İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçibəyin 80 illiyinə min səhifəlik kitab hazırlanır

1194 15.05.2018 08:45 Ölkə A A

Əvəz Zeynallı: “Yaxın günlərdə bütün məsələlərlə bağlı ictimaiyyətə məlumat verəcəyik”

Azərbaycan Milli Azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının 2-ci prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyinə hazırlıq işləri davam edir.

 Bu barədə “Yeni Müsavat”a “Əbülfəz Elçibəy-80" İctimai Təşkilat Komitəsinin üzvü, jurnalist Əvəz Zeynallı məlumat verib. Ə. Zeynallı bildirib ki, bu gün Əbülfəz Elçibəylə bağlı yazılan kitabı mətbəəyə göndəriblər:

“Elçibəyin 80 illiyinə min səhifədən ibarət kitab hazırlayırıq. Bu kitabda onun əsərlərinin hamısı yer alacaq. Qısa vaxt sonra komitənin də iclası olacaq. Hakimiyyətə də müraciət edib, yubileyin keçirilməsi üçün yer istəmişik. Tədbiri Heydər Əliyev Sarayında keçirməyi düşünürük. İndi görək ki, hökumətin özünün bir təklifi olacaqmı. Yəqin ki, artıq bir-iki gün ərzində bu məsələ ilə bağlı da dəqiq məlumat əldə edəcəyik ki, hakimiyyət yer verir, yoxsa yox.

 Bundan əlavə, sabah yazı müsabiqəsinin də elanının verilməsi gözlənilir. Həmçinin müəyyən tədbirlər də həyata keçirəcəyik. Döş nişanlarının, köynəklərin sifarişi ilə məşğuluq. Yəni bu istiqamət üzrə hazırlıqlarımız davam edir. Yaxın günlərdə bütün məsələlərlə bağlı ictimaiyyətə məlumat verəcəyik. Təşkilat komitəsinə gəlincə isə deyim ki, əslində komitənin üzvlərinin sayı çoxdur. Sadəcə olaraq, toplantıya qatılanlar və qatılmayanlar oldu. Hər halda, növbəti toplantıda daha çox üzvün qatılacağını gözləyirik".

Ə. Zeynallı bildirib ki, məsələ ilə bağlı Əbülfəz Elçibəyin ailəsinin də iznini alıblar:

“Ailəsinin həm fikirlərini, həm də razılığını almışıq. Ötən iclasımızda elə Əbülfəz bəyin oğlu Ərturqut da iştirak edirdi. Yəni biz nə iş görürüksə, onun ailəsinin  razılığı ilə görürük”.

Onu da məlumat üçün qeyd edək ki, bu il fevralın 4-də bir qrup ziyalı və tanınmış ictimai xadim Əbülfəz Elçibəyin 80 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökümət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına müraciət edib. Bu müraciətə cavab olaraq aprelin 21-də Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə əlaqədar geniş toplantı keçirilib. Toplantıda Xalq Hərəkatının iştirakçılarından Sabir Rüstəmxanlı, Ədalət Tahirzadə, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İsgəndər Həmidov, o cümlədən “Günaz Tv”-nin rəhbəri Əhməd Obalı, Zəlimxan Məmmədli, Arzu Səmədbəyli və digər ictimai-siyasi fəallar, Elçibəyin yaxın silahdaşları, partiya və media mənsubları iştirak ediblər.

May ayının 8-də isə “Əbülfəz Elçibəy-80" İctimai Təşkilat Komitəsinin İşçi Qrupunun toplantısı keçirilib. Klassik Xalq Cəbhəsinin qərargahında baş tutan toplantıda İşçi Qrup öz iş planını təsdiq edib və iş planına uyğun olaraq görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR