İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfətlidən o yana gedəmmirdik, Xankəndidə Araiki tutduq - Şanlı tarix

4365 05.10.2023 16:51 Ölkə A A


Yaşadığımız, şahidi, iştirakçısı olduğumuz hadisələri tam qavramağa məntiqimizin gücü hələ yetmir


Hərdən adam düşünür ki, ilahi, bu röyadırmı? Yuxudayammı, yoxsa gerçəkdir?
Elə böyük tarixi hadisə, elə böyük miqyaslı zəfər, qələbə yaşayırıq ki, bunun fərqinə belə varmağa məntiqimizin gücü yetmir.
Biz haradan hara gəldik, bilirsiniz: Bircə faktla izaha etməyə çalışacam. Cəmi 5 il öncə, 2018-ci ildə əziz dostlarım, jurnalist həmkarlarım Nicat Dağlar, Ceyhun Musaoğlu və Şöhrət Eyvazovla birlikdə Ağdamın Quzanlısında idik. Dedik o zaman işğal altında olan torpaqlarımıza doğru irəliləyək, son nöqtəyə, təmas xəttinədək. Getdik, Əfətlidə dayandıq.

Jurnalist olduğumuza görə, ən son nöqtəyə, axırıncı postumuzadək gedə bildik və artıq oradan o yana mümkün deyildi. Çünki işğalda idi Ağdam. Boylandıq oradan Ağdam şəhərinə doğru. Gözümüz işlədikcə üzü Şuşaya sarı zilləndik...
Şöhrət əlini uzadıb deyirdi ki, bax, sol tərəf uzaqda görünən hissə Şuşa ərazisidir, hava məsafəsi cəmi 30 kilometr olar, düz baxanda Əsgərandır, azca sağ tərəfə əlini uzadıb deyirdi ki, bu hissə Ağdam şəhərinin özüdür....

əfətli.jpg (32 KB)

Amma biz onda görəmmədik - nə Ağdamı, nə Şuşanı. Qəhərlənmişdik dördümüz də.
Dinməzcə, maşına əyləşib geri döndük. Bərdəyə çatanadək heç birimiz dinmədik. Sanki utanırdıq, qürurumuz, vicdanımız ağrıyırdı...

O ərəfədə yağı düşmən Şuşadan, Laçından, Kəlbəcərdən bizə yanmışlıq verirdi...

pashinyan-yalli.jpg (69 KB)
Bu üç yurdun adını təsadüfən qeyd etmədim. Çünki 1994-cü ildən üzü bu yana aparılan sülh danışıqlarında, verilən təkliflərdə söhbət Ağdam, Füzulu, Cəbrayıl, Qubadlı, Zəngilanın qaytarılmasından gedirdi. Şuşa, Laçın, Kəlbəcər haqda ən yaxşı halda ya status məsələsi təklif edilirdi, ya da “buna daha sonra baxacağıq” vədləri ilə müzakirələrə cəlb olunurdu Azərbaycan. Hətta bu yaxınlarda Rusiya prezidenti Putin bu etirafı da etmişdi ki, danışıqlarda keçmiş DQMV, Laçın və Kəlbəcərin Ermənistanın yuridiksiyasına verilməsinə də cəhdlər edilib.

Xüləs, 30 il ərzində vasitəçilər, təklifçilər xalqımızı belə bir əhvala kökləməyə çalışırdı ki, bu 5 rayon qayıtsa da, Şuşa, Laçın, Kəlbəcər, Xankəndi haqda xəyallar qurmayaq.

Hətta belə bir pıçıltılarımız da olurdu ki, barı bu 5 rayon qayıtsın. Sonra görək o biriləri necə edirik.

Bir erməni “yenilməzliyi” də sırımışdılar şüurlarımıza...

Beləcə, cəmisi 5 il, hətta 3 il 1 ay öncə biz ancaq arzularla, xəyallarla yaşayırdıq. Separatçıları Xankəndidə hansı zaman neytrallaşdıra biləcəyimizi isə heç proqnozlaşdıra, xəyal da edəmmirdik.

Və nə baş verdi? İldırım sürətilə oldu hər şey. 2020-ci ilin payızından bu yana – cəmi 3 il ərzində bütün xəyallarımız gerçəkləşdi.
44 günlük Vətən Müharibəsində Şuşaya bayraq sancdıq. Sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərlə bağlı məsələni, ermənilərin reinteqrasiyasını isə dinc yolla, siyasi yolla həll etməyə çalışdıq. Erməni buna razı olmadı və qısacası, biz doğru bildiyimiz yolla getdik: 24 saatlıq antiterror əməliyyatı ilə məsələni kökündən həll etdik. Fantastik işlər deyirik buna. Nahaqdan belə adlanırımırıq. O qədər fantastik görünür ki, günlərdir beynimizə tam çatdıra bilmirik bütün bunların gerçək olduğunu, mahiyyətini. Şok effekti yaşayırıq gerçəkdən.
Təkcə 30 illik işğala son qoymadı Azərbaycan dövləti. Son yaşananlar, bu gün baş verənlər düz 200 illik problemin həllidir!

                                                          ***
Biz indi Əfətlidə tikanlı məftillər arxasında dayanıb qəhərlənmirik.

shohret cebrayil.jpg (968 KB)

Ötən il Şuşada, Cəbrayılda üzümüzdə sevinc ifadəsi ilə şəkil çəkdirmişdik Şöhrətlə, Ceyhunla.

ceyhun cebrayil.jpg (454 KB)

Daha Qarabağda bütün yollar və hər tərəfə açıqdır, Azərbaycanın tam nəzarətindədir: Əfətlidən keçib Ağdama, Əsgərana, Şuşaya, Ağdərəyə, Kəlbəcərə, Laçına gedirik. Bütün Qarabağ artıq terrorçulardan, separatçılardan təmizlənib.

Ən möhtəşəm mənzərə isə budur: Güc strukturlarımız Xankəndidə, Ağdərədə siçan kimi gizlənmiş separatçıların liderlərini, caniləri - Araik Arutyunyanı, Ruben Vardanyanı, Babayanı, İşxanı, Saakyanı və digər caniləri qandallayıb Bakıya gətirir.

araik hebs.jpg (58 KB)

Bu gün Araikin həbsi ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı video çox möhtəşəm sonluqla bitirdi – Araiki kameraya salıb, qapını bağladılar. Bəli, artıq ermənizmin, separatizmin qapısı qıfıllandı!..

Bu möhtəşəm tarixə, Azərbaycanın, onun lideri İlham Əliyevin bu gücünə, qüdrətinə şəxsən şahidlik edən xoşbəxt bəndələrik.

ali_bas_k111111111omutan.jpg (309 KB)
Həm də ona görə xoşbəxt sayılırıq ki, biz də bu proseslərdə əlimizdən gələn nə varsa, onu etməyə çalışırıq.
İçimizdə artıq qürursuzluq yoxdur. Qalib vətəndaş hissindən böyük hiss, böyük duyğu yoxdur!
Bu qalibiyyəti bizə yaşadan Liderimizə və Ordumuza nəinki biz, bütün nəsillər minnətdar olacaq. Vətən azad etməyi, məğlub xalqı qalib xalq etməyi tarixdə çox az lider bacarıb.
Biz qısa zamanda dünyanın barmaqla göstərilən, nümunəvi bir dövləti olacağıq. Regionumuzu belə dəyişəcək Azərbaycanın zəfəri.
Firavanlığımız əbədi olsun!

Elşad MƏMMƏDLİ,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR