İnsanlara hürriyət, millətlərə istiqlal!

DÖVLƏTİN ŞAGİRDLƏRƏ CIRIQ-CINDIR “HƏDİYYƏSİ”

1885 20.09.2011 09:00 Ölkə A A

Şakirlə eyni məktəbdə oxuyan qonşusu Elmir isə bildirir ki, məktəbə getdiyi beş il ərzində bir dənə də olsun təzə kitabı olmayıb: “Kitablarımın çoxu cırıq-cırıqdır, səhifələri yoxdur. Dəftər vərəqi ilə üzlənib. Kitablara baxanda adam onları heç oxumaq da istəmir”.

***

Yeni dərs ili başlanar-başlanmaz şagirdlərin dərslik problemi bir daha gündəmə gəlir, qabardılır və şikayətlərin ardı-arası kəsilmir. Müəllimdən tutmuş valideynə qədər hər kəs dərsliklərin köhnə və yararsız olmasından narazılıq edir.
“Biz iki gün dərslikləri götürmədik, köhnə idi. Ancaq nə qədər çalışsaq da yenisini də verən olmadı” - bunu Bakıdakı orta məktəblərin birində ibtidai sinif müəlliməsi işləyən Gülnarə Əliyeva bildirir. Onun sözlərinə görə, bu cür köhnə dərsliklər şagirdlərin dərsə marağının azalmasına səbəb olur: “Məktəbə yeni qədəm qoyan şagirdin qələmi, dəftəri, geyimi təzə və qəşəngdir, valideyn onu min bir əziyyətlə beləcə məktəbə göndərir. Kitablara gəldikdə isə onu ələ almaq mümkün deyil. Tapşırıqların cavabları əvvəlki illərdə yazılıb. Elə isə bu kitab şagirdin nəyinə lazımdır?”
Elə narazı valideynlər də sual edirlər ki, hər il çapına milyonlar xərclənən qalaq-qalaq kitablar haradadır: “Niyə ondan məktəblərə pay düşmür? Həmin dərsliklər hara gedir?”
Təhsil Nazirliyində dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazov bu suallara cavabında dedi ki, dərsliklər 4 ildən bir çap olunur və hər bir dərsliyin 4 il istifadəsi nəzərdə tutulur: “Şagirdlərə köhnə kitabların verilməsində qeyri-adi heç nə yoxdur. İstər-istəməz dərsliklər işlənir. 4 ildə köhnəlmə, korlanma da var. Ciddi surətdə istifadəyə yararsız olanların əvəz olunması üçün tədbirlər görürük. 2 ildən sonra dərsliklərin 45 faizini yenidən çap edirik. İndi bəzən valideyn deyir ki, köhnə kitabı istəmirəm. Belə olmaz, bu, dövlətin verdiyi kitabdır. Uşaqları başa salmaq lazımdır ki, dərsliklərlə səliqəli rəftar etsinlər, onlardan sonra da istifadə edənlər olacaq. Hamı nəzərə alsın ki, hər il dərslik çap edə bilmərik”.
Faiq Şahbazov təzə kitab istəyənlərə məsləhət görür ki, satış mərkəzlərindən özləri alsınlar. Elə məktəb direktorları da narazılıq edən valideynlərə məsləhət görür ki, dərslikləri satışdan özləri ala bilərlər.
Bu məsləhət isə valideynləri daha da təbdən çıxarır. Birinci sinifdə oxuyan Nəzrinin anası Rəsmiyyə xanım deyir ki, onsuz da iş dəftərləri onlara kifayət qədər baha başa gəlib: “İş dəftərlərinə 40 manata yaxın pul vermişəm. Dərslikləri də almaq imkanım yoxdur. Dövlətimiz məktəbliləri dərsliklə təmin edəcək qədərmi imkansızdır ki, köhnə kitablar verilir? Şagirdlərə pulsuz kitab verilməli olduğu halda nəyə görə kitabları özümüz almalıyıq?”
Modern.az saytı isə yazır ki, paytaxtda bir sıra məktəblərdə şagirdlərə, əsasən də bu il məktəbə gedən birincilərə dərsliklər verilməyib və valideynlər öz xərcləri ilə kitab almağa məcbur olub.
Təhsil Nazirliyinin rəsmisi Faiq Şahbazov bildirir ki, məktəblərdən şagirdlərə kitab verilməyə bilməz. Onun sözlərinə görə, hər bir məktəbə şagirdlərin sayına əsasən kitab verilir: “Bizim kifayət qədər ehtiyat kitablarımız var. Bu səbəbdən şagirdlərə kitab paylanmaması məlumatı düzgün deyil. Ola bilsin ki, hər hansı məktəblərdə çatışmazlıq yaranır. Bəli, bu, mümkündür. Amma bununla bağlı ilk olaraq məktəbdə direktor müavinlərinə, direktorlara, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edilməlidir. Xüsusilə birinci siniflərlə bağlı problemlər olmamalıdır. Biz Bakı Şəhəri üzrə Təhsil İdarəsinə kifayət qədər əlavə dərsliklər vermişik ki, çatışmazlıq olanda valideynlər şagirdlər üçün kitabları oradan götürsünlər”.
“XXI əsr” təhsil mərkəzinin rəhbəri Etibar Əliyev isə deyir ki, hər il dərsliklərin 15 faizi yenidən çap olunur: “Normativ sənədlərdə göstərirlər ki, istifadədən çıxan dərslikləri əvəz etmək üçün hər fənn üzrə dərsliklərin 15 faizi hər il yenidən çap olunur. Ancaq kitab bazarında, metroların girişində, yeraltı keçidlərdə, qəzet köşklərində dərsliklərə rast gəlirik, dərsliklər satılır. Dərsliklər göstərilən tirajda çap olunmur. Yenidən çap edilən dərsliklər satışa çıxarılır, məktəblərə verilmir. Bu, böyük məbləğdə pullar deməkdir. Məsələn, 100 min şagird üçün nəzərdə tutulan 15 faiz kitab hər fənn üzrə 15 min kitab deməkdir. Həmçinin kitabların üzü çıxarılıb satılır. Məşğələ dəftərləri isə aşağısı 3 manatdan satılır. Necə olur dərslik pulsuz verilir, ancaq iş dəftərləri satışa buraxılır? Belə çıxır ki, hökumətin şagirdləri pulsuz dərsliklərlə təmin etmək siyasəti tam həyata keçirilmir”.
Dərslik məsələləri üzrə ekspert Əlövsət Osmanlı isə deyir ki, şagirdlərə köhnə dərsliklərin verilməsi heç bir məntiqə sığmır: “Belə olmamalıdır. Uşaq təzə paltar, təzə məktəb ləvazimatı istəyir, həvəslə dərsə hazırlaşır. Məktəbə gedəndə isə arzusu birdən-birə puç olur. Ona cırıq-cındır, yazılmış bir kitab verirlər. Bu, doğru deyil. Yaxud şagirdlərin 15 faizinə təzə kitab verilir, 85 faizinə isə köhnə. Uşaq bu ayrı-seçkiliyi necə qəbul etsin?”
Ə.Osmanlının sözlərinə görə, bütün siniflər üzrə olmasa da ən azı 1-ci sinif şagirdlərinə hər il yeni kitablar verilməlidir: “Birincilər yuxarı sinif şagirdləri ilə müqayisədə kitablarla o qədər də səliqəli davrana bilmir, onlar kitabları daha çox çirkləndirir. Çirkli kitabların yenidən növbəti 1-ci siniflərə verilməsi heç gigiyenik baxımdan da düzgün deyil. Bu, tibbi baxımdan təhlükəlidir. Kitablar hər il təzələnməlidir. Nazirlik bildirir ki, kitablar 4 ildən bir təzələnə bilər. Beləcə, həm də şagirdlər məcbur edilirlər ki, nöqsanlı kitablardan illər boyu istifadə etsinlər. Ancaq hər il çap olunsa, səhvlərin bir hissəsi islah oluna bilər”.
Başqa ölkələrinin təcrübəsini əsas gətirən ekspertin sözlərinə görə, Türkiyədə 1-ci sinifdən tutmuş sonuncuya qədər bütün şagirdlərə dərsliklər pulsuz verilir və heç kim keçənilki dərsliklərdən istifadə etmir: “Yaxud qoy dərsliklər açıq satışda olsun və hamı pulu ilə alsın. Ancaq təcrübə var, yeni dərs ili qabağı bəzi ölkələrdə şagirdlərə dövlət tərəfindən yeni dərs ilinə hazırlıq üçün pul verilir. Bu məbləğin içində dərsliyə ayrılan pul da var. Bizim Təhsil Nazirliyinin başqa bir işi yoxdurmu ki, dərsliklərin çapı ilə məşğul olur? Başqa ölkələrdə Təhsil nazirlikləri bununla məşğul olmur, onlar ciddi problemləri həll etməklə məşğul olurlar. Qoy dərsliklər açıq satışda olsun. Təhsil Nazirliyi də dövlətdən xahiş etsin ki, dərsliyin pulu şagirdlərə verilsin və kim haradan istəyir gedib alsın. Nazirlik dərslik çapını hansı maraqdan edir? Misir Mərdanova qədər nazirlik heç vaxt dərslik çapı ilə məşğul olmayıb”.
Ə.Osmanlı burda korrupsiya amilinin olmasını da istisna etmir. Onun sözlərinə görə, 4 ildən bir məktəblərə yeni kitablar paylansa da növbəti 3 ildə çap olunan kitabların əksəriyyəti satışa çıxarılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR