İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Məsimli: “Kiçik və orta sahibkarlığın vəziyyəti yaxşı deyil”

2920 09.06.2018 08:30 Müsahibə A A

“Qeyri-neft sektorunda kiçik və orta sahibkarlığın payı 10 faizin altındadır”

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın qarşısında duran vacib məsələlərdən biridir. Uzun müddətdir dövlət müxtəlif yollarla bu sektorun inkişafına dəstək verməyə çalışır. Lakin hələ ki Azərbaycanda kiçik və orta həcmli sahibkarlığın inkişafına nail olunduğunu söyləmək mümkün deyil. Bu sahədə ölkənin üzləşdiyi hansı çətinliklər var? Dünya təcrübəsindən nələri əxz etməliyik ki, kiçik və orta sahibkarlığın inkişafına nail ola bilək?

Bu və digər suallarımıza iqtisadçı-alim, Milli Məclisin üzvü Əli Məsimlidən cavab almağa çalışdıq. Millət vəkili ilə müsahibəni diqqətinizə təqdim edirik:

- Əli bəy, Azərbaycanda kiçik və orta sahibkarlığın vəziyyəti sizi qane edirmi?

- Azərbaycanın neft amilinin dominant rol oynadığı iqtisadi modeldən yeni inkişaf modelinə keçməsi ilə əlaqəli qeyri-neft sektorunu sürətlə inkişaf etdirmək, rəqabət qabiliyyətli, şaxələndirilmiş və yüksək iqtisadi artımı təmin edən dayanıqlı milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq dövlətin iqtisadi siyasətinin başlıca hədəfinə çevrilib. Beynəlxalq təcrübədən məlumdur ki, həmin hədəflərə nail olunmasında kiçik və orta sahibkarlığın hərtərəfli inkişafı həlledici rol oynayır. Çünki kiçik və orta sahibkarlığın yüksək səviyyədə inkişafına nail olan ölkələrdə ÜDM-in yarıdan çoxu bu sahənin payına düşür.

Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin kəmiyyət göstəriciləri yaxşılaşsa da, hələlik iqtisadi inşkişafa töfhəsi aşağı səviyyədədir. Yeni iş yerlərinin açılması, qabaqcıl texnika və texnologiyanın istehsala tətbiqi və sair bu kimi mühüm göstəricilərə görə də kiçik və orta sahibkarlıq subyektlərinin payı ölkəmizdə sosial-iqtisadi tərəqqiyə təkan verə bilən səviyyəyə çatmayıb. Ölkəmizdə ÜDM-də özəl sektorun payı 83 faizdir. Bu baxımdan təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda sahibkarlıq subyektlərinin ümumi sayında kiçik və orta sahibkarlığın payı 97,8 faiz təşkil etsə də, onların ÜDM-də payı 6,4 faiz (kiçik sahibkarlıq- 5,2 faiz, orta sahibkarlıq -1,2 faiz) təşkil edir. Orada çalışanların orta aylıq maaşı 300 manat ətrafındadır, əksəriyyət isə 200-250 manat arasında gəlir əldə edir. Bu cür aşağı göstəricilər şəraitində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın vəziyyətini qənaətbəxş hesab etmək olmaz.

- Bu sahədə həyata keçirilən dövlət tədbirlərini yetərli saymaq olarmı?

- Beynəlxalq təcrübədən məlumdur ki, hər bir ölkədə səmərəli fəaliyyət göstərə bilən sahibkarlıq institutunun formalaşması və inkişafı xeyli dərəcədə dövlət-hakimiyyət orqanları tərəfindən müəyyənləşdirilən siyasətdən və ona uyğun yaradılan iqtisadi, hüquqi, siyasi və sair şəraitin əlverişlilik dərəcəsindən asılıdır. Azərbaycanda bazar münasibətlərinə keçid prosesində sahibkarlığın inkişafı istiqamətində xeyli iş görülüb. Sahibkarlığın inkişafına dair proqramlar hazırlanıb həyata keçirilib, yetərincə geniş normativ-hüquqi baza yaradılıb. İstər özəlləşdirmə, istərsə də bilavasitə sahibkarlıq subyektlərinin yaradılması, eləcə də sahibkarlığın inkişafı üçün çox zəruri olan infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlər görülüb. Ölkədə orta səviyyəyə cavab verən bazar institutları formalaşıb; valyuta, kredit, qiymətli kağızlar, sığorta, lizinq bazarlarının yaradılması istiqamətində zəruri işlər görülüb. Texnoparklar, sənaye parkları, sənaye məhəllələri, aqroparklar və sair yaradılır. İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu formalaşdırılıb. Lisenziyaların sayının azaldılması, sənədləşmənin "ASAN Xidmət"ə verilməsi də sahibkarlığın inkişafı üçün olduqca faydalıdır.Yoxlamalarla bağlı qəbul edilən qərarlar nəticəsində qısa zaman kəsiyində onların sayı min dəfədən(!) çox azalıb. Ölkədə 165 mindən artıq kiçik sahibkarlıq subyekti, o cümlədən 18 minə yaxın kiçik müəssisə fəaliyyət göstərir. Göründüyü kimi, Azərbaycanda sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı istiqamətində xeyli iş görülüb. Bununla belə, hələlik ölkədə istehsal olunan məhsulun ümumi həcmində, açılan yeni iş yerlərində, eləcə də qabaqcıl texnika və texnologiyanın istehsala tətbiqi sahəsində kiçik biznesin xüsusi çəkisi və sair bu cür mühüm göstəricilər üzrə kiçik və orta sahibkarlığın payı sosial-iqtisadi tərəqqiyə güclü təkan vermək səviyyəsinə çatmayıb. Həmin subyektlərin əksəriyyətinin faydalı iş əmsalı hələ çox aşağı olduğundan, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatındakı yeri və rolu, eləcə də ölkə iqtisadiyyatına töhfəsi və effektiv təsir dərəcəsi də aşağı səviyyədədir.

Burda əsas problem kiçik və orta sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən dövlət tədbirlərinin olub-olmamasında deyil. Bu sahədə kifayət qədər qərarlar qəbul edilib. Çox vaxt əsas problem kimi neft sektorunun genişmiqyaslı inkişafının qeyri-neft sektorunun, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına mane olması götürülür. Çünki Azərbaycanda istehsal olunan məhsulda neft şirkətlərinin payı yüksəkdir. Bu da təbii olaraq kiçik və orta sahibkarlığın inkişafına müəyyən dərəcədə təsir edir. Son illər iqtisadiyyatın neftdən asılılığı azalmağa doğru gedir. Ötən ilin rəsmi statistikasında ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 63 faizə yaxın göstərilib. Qeyri-neft sektorunun inkişafı isə daha çox kiçik və orta sahibkarlığın inkişafından keçir. Amma Azərbaycanda qeyri-neft sektorunda kiçik və orta sahibkarlığın payı 10 faizin altındadır (kiçik sahibkarlıq- 8,1 faiz,orta sahibkarlıq -1,8 faiz). Deməli, həmin yanaşmada həqiqət payı olsa da, ölkəmizdə kiçik və orta sahibkarlığın zəif inkişafını təkcə neft amili ilə bağlamaq yarımçq yanaşma olardı...

- Neftli ölkələrdə kiçik və orta sahibkarlığın iqtisadiyyatda payı necədir?

- Beynəlxalq təcrübə göstərir ki, bizdən qat-qat çox neft hasil edən ölkələrin xeyli hissəsində kiçik və orta sahibkarlığın ÜDM-də və məşğulluqda payı kifayət qədər yüksəkdir. Neft-qazla zəngin ərəb ölkələrindən Səudiyyə Ərəbistanının ÜDM-nin 25 faizini, Əlcəzairdə 77 faizini, Birləşmiş Ərəb Əmirliklərində 75 faizini kiçik və orta müəssisələr istehsal edir. Küveytdə iş yerlərinin 90 faizi kiçik və orta müəssisələrin payına düşür. Deməli, neft amilinin dominant rolunun təsiri şəksiz olsa da, əsas problem neft amilində yox, qeyri-neft sektorunda neft gəlirlərindən istifadənin rasionallıq və səmərəlilik dərəcəsinin, kiçik və orta sahibkarlığın inkişafına dair qəbul edilən qərarların icra keyfiyyətinin aşağı səviyyədə olması, monopoliyanın dağıdıcı təsiri, maliyyə imkanlarının çox aşağı səviyyədə olması və sair bu kimi amillərlə bağlıdır. Sosioloji sorğuların nəticələri göstərir ki, Azərbaycanda 5-10-15 il bundan əvvəl sahibkarlığın inkişafına mane olan amillərin xeyli hissəsi (inhisarçılıq, məmur özbaşınalıqları, korrupsiya, azad rəqabət mühitinin olmaması, kredit resurslarına çıxışın məhdudluğu,vergi yükünün ağır olması və sair) bu günə qədər hələ də qalmaqdadır. Ötən il Azərbaycan iqtisadiyyatına yönəldilmiş 17 milyard manata yaxın sərmayənin cəmi 3 faizi əksəriyyəti kiçik və orta təsərrüfatlardan ibarət olan kənd təsərrüfatına sərf olunub. Sənayeyə yönəldilən 10 milyard manatlıq sərmayənin 8,4 milyard manatı və ya 84 faizi neft-qaz, cəmi 640 milyon manatı və ya 6,4 faizi isə emal sənayesinə yönəldilib. Kredit qoyuluşları sahəsində də kiçik sahibkarlığa münasibətin mənzərəsi təqribən eynidir. Ona görə də on minlərlə ailənin gəlir mənbəyi olan kiçik və orta sahibkarlıq subyektlərinin inkişafının sürətləndirilməsi, fəaliyyətinin səmərəliliyinin və gəlirlilyinin artırılması üçün əlavə tədbirlərin görülməsinə böyük ehtiyac var.

- Kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışını təmin etmək üçün hansı tədbirlərin görülməsi zəruridir?

- Azərbaycanda kiçik və orta sahibkarların maliyyələşdirilməsi üçün müəyyən işlər görülür. Sahibkarlığa Kömək Milli Fondu indiyədək 34 600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verib. Kreditlərin 75 faizi regionların, 25 faizi isə Bakı və qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 90 faizini kiçik həcmli kreditlər təşkil edir. Sahibkarlığa Kömək Milli Fondu, ABAD (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs və “Azər-TürkBank” ASC arasında birgə əməkdaşlıq başlayıb. ABAD-çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsini təmin edəcək “Azər-TürkBank” ASC həmin kreditlərin illik faiz dərəcəsi 4 faizdən artıq olmamaqla sahibkarlara çatdırılmasında müvəkkil bank rolunu oynayacaq. Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, Azərbaycan İnvestisiya Şirkəti və sair bu kimi qurumlar vasitəsilə də verilir. Bank kreditlərindən də istifadə edilir. Lakin dövlət xətti ilə verilən kreditlər sahibkarların kreditə olan tələbatın çox az bir hissəsini əhatə edir. Bank kreditlərinin isə faiz dərəcələri yüksək, şərtləri ağır olduğundan, bütün sahibkarlar üçün əlçatan deyil.

Verilən bank kreditlərinin çoxu Bakı şəhərinin payına düşür. Regionlarda yaşayan sahibkarların kredit resurslarına çıxışı məhdud olduğundan, regionlar daha çox dövlət xətti ilə verilən kreditlərlə kifayətlənməli olurlar. Bu isə yetərli deyil. Ona görə də kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışını təmin etmək üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var. Bu yöndə həlli vacib olan məsələrdən biri dövlətin iştirakı ilə Aqrar-Sənaye Bankı və İnnovasiyalı İnkişaf Bankı kimi iki ixtisaslaşmış bankın yaradılmasını zəruri hesab edirik.

- Kredit məsələsində əsas çətinliklərdən biri girov təminatı tələbi ilə bağlıdır. Sizcə, bu problemi necə həll etmək mümkündür?

(davamı gələn sayımızda)

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR