İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dövlətin milli təhlükəsizliyinin asılı olduğu amillərdən biri də informasiyadır” - politoloq

994 31.03.2022 09:10 KİVDF layihələri A A

Ekspert: “Savaş meydanında döyüş ordu ilə olur, informasiya cəbhəsində isə hücumun hansı istiqamətdən və hansı formada gələcəyi bəlli deyil”

Bugünlərdə Şanlı Ordumuz növbəti uğura imza atdı, Xocalı rayonunun Fərrux kəndi və eyniadlı yüksəklik Azərbaycanın nəzarəti altına keçdi. Əməliyyat müddətində və sonrasında müəyyən dezinformasiyalar yayıldı: Xocalı və Xocavəndin ordumuzun nəzarəti altında olması, Azərbaycan Respublikası ərazisində müvəqqəti  yerləşdirilmiş rus sülhməramlılarının çıxarılması və s. Son hadisələr bir daha milli təhlükəsizlik məsələsində informasiyanın rolunu ön plana çıxardı. Xüsusilə vətənpərvər, eyni zamanda impulsiv gəncliyin bu informasiyaların təsiri altına düşə biləcəyi ehtimalını nəzərə alaraq diqqətli olmaqda fayda var.

“II Qarabağ müharibəsində, 44 gün müddətində dövlət dezinformasiyanın qarşısını mümkün qədər ala bildi. Ölkə daxilində çox həssas dövrdə bununla bağlı ciddi addımlar atıldı. Cəmiyyət də ordunun qalibiyyəti üçün əlindən gələni əsirgəmədi”.

Xəyal Bəşirov yazır: Dizel yanacağı tökülərək diri-diri yandırılan və başı  kəsilən insanlar » Newscenter.az

Xəyal Bəşirov

Bu fikirləri Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat” a bildirib. Onun sözlərinə görə, ordu savaş meydanında mübarizə apararkən, informasiya cəbhəsində də savaş davam edirdi: “Hər kəs yeganə hədəf üçün çalışırdı-işğala son qoyulsun. Biz hədəfə nail olduq. Bu isə bizə nümunə olmalıdır, çünki 44 günlük müharibə bitsə də, Azərbaycan işğalı sonlandırıb qalib olsa da, proses hələ də davam edir. Bunu rəsmi şəxslər də təsdiq edir. Azərbaycan ermənilər və ermənipərəst qüvvələrlə, dünya erməni maşını ilə hələ də diplomatik və informasiya cəbhəsində ciddi mübarizə aparır. Xatırlayırsınızsa, Vətən müharibəsi dövründə Birinci vitse-prezident Mehriban Əliyeva demişdi ki, biz informasiya cəbhəsində də diqqətli olmalıyıq. Bu, cəmiyyətə çox düzgün çağırış idi, çünki savaş meydanında döyüş ordu ilə olur, informasiya cəbhəsində isə hücumun hansı istiqamətdən və hansı formada gələcəyi bəlli deyil. Müharibə dövründə Ali Baş Komandan İlham Əliyev heç vaxt olmadığı qədər intensiv şəkildə dünyanın aparıcı media qurumlarına müsahibələr verdi. Məqsəd dünya erməni maşınının təsiri altında olan media qurumlarına həqiqətləri çatdırmaq idi. 1-ci Qarabağ müharibəsi dövründə ciddi informasiya blokadası yaradılmışdı. Azərbaycanın müttəfiqləri həqiqətləri bilsələr də, digər dövlətlər bizə ikili standartlarla yanaşırdılar.  Vətən müharibəsi dövründə isə Prezident reallıqları açıqlamaqla informasiya cəbhəsində də ali baş komandanlıq etdi”.

X.Bəşirov qeyd etdi ki, XXI əsrdə informasiya nüvə silahı kimi rezonans, ajiotaj yarada bilər: “Dövlətin milli təhlükəsizliyinin asılı olduğu amillərdən biri də informasiyadır. ABŞ kimi dövlətin eks prezidenti Donald Tramp informasiya prosesinin qurbanı oldu: ”Twitter", “Facebook” sosial şəbəkələrində hesabları bağlandı. Səbəb Trampın bu platformalarda onu təhqir edənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı təklif irəli sürməsi idi. Üstəlik, onu təhqir edən şəxslərlə yanaşı, platformalar da məsuliyyət daşımalı idi. İnformasiya prosesi bu qədər vacibdir. Bu, xüsusilə Ermənistan kimi məkrli, hiyləgər və təxribatçı qonşusu olan Azərbaycan üçün əhəmiyyətlidir. Ermənistan ordusu darmadağın olsa da, onların informasiya maşını işləyir. Nəzərə almaq lazımdır ki, bu informasiya maşını daha çox dezinformasiya yayır. Təəssüf ki, bir çox hallarda ehtiyatsızlıqdan bu dezinformasiyaların təsiri altına düşənlər olur. Azərbaycan daxilində də dezinformasiya yayanlar var. Onlar xaricdəki havadarlarına xidmət edirlər. Bütün cəmiyyətlərdə buna rast gəlmək olar. Heç bir ölkə bundan sığortalanmayıb. Ehtiyatı əldən vermək olmaz. Dövlətin yürütdüyü siyasətə dəstək olmaq lazımdır. Biz  siyasi müstəvidə Ermənistanı geri oturtmağa davam edirik. Döyüşlə müəyyən mərhələyə qədər gəldiyimiz proses diplomatik müstəvidə davam edir. Ermənistan təxribatlara davam edərsə, cavabını verməyə hazırıq. Sadəcə, bu, lokal miqyasda antiterror əməliyyatları ola bilər. Bu və bir çox digər məqamları nəzərə almaqla informasiya təxribatlarının qarşısını almalıyıq".

Nigar HƏSƏNLİ

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR