İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın başıbəlalı baş nazirləri

2794 24.05.2013 09:53 Gündəm A A
Baş nazir postu bütün dünyada təhlükəli vəzifə hesab olunub. Türkiyənin indi əfsanə kimi qəbul olunan sabiq baş naziri Adnan Menderes bu kürsüsünə görə edam olunub.
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni hüquq-mühafizə orqanları qarşısında cavab verməli olub.
Lakin baş nazir postuna görə tarixə düşənlər də az deyil. Böyük Britaniyanın ən azı iki belə şəxsiyyəti olub - Uinston Çörçil və Marqaret Tetçer. Bu şəxsiyyətlər özlərinin siyasət məktəblərini yaradıblar.
Baş nazir postu qədimdən hamının hədəf seçdiyi nöqtə olub. Hətta Osmanlıda da əsas mübarizə vəziri-əzəm (baş vəzir - baş nazir) kürsüsü uğrunda olub.
Azərbaycanda bu kürsüdə Artur Rasizadə əyləşdikdən sonra sanki baş nazir vəzifəsinin əhəmiyyəti də yoxa çıxdı. Uzun illər vəzifəsini qoruyub saxlaya bilən A.Rasizadənin zəif icraçı imici baş nazir postuna elə kölgə saldı ki, çoxları ölkənin ikinci ən mühüm vəzifəsini, prezident olmayanda onu əvəzləyən bir postu adi JEK müdiri statusunda görməyə başladılar.
Lakin hər şey göründüyü qədər də asan və sadə deyil.
Böyük ehtimalla vurğulamaq olar ki, yaşına və səhhətinə görə artıq idarəçilik keyfiyyətlərinə xələl gələn A.Rasizadənin bu kürsüdə oturmasının bir neçə ay limiti qalıb. Elə bu səbəbdən də hamını bir sual düşündürür: Artur Rasizadəni baş nazir postunda kim əvəzləyəcək?
Bütün qarşıdurmalar və hakimiyyətdaxili mübarizə də elə bu kürsüyə yiyələnmək uğrunda gedir. 78 yaşlı A.Rasizadə digər baş nazirlərdən fərqli olaraq heç bir halda məhbəs həyatı yaşamayacaq. İntriqalardan uzaq, sadəcə ona verilən tapşırıqları icra edən və daha çox “toy generalı” rolunu oynayan Azərbaycanın ən uzunmüddətli baş naziri sakit təqaüdçü həyatı yaşaya biləcək. Lakin onu bu postda əvəz edəcək şəxsin karyerası və aqibəti necə olacaq sualına cavab vermək elə də asan deyil. Bu postun yeni sahibi digər iqtidardaxili qruplaşmaların hədəfində olacaq və bu amil onun taleyinə mənfi təsir göstərə bilər.
Azərbaycandakı iqtisadi və sosial islahatların gələcək taleyi enerjili, iş qabiliyyəti yüksək olan, yuxarıdan sifariş gözləməyən bir şəxsin baş nazir olmasından keçir. Lakin belə bir şəxs ölkənin ikinci mühüm vəzifəsinə gətirilərsə, bu onun iddialarının böyüməsinə, son nəticədə prezidentlik iştahasına düşməsinə səbəb ola bilər. Siyasi hakimiyyəti ehtiyatlı davranmağa da elə bu vadar edir. Məntiqə görə, A.Rasizadəni əvəzləyəcək şəxs onun qədər iddiasız və dişsiz olmalıdır.
Ümumiyyətlə, hökumətin başçısı olan baş nazirin prezident tərəfindən təyin olunmasında nöqsanlar kifayət qədərdir. Lakin Azərbaycanda proporsional seçki sistemi ləğv edildiyinə görə, yalnız siyasi partiyaların gələcəyi deyil, eyni zamanda demokratik inkişaf böyük sual altındadır. Ən məqbul variant proporsional seçki sisteminin bərpası və hökuməti parlamentdə çoxluq təşkil edən partiyanın formalaşdırması və bunun təzahürü kimi baş nazir postuna da parlament çoxluğunun nümayəndəsinin sahib çıxması görünür. Ümumiyyətlə, hökumət formalaşdırılarkən, hansı partiyanın hansı sahəyə məsul olacağı da aydınlaşdırılmalı və icra orqanının hökumətin işinə müdaxiləsinə son qoyulmalıdır.
Düzdür, istər bugünlərdə V.Merabişvilinin həbsi, istərsə də yuxarıda göstərdiyimiz kimi, A.Menderesin edamı da onu deməyə əsas verir ki, hətta proporsional sistem də baş nazir postu tutan şəxsin aqibətini təhlükəsiz etmir. Lakin Azərbaycan kimi ölkələrdə iş qabiliyyəti olan istənilən baş nazirin həbsxanaya düşmək ehtimalı daha böyükdür. A.Rasizadə kimi heç nə etmək istəməyən hökumət başçıları ilə isə islahat həyata keçirmək imkansızdır. Bu isə ölkədəki narazılıqların artma ehtimalını yüksəldir. Deməli, növbəti baş nazir ən azı iş keyfiyyətinə görə sələfindən fərqlənməlidir. Yeni, gənc və yüksək təhsilli şəxsin baş nazirliyə gətirilməsi heç olmasa islahat imitasiyası yaratmağa qadirdir. Lakin başlıca sual açıq qalır - hakimiyyətin belə bir iradəsi və istəyi mövcuddurmu?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR