İnsanlara hürriyət, millətlərə istiqlal!

Ələsgər Süleymanov: “Bu növ güzəştlərin tətbiqi jurnalistlərin sosial rifahını yaxşılaşdıracaq”

898 14.01.2023 11:56 Media A A

Qəzetlərə vergi güzəştləri - Niyə məhz 3 illiyə?

Media subyektlərinə 3 il müddətinə vergi tətilinin tətbiqini nəzərdə tutan Qanun layihəsi müvafiq orqanlarla tam razılaşdırılıb. Bu barədə srağagün Medianın İnkişafı Agentliyinin (MEDİA) 2022-ci ilin yekunlarına dair hesabat konfransında agentliyin sədri Əhməd İsmayılov deyib.

O qeyd edib ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi tədbirləri çərçivəsində mediaya dəstək layihələri tam yeni qaydalar əsasında həyata keçirilməkdədir: “Milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilib. Region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanmaqdadır. Bu müddətdə Azərbaycan milli rəqəmsal media təhlili platforması ”Metrix" istifadəyə verilib. Həmçinin, çap mediasının inkişafı və rəqəmsal transformasiyasının dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb, aidiyyəti üzrə təqdim edilib".

Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edildi

Əhməd İsmayılov

Onun sözlərinə görə, KİV-in (audivizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergidən azad edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb. Qeyd edib ki, qanun layihəsinə əsasən, KİV gəlir vergisindən, fəaliyyətindən əldə etdikləri mənfəətdən, reklamdan, habelə bununla bağlı yardımdan tutulan vergidən azad olunacaq. Bundan əlavə, onların istehsal etdiyi media məhsulları əlavə dəyər vergisindən azad ediləcək.

Əhməd İsmayılov onu da bildirib ki, qanun layihəsi rəsmi orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılır.

Ağdam kimi Adam: Ələsgər Süleymanov 50 yaşına vardı – VİDEO – Medianews

 Ələsgər Süleymanov 

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov bildirdi ki, MEDİA yarandığı gündən media subyektlərinin rəhbərləri, tanınmış media nümayəndələri ilə bu və bir çox digər önəmli məsələlər müzakirə olunub, təkliflər verilib. Baş direktor xatırlatdı ki, media subyektlərinə vergi tətilinin verilməsi ilk gündən gündəmdə olan məsələlərdən biri olub: “Müzakirə olunan məsələlər arasında gəlir vergisinə güzəşt edilməsi, əlavə dəyər vergisinin (ƏDV) ləğv olunması var idi. Təkliflərdən biri də Media Reyestrində qeydiyyatdan keçən media qurumlarının, eləcə də jurnalistlərin sosial ödənişlərinin bir müddət dövlət hesabına ödənilməsi idi. Media orqanları öz əməkdaşlarına tələbata uyğun-nisbətən yüksək əmək haqqı verə bilmir. Çünki əmək haqqı nə qədər artıq olarsa, müvafiq olaraq sosial ödənişlərin həcmi də artır. Media orqanları indiki maddi durumları ilə bunu ödəmək iqtidarında deyil. 5 yaxud 10 illik tətil tətbiq olunarsa, əməkdaşlar da Azərbaycan reallığına uyğun əmək haqqı ala bilərlər.

Ümumiyyətlə, vergi yaxud digər növ güzəştlərin tətbiqi əmək haqlarının artırılmasına səbəb olacaq ki, nəticədə jurnalistlərin sosial rifahı yaxşılaşacaq. Bu həm də kredit götürərkən daha az çətinlik yaşamağa rəvac verəcək. Eyni zamanda, sosial ipoteka üçün müraciət imkanı yaranacaq. Digər tərəfdən, bu addım gələcəkdə jurnalistlərin pensiya təminatı üçün çox önəmlidir. Minimum əmək haqqından tutulan vəsaitlə hesablanacaq təqaüd o qədər də qənaətbəxş olmayacaq ki, bu da gələcəkdə böyük ziyalı ordusunun yoxsulluq şəraitində yaşamasına səbəb olacaq. Bu baxımdan sosial güzəştlərin tətbiqi bu gün media sahəsində çalışan şəxslərin gələcəkdə normal təqaüd alması üçün zəmin yaradır".

Baş direktorumuz indiyədək tətbiq olunan güzəştlərdən danışarkən qəzet kağızının ƏDV-dən azad edilməsi və bunun çap mediası üçün yaratdığı imkanlara da diqqət çəkdi: “Məlumdur ki, MEDİA-nın təşəbbüsü ilə Azərbaycanda kütləvi informasiya məhsulları, kitablar və dərslik komponentləri, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı 18 faizlik əlavə dəyər vergisindən (ƏDV) azad edilib ki, bu da qəzet kağızının qiymətinin nisbətən aşağı düşməsinə səbəb olub. Agentliyin bu uğuru çap mediasına maddi baxımdan müəyyən dəstək oldu. Sosial ödənişlərlə bağlı media orqanlarına tətbiq ediləcək tətil Azərbaycan dövlətinin media üçün atacağı ən zəruri addımlardan biri, hətta ən önəmlisi ola bilər”.

Nigar HƏSƏNLİ,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR