İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm Həsənov: "Qanunsuz tikililərə görə məmurlar cəzalandırılmalıdır"

1292 25.10.2018 11:40 Ölkə A A

 “Onlar həm hərəkətə, həm də hərəkətsizliyə görə məsuliyyət daşımalıdılar”

Bakı şəhərində qanunsuz tikintilərə qarşı geniş kampaniya başladılıb. Şəhərin hər yerində normativlərə uyğun olmayan tikintilər dayandırılır, yaxud  artıq tikilmiş olan obyektlər sökülür.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2018-ci ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyevin çıxışında bu məsələ xüsusi vurğulanıb. O  qeyd edib ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaq: “Bunu şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə atır. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir  bina belə tikilməməlidir”.

Dövlət başçısının sözlərinə görə, paytaxtda binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir: “Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox”. Prezident bu ilin 9 ayının yekunlarına həsr olunmuş hökumət iclasında da məsələyə diqqət ayırıb. Bildirib ki, Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur: “Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər”.

Göründüyü kimi, dövlət başçısı tikintilərin heç də məmurların xəbəri olmadan aparılmadığını, onların bu prosesdən qanunsuz gəlir əldə etdiklərini dəfələrlə vurğulayıb. Lakin buna baxmayaraq, Bakı şəhərində qanunsuz tikintilərlə bağlı aşkarlanan faktlar üzrə hər hansı məmurun məsuliyyətə cəlb olunduğunu hələ ki görmürük. Bir çox hallarda iş adamlarının, sahibkarın yüz minlərlə manat xərc çəkib inşa etdiyi obyekt bir günün içərisində sökülür, amma buna şərait yaradan, bir çox hallarda isə qanunsuz sənəd verən məmurlar cəzadan kənarda qalırlar.

Hüquqşünas-ekspert Əkrəm Həsənovun dediyinə görə, qanunsuz adı qoyulsa da, o tikililərin meydana gəlməsində məmurların rolu mütləqdir: “Yəni mümkün deyil ki, böyük bir bina yarıya qədər, yaxud tam tikilsin və onunla heç bir əlaqədar dövlət məmuru maraqlanmamış olsun. Burada bir məqama diqqət yetirmək lazımdır. Tikililər var ki, qanunsuz yolla, korrupsiya və rüşvət hesabına da olsa, sənəd alıb. Belə tikililərə görə o sənədləri verən, imzalayan məmurlar birbaşa cavabdehlik daşıyırlar. Bu, qanunsuz hərəkətlərə görə məsuliyyət yaradır və daha ağır cinayət hesab olunur. Elə tikililər də var ki, sənəd alınmadan inşa olunub. Bu zaman əlaqədar məmurların hərəkətsizliyi məsələsi gəlir gündəmə”.

Ə.Həsənov qanuni yollarla istismara qəbul edilməmiş yaşayış binalarının da əslində qanunsuz tikili olduğunu bildirir: “Elə bina var ki, on ildən çoxdur tikilib, insanlar yaşayır. Qaz, su, elektrik təchizatı var. Amma faktiki olaraq istismara qəbul aktı yoxdur, yəni qanunsuz tikili sayılır. Sual olunur ki, dövlət orqanları istismara qəbul olunası vəziyyətdə olmayan binanın tikintisinə necə imkan veriblər? Yaxud istismara qəbul olunmayan binada yaşayışa niyə yol verilir, göz yumulur? Bütün bunlara görə sahibkarla bərabər hərəkət və ya hərəkətsizliyə görə məmurlar da məsuliyyət daşıyır. Əgər bu tikililər sökülürsə və məmurlar cəzalanmırsa, bu prosesin qarşısını almaq mümkün olmayacaq. Yenə də deyirəm, yalnız korrupsiyaya, rüşvət müqabilində saxta sənəd vermək deyil, hərəkətsizlik də məsuliyyət yaradır”.

Hüquqşünas başqa bir məqama da toxunaraq bildirir ki, Bakıda tikilən böyük binaların, obyektlərin sahibləri olaraq bir çox hallarda hansısa məmurların adları hallanır: “Əslində isə reallıq budur ki, Azərbaycanda biznes tikinti biznesini aparmaq üçün hansısa məmurun himayəsindən istifadə etməyə məcburdur. İndiyədək Azərbaycanda korrupsiya institutu yaxşı işləyib: yəni hamı bilirdi ki, hara nə qədər verərsə, işini həll edə bilər. İndi isə bu mexanizm pozulub. Yəni pul verib saxta sənəd alırsan, məmurların susmasına nail olursan,  amma bir müddətdən sonra hamısı qüvvəsini itirir- tikdiyini sökürlər. Bu baxımdan, qanunsuz adlandırılan tikintilərə görə məmurların da cəzalanması vacibdir ki, belə halların sayı ən azı azalsın”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR