İnsanlara hürriyət, millətlərə istiqlal!

Duzlu yeyənlər şəxsiyyətlərini üstün tutanlar, şokolad yeyənlər diqqət mərkəzində olanlardır...

1826 13.12.2023 14:21 Maraqlı A A

Yəqin ki, hamımız ətrafımızdakı insanların hansı yeməkləri daha çox xoşladıqlarını müşahidə etmişik. Kimi duzlu yeməklərə ustünlük verir, kimi şirniyyatları daha çox xoşlayır, kimisi qışın oğlan çağında belə özünü dondurmadan məhrum etmir və s. Biz bu bəyənmələri sadəcə onların yemək zövqü kimi qiymətləndiririk. Amma yaponların tez-tez işlətdikləri belə bir ifadə də var: Yediyini söylə, kim olduğunu deyim.

Bəs mütəxəssislər nə deyir? İnsanın hansı qida məhsuluna daha çox meylli olması onun xarakterindən xəbər verə bilərmi? Bəli, çoxsaylı tədqiqatlar sübut edib ki, insanın xarakterini onun hansı qida məhsuluna daha çox üstünlük verməsi ilə müəyyənləşdirmək mümkündür.

Bu sahədə alimlərin apardıqları tədqiqatların nəticələri maraqlıdır.

DUZ.jpg (50 KB)

Tədqiqat müəlliflərinin qənaətinə görə, duz və duzlu qidalara meylli olanlar öz şəxsiyyətlərini üstün tutanlar, öz talelərini özləri həll edənlər, istənilən məsələdə mütləq qərarlarını həyata keçirmək istəyən insanlardır. Qida rasionlarında duza xüsusi önəm verənlər prinsipiallıqları, özlərinə güvəni və qətiyyətli olmaları ilə fərqlənirlər.

Şokolad həvəskarları adətən həmişə diqqət mərkəzində olanlardır. Onlar ətraf mühitin diqqətindən yayınmaq üçün təkliyə çəkilməyə üstünlük verirlər. Gündəlik rasionlarına şokolad daxil edənlər öz istirahətlərini tənhalıqda keçirməyi xoşlayırlar. Amma bununla yanaşı, onlar səmimi qəbul etdikləri insanlarla ünsiyyətdən imtina etmirlər.

Alimlərin qənaətinə görə, acı və tünd qida məhsullarını sevən insanlar üçün yaşam tərzində ən əsas məsələ səliqə-sahmandır. Belə insanlar həyatda dəqiqliyi, ciddiliyi, hər bir işi vaxtlı-vaxtında görməyi sevirlər. Onlar həm də verdikləri sözə əməl etməkləri ilə fərqlənirlər və vədlərinə sadiq olurlar.

Tədqiqatlar nəticəsində məlum olub ki, konfetə meylli olan insanlar həyat eşqi ilə yaşayırlar. Nikbinlikləri ilə fərqlənən bu insanlar ən ağır hadisələri belə soyuqqanlıqla qarşılaya bilir, kədəri öz həyatlarından uzaqlaşdırmağı bacarırlar və yaxın ətrafdakıları da çətin durumdan çıxarmağa cəhd edirlər.

Həyatda elə insanlar da var ki, onlar həm şirin, həm də duzlu qidalara həvəs göstərirlər. Ekspertlərin fikrincə, belə insanlar çox istedadlı, yaradıcı təxəyyülə malik olan insanlardır və onlar daha çox qapalı qalmağa üstünlük versələr də, diqqət mərkəzindən kənarda qalmırlar.

Süd və ağartı məhsullarını xoşlayan insanlar enerjili olurlar. Bu qida məhsullarına meyl göstərənlərin yumor hissi güclü olur və onlar xeyirxahlıq etməkdən zövq alırlar.

Gündəlik qida rasionumuzda ət və ət məhsullarından daha çox istifadə olunur. Amma bu məhsullara xüsusi meyl göstərənlər də az deyil. Ekspertlərin qənaətinə görə, xörəklərini ətsiz təsəvvür edə bilməyənlər həyatda daha fəal olurlar, liderliyə can atırlar, bəzən isə onların xarakterində aqressivlik, əsəbilik də özünü büruzə verir. Ət məhsullarına üstünlük verənlər güclü xarakterləri ilə fərqlənirlər, onlar bu xarakterlərini ətrafdakılara təqdim etməyi bacarırlar və hamı tərəfindən diqqəti cəlb etməyə çalışırlar.

DONDUR.jpg (82 KB)

Tədqiqatçıların dondurma sevənlərlə bağlı qənaətləri də maraqlıdır. Belə ki, onların qənaətinə görə, fəsillərdən asılı olmayaraq dondurmaya üstünlük verənlər möcüzələrə sadəlövhcəsinə inanırlar. Onlar ən adi hadisələrdən belə sevinməyi bacarırlar.

Turş dadı olan yeməklər isə həssas insanların seçimidir. Bu cür insanlar ən adi hadisələrə belə olduqca həssaslıqla yanaşırlar, istənilən məsələdə ən kiçik detalları belə nəzərdən qaçırmırlar.

BALİQ.jpg (139 KB)

Tədqiqatçıların qənaətinə görə, balıq sevənlərin əksəriyyəti sakit, diqqətli, nəzakətli insanlardır, başqalarına narahatlıq yaratmağı sevmirlər. Onlar adətən dostluqda sədaqətli, iş birliyində etibarlı tərəfdaş olurlar. Bununla yanaşı, balıq məhsullarına üstünlük verən insanlar nizam-intizama, qayda-qanunlara riayət etmələri ilə fərqlənirlər.

Hazırda dünyanın bir çox ölkələrində səhər menyusunda pendirə rast gəlmək olar. Amma elə insanlar da var ki, onlar günorta və axşam yeməklərində də pendirdən istifadə edirlər. Tədqiqatçılar bildiriblər ki, pendirə üstünlük verənlər adətən etibarlı insanlar olurlar, onlar ən mübahisəli məsələləri sakitliklə həll etməyə çalışırlar.

MEYVE.jpg (85 KB)

Qida rasionlarını meyvəsiz təsəvvür etməyənlər haqqında da açıqlamalar maraqlıdır.

Ekspertlər qeyd ediblər ki, meyvə sevənlər ağıllı olmaqla yanaşı, həm də yaradıcılığa meyllidirlər, onlar eyni zamanda dünyanı daha həssaslıqla hiss edirlər, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkmirlər. Tədqiqatçıların qənaətinə görə, meyvə sevənlər adətən vəzifə və karyera yüksəlişinə çox da diqqət yetirmirlər. Nədənsə bu, inandırıcı görünmür. Belə ki, dünyanın ən tanınmış siyasi liderlərinin qida rasionları ilə bağlı kiçik bir araşdırma aparsaq, şahidi olarıq ki, birincilərin menyusunda meyvələr xüsusi yer tutur.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR