İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya inflyasiyaya qarşı mübarizədə

9038 24.09.2022 08:40 KİVDF layihələri A A

Atılan addımlar resessiya təhlükəsini daha da artırır

 Yüksək inflyasiya qlobal iqtisadiyyatın bir saylı problemi olaraq qalmaqdadır. Demək olar ki, bütün inkişaf etmiş ölkələr inflyasiyanın qarşısını almaq üçün sərt monetar siyasətə keçib, uçot dərəcəsini artırırlar.

Dünyanın bir saylı iqtisadiyyatına malik ABŞ-da Federal Ehtiyatlar Sistemi sentyabrın 21-də uçot dərəcəsini 2022-ci il ərzində beşinci dəfə - daha 0,75 faiz bəndi artırmaqla 3-3,25 faizə çatdırıb. İlin sonuna qədər tənzimləyicinin iki toplantısı baş tutacaq: 2  noyabr, 13-14 dekabrda. Hər iki toplantıda uçot dərəcəsinin artırılması qərarının alınacağı gözlənilir.

ABŞ-da avqust ayında illik inflyasiya bir qədər azalsa da, proqnozlaşdırılandan daha yüksəkdir. 8 faizdən yüksək olan inflyasiyanı FED 2 faizə salmağı hədəfləyir. Buna görə də ilin sonunadək uçot dərəcəsinin 4,4 faizə,2023-cü il ərzində 4,6 faizə qaldırılması, 2024-cü ildə isə 3,9 faizədək azaldılması proqnozlaşdırılır.

ABŞ-ın yüksək uçot dərəcəsi fond bazarı üçün problem yaradır: kreditlərə xidmət xərcləri artır. Bu, həm şirkətlər, həm də ev təsərrüfatlarının xərcinin artması deməkdir. Nəticədə istehlak xərcləri azalır, bu isə iqtisadi artımı zəiflədir, şirkətlərin gəliri azalır.

FED-in qərarının təsiri ilə dolların dəyəri və istiqrazların gəlirliliyi artır, səhmlər isə dəyərsizləşir. Hazırda dollar indeksi 111 bənddir. İlin əvvəlindən bəri dollar dünya valyutalarına qarşı 16 faiz möhkəmlənərək son 20 ilin maksimumuna çatıb.

ABŞ-da işsizlik səviyyəsinin aşağı olaraq qalması (3,7 faiz) FED-in uçot dərəcəsini artırmasına imkan verir. Lakin digər ölkələrdə və iqtisadiyyatlarda bu imkan məhduddur. Buna baxmayaraq, əksər ölkələr inflyasiyanı uçot dərəcəsini artırmaqla cilovlamaq planına əməl edirlər.

Sentyabrın əvvəlində Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 1,25 faizə çatdırıb. Tənzimləyici ilin sonunadək bir neçə də artım qərarının alınacağını elan edib. Bu, hələlik avqust ayında 9,1 faizə çatan illik inflyasiyanın azaldılması məqsədi daşıyır. Avropada inflyasiyanı tətikləyən əsas səbəb enerjidaşıyıcıların(38,3 faiz) və ərzağın(10,6 faiz) sürətli bahalaşmasıdır.

“Bloomberg” agentliyinin rəyini öyrəndiyi analitiklər yaxın 12 ayda avrozona iqtisadiyyatında resessiya ehtimalını 80 faiz həddində qiymətləndiriblər. Onların fikrincə, avrozonanın ən böyük iqtisadiyyatına malik Almaniya artıq bu ilin dördüncü rübündən resessiya ilə üzləşə bilər. Yaxın 3 ayda isə avrozonada inflyasiya 9,6 faizə çatacaq ki, bu da AMB-nin qarşıya qoyduğu 2 faizlik hədəfdən az qala 5 dəfə yüksəkdir. Buna görə də tənzimləyicinin oktyabr ayında uçot dərəcəsini daha 75 faiz bəndi artıracağını gözləyirlər.

Bir neçə gün əvvəl İsveçrə, Norveç də son 10 ildə ilk dəfə uçot dərəcəsini qaldırıblar. Uçot dərəcəsini hətta sanksiyalara məruz qalan Rusiyada da artırıblar.

Dünyanın bir sıra ölkələrində inflyasiya göstəriciləri - AZƏRTAC

Dünya ölkələri arasında uçot dərəcəsinin azaldılmasına yalnız Türkiyədə gedilməkdədir. Üç gün əvvəl Türkiyə Mərkəzi Bankı ölkədəki yüksək inflyasiyanı nəzərə almadan uçot dərəcəsini 13 faizdən 12 faizə endirib. Avqustda Türkiyədə illik inflyasiya 1998-ci ildən bəri ilk dəfə 80,2 faizə çatıb. Mərkəzi Bank uçot dərəcəsini azaltmaq qərarını iqtisadi artımın və istehlakçı tələbinin azalma tempinin qarşısını almaq məqsədilə izah edir. Bir ilə yaxın müddətdə yürüdülən bu siyasət hələ ki, müsbət təsirini göstərə bilmir: Türkiyə valyutası sürətlə dəyərsizləşir, inflyasiya daha da sürətlənir.

Azərbaycan Mərkəzi Bankı isə sentyabrın 16-da faiz dərəcəsinin dəyişməz saxlanmasına dair qərar qəbul edib. Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75 faiz, faiz dəhlizinin aşağı həddi 4 faiz, yuxarı həddi isə 9.25 faiz səviyyəsində dəyişməz saxlanılıb. Bu qərarı AMB bir sıra amillərlə izah edir: “Pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik olmayıb. Son aylar dünya ərzaq qiymətlərində və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərdə baş verən azalmanın zaman intervalı ilə təsirlərini də nəzərə almaqla ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozu qüvvədə qalır. 2023-cü ilə isə inflyasiya proqnozu azaldılıb”.

Mərkəzi Bank: Azərbaycanda ödəniş sistemlərində yeni standarta keçir

Mərkəzi Bank bəyan edir ki, monetar amillər inflyasiyaya azaldıcı təsir etməkdə davam edir. Profisitli tədiyə balansı valyuta bazarında təklifin artmasına şərait yaradır. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlüdür. Ötən iclasdan bəri manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə tempinin yüksəlməsi inflyasiyanın məhdudlaşdırıcı amillərindən olub: “Sentyabrın əvvəlindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşaiyət olunur. Bu da monetar amillərin inflyasiyaya azaldıcı təsirlərini gücləndirir və ortamüddətli dövrdə davamlı qiymət sabitliyinin təmin edilməsinə zəmin yaradır. Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi eyni zamanda aktiv banklararası bazarın formalaşmasına zəmin yaradır”.

AMB-nin bu nikbinliyinə baxmayaraq, qlobal iqtisadiyyatda başlanan resessiya Azərbaycan üçün bir sıra problemlər yarada bilər. Bura ilk növbədə dolların bahalaşması və iqtisadiyyatdakı geriləmənin enerjidaşıyıcılarına tələbi azaltması nəticəsində qiymətlərin düşməsi (artıq ikinci həftədir dünya bazarında neft qiymətləri azalma ilə başa vurur) ilə ölkənin gəlirlərinin azalması, bahalı dolların idxalı da bahalaşdırması nəticəsində inflyasiyanın sürətlənməsi və sair amillər aiddir.

Dünya SAKİT

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR