə Azərbaycana qarşı necə məkrli planlar içərisində olduğunu təsəvvür etmək qətiyyən çətin deyil. Ən azından ona görə ki, Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini iddia edən ABŞ və Avropa Birliyi ortaq konfrans çərçivəsində Ermənistanla "təhlükəsizlik təminatı barədə pakt" imzalamaq niyyətindədir. Bu, əslində, o deməkdir ki, həm ABŞ, həm də Avropa Birliyi regional sülh prosesinə münasibətdə tərəfsiz deyil. Yəni, ABŞ və Qərb Azərbaycana qarşı Ermənistanla eyni "səngər"də yer alır.

bdc8a33a9e5e5d4d52412ab666a4046f.jpg (73 KB)

Əslində, Qərb siyasi dairələrinin belə birmənalı ermənipərəst mövqe tutmaları qətiyyən ilk dəfə baş verən hadisə deyil. Çünki bu reallıq son 30 ildə həmişə dəyişməz olaraq, mövcud olub. Sadəcə, son vaxtlar daha açıq müstəviyə çıxıb. Hətta Qərbdə bəzi siyasi dairələr Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən narahat olduqlarını və bu reallıqla barışmaq istəmədiklərini də qətiyyən gizlətmirlər. Və Azərbaycana qarşı həm Ermənistanla, həm də erməni diasporu ilə bağlı məkrli planlar qurub, reallaşdırmağa çalışırlar.

Buna birbaşa örnək olaraq, Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın Qarabağ iqtisadi regionu ilə bağlı qurduğu ssenariləri göstərmək olar. Prezident Emmanuel Makronun Azərbaycan əleyhinə məkrli planlarından birini məhz Fransanın nüfuzlu Le Fiqaro nəşri ifşa edib. Fransa nəşrinin iddiasına görə, səhnə arxası detallarını açdığı proses məhz Azərbaycanın Qarabağda erməni separatçı-terrorçulara qarşı lokal antiterror tədbirlərindən cəmisi bir neçə gün əvvəl baş verib. Və "Le Fiqaro" Yelisey sarayının "Qarabağ planı"nın iflasına görə məhz prezident Emmanuel Makronu suçlayır.

"Le Fiqaro" nəşri iddiasına görə, Makron hökuməti erməni diasporuna Qarabağın Ermənistanın nəzarətinə keçəcəyini vəd edibmiş. Belə ki, hələ ötən ilin yanvarında bir qrup ermənipərəst jurnalistlər və ictimai fəallar erməni mənşəli keçmiş futbolçu Yuri Corkaef və fransız yazıçı Silven Tessonun liderliyi altında Yelisey sarayında prezident Emmanuel Makronla görüşüblər.

Həmin görüşdə Fransanın Azərbaycanın Qarabağ iqtisadi regionuna birbaşa müdaxilə variantları müzakirə edilib. Erməni diasporunun bu məsələ ilə bağlı hədəfləri və xahişləri prezident Emmanuel Makronun diqqətinə çatdırılıb. Fransa prezidentindən rəsmi Parisin daha sərt və sürətli davranmasının vacibliyi vurğulanıb. Və Fransa prezidenti bu məsələni uyğun dövlət strukturlarının təmsilçiləri ilə müzakirə edib, lazımi qərarlar qəbul edəcəyi ilə bağlı vəd verib.

Maraqlıdır ki, bu görüşdən sonra müzakirələrə başlayan prezident Emmanuel Makronun diplomat-məsləhətçiləri konkret plan hazırlayıblar. Həmin plana görə, Fransa prezidenti Azərbaycanın Laçın rayonuna səfər etməliydi və orada beynəlxalq ictimaiyyətə konkret mesajlar verməliydi. Bu ideyanın müəllifləri vaxtilə prezident Fransua Mitteranın Sarayevoya etdiyi bənzər səfəri arqument olaraq qabardıblar. Bu planın tərkib hissəsi kimi, Qarabağda yaşayan ermənilərə "humanitar yardım" üçün beynəlxalq konfransın, eləcə də, Fransanın bölgədə hərbi-mülki əməliyyatının keçirilməsi də nəzərdə tutulmuş.

d6facbed6a7db2d47c88eae6520e14c9.jpg (137 KB)

Bütün bu məkrli ssenarilərin ideoloqları sırasında yer alan fransız yazıçı Silven Tesson prezident Emmanuel Makronun bu mövzuda geniş məlumatlara malik olmasından təsirləndiyini də etiraf edib: "Prezident Emmanuel Makron Azərbaycanın planları barədə məlumatlı idi. Ona görə də, o, mövcud situasiya ilə bağlı bizdən daha pessimist əhval-ruhiyyədə görünürdü. Böyük ehtimalla həmin ərəfədə Fransa prezidenti Azərbaycanın hərbi əməliyyat keçirəcəyini də təxmin edirdi. Fransa prezidenti bizə eyham vurdu ki, bu məsələ artıq Ermənistanın hüdudlarından kənara çıxıb və tezliklə böyük geopolitik təlatümlər gözlənilir".

Ancaq "Le Fiqaro" nəşri onu da qeyd edib ki, Yelisey sarayında hazırlanan bütün planlar pozulub, Azərbaycana qarşı qurulan hiyləgər ssenarilər baş tutmayıb. Belə ki, "humanitar yardım" konfransı heç bir səbəb göstərilmədən ləğv edilib. Ehtimallara görə, buna "iştirakçılar" arasında konsensusun alınmaması səbəb olub. Xüsusilə də, ABŞ-ın prosesə qatılmaqdan imtinasının rəsmi Parisin "erməni layihəsi"nin pozulmasına yol açdığı da istisna edilmir.

Bütün bunlardan narahat olan erməni diasporu dərhal prosesə müdaxilə etməyə çalışıb. Fransada fəaliyyət göstərən erməni diasporunun lideri Frank Papazyan prezident Emmanuel Makronla görüşərək, onu Azərbaycanın Qarabağ iqtisadi regionuna göndəriləcək "humanitar karvana" rəhbərlik etməyə çağırıb. Bu ideya Fransa prezidentinin xoşuna gəlib. Ancaq bu məsələdə də başqa Avropa tərəfdaşları tapa bilməyən prezident Emmanuel Makronun təkbaşına "humanitar karvana" rəhbərliyə cəsarəti çatmayıb. Böyük ehtimalla Fransa prezidenti rəsmi Bakının sərt reaksiyasını nəzərə alaraq, bütün dünyada rəzil ola biləcəyindən qorxub.

"Le Fiqaro" Fransanın Azərbaycanla qarşıdurmada tək qalmasının səbəblərini anlamaqda da çətinlik çəkir. Nəşr rəsmi Parisin ardıcıl uğursuzluğunu Ukraynaya dəstək verən 27 Avropa ölkəsinin Azərbaycanla olan enerji təhlükəsizliyi sahəsi üzrə önəmli müqaviləyə məğlub düşməsi ilə izah etməyə çalışır. Buna misal olaraq, Azərbaycana qarşı sanksiya tələb edən heç bir qətnamənin Avropa Birliyində konsensus olmadığı üçün səsverməyə çıxarılmadığını göstərir.

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)

Korrupsiyaya qurşanmış Avropa Parlamentinin fransız təmsilçisi Natali Luazo bildirib ki, Fransa bütün imkanları çərçivəsində Azərbaycana qarşı mübarizə aparmağa çalışsa da, digər Avropa ölkələri enerji resurslarına olan ehtiyacları ucbatından həlledici addıma hazır deyil: "Xüsusilə də, İtaliya və Macarıstan kimi ölkələr Azərbaycanla münasibətlərin korlanmasında maraqlı görünmürlər. Almaniyanın siyasi rəhbərliyi isə Şarl Mişel kimi, hesab edir ki, bütün problemləri Azərbaycan və Ermənistan arasında vasitəçilik metodu ilə həll etmək mümkündür. Ancaq bu, indiki halda, əslində, Azərbaycanın dəstəklənməsi, rəsmi Bakının yanında dayanılması deməkdir".

Nəhayət, "Le Fiqaro"nun iddiasına görə, Azərbaycana qarşı mübarizədə yalqızlıqdan əziyyət çəkən və məyus olan prezident Emmanuel Makron öz məkrli planlarına Vatikanı da bulaşdırmağa cəhd göstərib. Belə ki, Fransa prezidenti bütün bu ermənipərəst oyunların əsas ideoloqlarından biri olan fransız yazıçı Silven Tessonu Roma Papası ilə görüşə dəvət edib. Fransa prezidenti fransız yazıçıya Roma Papasına Ermənistan barədə yönəldici sual ünvanlamağı tapşırıb. Ancaq fransız yazıçı "Le Fiqaro"ya etiraf edib ki, katoliklərin lideri və Vatikanın xarici işlər naziri "ermənilərin taleyi" barədə onun verdiyi suala tam laqeyd yanaşıblar və hətta bundan qıcıqlandıqlarını gizlətməyə belə, ehtiyac duymayıblar.

"Le Fiqaro"nun Fransa prezidenti Emmanuel Makronu ittiham etmək məqsədilə ifşa etdiyi bu ssenarilər Azərbaycana qarşı ermənipərəst beynəlxalq siyasi dairələrin necə məkrli və hiyləgər planlar qurduğunu təsəvvür etməyə imkan verir. Belə anlaşılır ki, rəsmi Bakı, xüsusilə də, Prezident İlham Əliyev Azərbaycanı bütün bu məkrli planlardan qorumaq üçün böyük əzmkarlıq nümayiş etdirmək məcburiyyətində qalmaqdadır. Fransanın hiyləgər ermənipərəst ssenarilərinin iflasa uğradılması rəsmi Bakının tarixi siyasi-diplomatik zəfəridir.

Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ iqtisadi regionunda erməni separatçı-terrorçularının tərksilah edilməsi, hərbi cinayətkarların sığındığı "boz zona"nın ləğv olunması üçün lokal antiterror tədbirlərinə vaxtında qərar verməsi ilə ölkəmizin necə bir böyük təhlükədən xilas olduğu indi daha dəqiq anlaşılır. Və bütün bu baş verənlər, Azərbaycanın Fransa tərəfindən qurulmuş hiyləgər oyunlardan yayındırılması Prezident İlham Əliyevin, özünü Avropa Birliyinin lideri hesab edən Emmanuel Makron üzərində siyasi-diplomatik qələbəsidir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR