İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı “1975-ci ilə qayıtmaq” xilas edəcək: Bəs Rusiya “hə” deyəcək? - Dekabra hazırlaşın!

8832 17.08.2022 22:23 Müsahibə A A

Siyasətlə paralel addımlayan iqtisadiyyat son zamanlar təlatüm içərisindədir. Dünya iqtisadiyyatı 2020-ci ilin korona şokundan çıxmağa çalışırdı ki, Rusiya-Ukrayna müharibəsi qara buluda çevrilib bazarların başının üstünü kəsdi. Bir sözlə, hər kəsi daha dərindən düşünməyə, hər addımını ölçüb-biçməyə məcbur etdi. Çünki ani səhv istənilən ölkəni aclıqla üzləşdirə bilər. Bəs vəziyyət necə dəyişəcək? 

Musavat.com Azərbaycan və dünya iqtisadi gündəminə iqtisadçı Natiq Cəfərlinin baxışını təqdim edir:

NATQ.jpeg (14 KB)

 - Azərbaycan manatının dövriyyəyə buraxılmasından 30 il keçir. 30 illik yola necə şərh verərdiniz?
 
- Keçilmiş yola nəzər salsaq, təbii ki, manatın çox dalğalı dövrlər yaşadığının şahidi olmuşuq. İlk növbədə 2005-ci ildə baş verən denominasiyanı qeyd etmək olar. Sıfırlar atıldı və indiki manatlar dövriyyəyə buraxıldı. O zamandan Mərkəzi Bank və hökumət sabit məzənnə rejimi ilə manatın məzənnəsini idarə etməyə çalışdı. Bu, təqribən 10 il davam etdi. Sonradan bunun mümkünsüzlüyünü nəzərə alaraq 3 pilləli devalvasiyalar oldu. 1 manat 5, 1 manat 55, sonradan isə indiki 1 manat 70 qəpiklik məzənnə sabitləşməsi baş verdi və manatın taleyində ən yaddaqalan hadisə yəqin ki, 2015-ci il devalvasiyası oldu. Hazırda manat sabitdir. Manata bir ad qoysaq, Azərbaycan manatı “kağız neft”dir. Neftin taleyi daha çox manatın taleyi ilə paralel addımlayır.

4acb46d5-d8ad-3971-bbb9-a593c5f181e8_850.png (933 KB)

- Bu ilin ilk 7 ayında Ermənistana 3 nəfər Azərbaycan vətəndaşının turist kimi səfər etdiyini qeyd etmişdiniz. Bu, indiyə qədər yeganə haldır? 

- Ermənistan tərəfinin rəsmi məlumatı idi ki, 2022-ci ilin ilk 7 ayında Azərbaycandan 3 nəfər turist səfəri olub. Araşdırmalardan sonra məlum oldu ki, bu, 3 Azərbaycan deputatının orada keçirilən tədbirlə bağlı səfəri ilə əlaqədar olub. Onların Azərbaycan vətəndaşı pasportu ilə Ermənistan sərhəddini keçməsi turist səfəri kimi qeydiyyata düşmüşdü. Bu, Ermənistanda əks-səda doğurmuşdu. Bundan öncə oxşar halların olduğunu xatırlamıram. Amma hər halda 44 günlük savaşdan öncə Azərbaycan jurnalistlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin zaman-zaman Ermənistana Avropa Şurası və Avropa Birliyi tədbirləri çərçivəsində səfərləri olub.

2bf72496-c286-3748-9edc-395b8a2bea19_850.jpg (80 KB)

- Təklif etmişdiniz ki, “Formula 1” yarışları Ağdama köçürülsün. “Böyük Qayıdış”ı nəzərə alsaq, bu istiqamətdə digər təklifləriniz var?

- “Formula 1” yarışlarının Ağdama köçürülməsi həm Bakının problemlərini həll edə, həm də Ağdamın cəlbediciliyini artıra bilər. Qarabağın tanıtımını artıran addıma çevrilə bilər. Digər təkliflərim də olub. İşğaldan azad edilmiş ərazilərdə yeni universitetlərin yaradılması, Bakıdan bəzi universitetlərin ora köçürülməsi, beynəlxalq səviyyəli ali məktəblərin kompuslarla birgə qurulması (Zəngilanda, Qubadlıda, yaxud Füzulidə) çox ciddi iqtisadi fürsətlər də yarada bilər. Çünki azad olunmuş bölgələrin potensialının açılması üçün ora təqribən 1 milyon insan köçməlidir. Burada siyasi məqamlar da var. Qarabağda bizim əhalinin çox olması gələcəkdə hansısa potensial konfliktləri minimuma endirə bilər. Bunun üçün isə iqtisadi fürsətlər lazımdır. Orada yaşayacaq insanlar iqtisadi fürsətlərdən yararlanmalıdırlar. Bunun üçün ənənəvi üsullar artıq azlıq edir. Yəni kənd təsərrüfatı, turizm kimi ənənəvi sahələrlə 1 milyon insanın iqtisadi fürsətlərdən yararlanması mümkün deyil. Bu baxımdan daha kreativ ideyalara ehtiyac var ki, insanlarımız üçün iş yerləri yaransın.

agali1.jpg (464 KB)

- IV ixtisas qrupu üzrə 700 bal toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina etdi. “Beyin axını”nı necə durdurmaq olar?

- Yüksək bal toplamış tələbələrin xaricdə universitet seçməsindən təbii bir şey yoxdur. Bunun müzakirəyə səbəb olması anlaşılan deyil. Dünyanın hər yerində belədir. Məsələn, İrlandiya tələbələri daha çox ABŞ universitetlərini seçirlər. Bu o demək deyil ki, İrlandiyada təhsil sistemi aşağıdır. Yaxud da hər il Polşadan, Avropa İttifaqı ölkələrinin bir çoxundan Amerika, Kanada universitetlərini seçən 100 minlərlə tələbə olur. Bu məsələyə normal baxmaq lazımdır. Azərbaycanda təbii ki, dünya çaplı universitetlər yoxdur və yüksək potensialı olan tələbələrin xarici universitetləri seçməsi normaldır. Burada problem onların sonradan ölkəyə qayıtmamasıdır. İqtisadi fürsətlər, rəqabətli mühit yüksək səviyyədə olmalıdır ki, gənclər təhsil aldıqdan sonra ölkəyə dönə bilsinlər.

1445657.jpg (23 KB)

- Qeyd etmişdiniz ki, dünyada yeni dövrün başlaması üçün təkcə Ukrayna savaşı azdır, yeni “Helsinki-1975” üçün bir neçə bölgə də alovlanmalıdır.

- Əslində Rusiya-Ukrayna savaşı ilə paralel başqa bölgələrdə də proksi müharibələr, hibrid müharibələr gedir. Suriya, Liviya, Tayvan-Çin qarşıdurması, Mali, Efiopiya, Sudan, Yəmən, Banqladeş bura aiddir. Bütün bu gərginliklər sonda böyük bir masanın qurulması ilə nəticələnəcək. Bunun başqa çıxış yolu yoxdur. Çünki gərginliyin artım tempi yüksəldikcə bunun sonu nüvə müharibəsinə qədər gedib çıxa bilər ki, bu da dünyanın sonu deməkdir. Ona görə də istər-istəməz 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə keçirilən beynəlxalq konfransa bənzər bir tədbirin olması bir neçə ildən sonra (ən azı yaxın 2 ildə) mümkündür. Yoxsa dünyada nəzarətdən çıxan proseslər baş verə bilər. 1975-ci ildə Helsinkidə İkinci Dünya müharibəsinin nəticələri hüquqi qüvvəyə mindi. Almaniyanın bölünməsi, Kalininqrad məsələsi, Soyuq müharibədə oyun qaydaları demək olar ki, yazıldı. 1975-ci ildən sonra dünyada müəyyən düzən yarandı. Buna bənzər hadisənin olması ehtimalı var.

2907E022-A4E0-4FE2-B1C9-C532B585A6A8_w1023_r1_s.jpg (82 KB)
 
- Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına necə təsir edib? 
 
- Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına təsirləri müxtəlifdir. Bura enerji resurslarının qiymətlərindən tutmuş enerji böhranı və ərzaq böhranı kimi təsirlər daxildir. Amma bu gün dünyada baş verən problemlərin kökündə duran məsələ əsasən pandemiya ilə əlaqəlidir. Pandemiyanın doğru idarə olunmaması, 2020-ci ildə dünya iqtisadiyyatına 17 trilyon dollar əlavə vəsait axıdılması yaşanan iqtisadi problemlərin təməlini təşkil etdi. Rusiya-Ukrayna müharibəsi isə bu vəziyyəti daha da gərginləşdirdi.

afe8d01d-d245-3a6c-b4c8-46bcbd38368e_850.jpg (150 KB)

- Neft bazarında hazırkı durum necədir və volatillik hansı istiqamətdə dəyişə bilər?

- Bu gün neft bazarında yaranmış durum həm alıcıların, həm də satıcıların qane olmadığı bir vəziyyətdir. Qiymətlərin baha olması satıcıları qane edə bilər. Bu da onu göstərir ki, neft bazarı həmişə dalğalı inkişaf edir. Bu gün qiymətlər 100 dollar civarındadırsa, 2 ay öncə “Brent” markalı neft 130 dollara qədər bahalaşmışdı. Bu dalğalılıq çox pis proqnozlara səbəb olur. Yəni neft bazarının son 50 ilinə baxsaq, yüksək qiymətlərdən dərhal sonra çox aşağı neft qiymətlərinin şahidi olmuşuq. Bu dalğalar dəfələrlə təkrarlanıb. Ona görə də neft istehsalçıları da narahatdır ki, indiki yüksək qiymətlər onlara sərf etsə də, növbəti dalğa neft qiymətlərini kifayət qədər azalda bilər. Yüksək qiymətlər alıcıların isə xoşuna gəlmir. Bu, dünyada inflyasiyanı yaradan əsas səbəblərdən birinə çevrilib. Ona görə də qiymətlərin 100 dollar civarında sabitləşməsinin şahidi olmuşuq. Amma yaxın gələcəkdə qiymətlərin enməsi ehtimalı var. Amma bu, Rusiya ilə münasibətlərin hansı səviyyədə inkişaf edəcəyindən, Rusiya-Ukrayna müharibəsinin hansı nöqtədə dayanacağından asılı olacaq. Təbii ki, neft qiymətlərinin yüksək olması dünya iqtisadiyyatına əlavə yük gətirir. Həm alıcıları, həm satıcıları qane edəcək qiymət təqribən 60 dollar civarıdır. Çox güman ki, yaxın aylarda, növbəti il qiymətlər bu istiqamətə doğru azala bilər.

d3ad61eb-ac57-30ea-bf41-516ddb25d220_850.jpg (97 KB)
      
- Taxıl böhranı hansı yolla öz həllini tapa bilər?
      
- Dünyadakı taxıl böhranının səbəbi yalnız Rusiya-Ukrayna müharibəsi deyil. Çox təəssüf ki, bu, belə təqdim olunur. Dünyada 1 ildə taxıl istehlakı təqribən 870 milyon tondur. Ukraynanın sata biləcəyi taxıl 20-25 milyon tondur. Yalnız Ukraynaya görə belə bir böhran yarana bilməz. İqlim dəyişikliyi, böyük taxıl istehsalçıları olan ABŞ və Kanadada, Misirdə məhsuldarlığın aşağı düşməsi, Hindistanda satışa qadağa qoyulması, Rusiyanın öz taxılının xarici bazara çıxışı üçün müəyyən məhdudiyyətlər qoyması böhranlı bir vəziyyət yaratdı. 2019-cu ildə 1 ton taxılın qiyməti 170-180 dollar idi, müharibə başlayandan bir neçə həftə sonra 430-440 dollara çatdı. İndi müəyyən sabitlik var. Türkiyənin böyük əməyi sayəsində yeni taxıl dəhlizi yaradılıb. Ukraynanın dənli bitkiləri dünya bazarına çıxmağa başlayıb. Amma bu o demək deyil ki, böhran arxada qaldı. Çünki Ukraynada bu il payız məhsuldarlığı çox aşağı olacaq. Ölkənin əksər hissəsində müharibə getdiyi üçün əsasən də kənd təsərrüfatı bölgələrində Ukraynanın taxıl və dənli bitkilərinin ixracatı yarıbayarı azalacaq. Dünya ölkələri öz daxili bazarını qorumaq üçün dənli bitkilərin ixracatına məhdudiyyət qoyur. Bu ilin dekabrında taxılın, dənli bitkilərin qiymət artımının şahidi ola bilərik.

d5f260ba-2de7-3bab-9355-7cb0a340074d_850.jpg (184 KB)
 
- Türkiyə Rusiya bazarını ələ keçirə bilibmi?

- Türkiyənin Rusiyaya ixracatı bu il təqribən 45-50% artıb. Amma bu o demək deyil ki, Türkiyə Rusiya bazarını tamamilə ələ keçirə bilər. Bu, mümkün deyil, 146 milyonluq bazardır. Amma mebel, geyim və yüngül sənaye məhsulları sahəsində Türkiyənin ixracatı sürətlə artır. Bu da ölkə iqtisadiyyatı üçün əlavə dividendlər gətirir. Son rəqəmlərə görə, Türkiyədən Rusiyaya mebel ixracatı 4 dəfədən çox artıb. Bu onu göstərir ki, Türkiyənin müəyyən imkanları və şansı var ki, Rusiya bazarının böyük bir hissəsində ixracatını artırsın. Amma bu, Türkiyənin Rusiyada bütün bazarları, istiqamətləri ələ keçirəcəyi anlamına gəlmir.

new-foreign-trade-policy-may-have-simpler-export-promotion-schemes_0.jpg (77 KB)

Aytən Novruz
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR