İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət üçün vacib arxiv olan qəzetlərin “sağ qalması” üçün nə edək?

703 25.07.2023 09:08 Media A A

Son illərdə onlayn media daha çox populyarlaşıb və bunun paralelində çap mediası zəifləyib, xeyli qəzet çapını dayandırıb, mövcud olanlar isə tirajını əhəmiyyətli şəkildə itirib. Bu, bir növ təbii prosesdir.  Təkcə, Azərbaycanda deyil, dünyada müşahidə olunan tendensiyadır.

Şuşa Qlobal Media Forumuna qatılan “The Korea Times” qəzetinin icraçı direktoru Ço Jae-hyon jurnalistlərə açıqlamasında deyib ki, ənənəvi media rəqəmsal dünyaya uyğunlaşmaq üçün strategiyaya malik olmalıdır: “Mən burada ənənəvi medianı təmsil edirəm. Ancaq bu gün gənclər qəzet oxumur, ona görə də biz ilk növbədə  rəqəmsal platformalara uyğunlaşmaq üçün strategiyaya malik olmalıyıq. Ancaq eyni zamanda hesab edirəm ki, onlayn media da maliyyə sahəsində çətinliklərlə üzləşir. Məsələn, Koreyada insanlar xəbər üçün ödəniş etməkdə o qədər də həvəsli deyillər. Yəni hətta biz rəqəmsal platformaya transformasiya etsək belə, maliyyə və investisiya resursları baxımından çətinliklərlə, dilemma ilə üzləşirik. Biz videokontentləri hazırlayırıq. Bu, xüsusilə də xarici ölkələrdəki, daha çox ABŞ və Asiya ölkələrindəki istehlakçılar üçündür. Düşünürəm ki, ənənəvi medianın, xüsusilə də qəzetlərin müasir dövrdə "sağ qalması" üçün hər hansı aydın bir həll yolu yoxdur. Amma biz reallıqları nəzərə alıb çap mediasına investisiyanı azaldaraq bu vəsaiti onlayn mediaya yönəldə bilərik".

Görünən budur ki, çap mediasına maraq yoxdur və qəzetlərin mövcudluğu təhlükə altındadır. Əlbəttə, dünya trendinə qarşı çıxmaq da mümkün deyil. Ancaq biz buna təkcə biznes və bu günün korporativ maraqlarından deyil, həm də dövlət və dövlətçilik maraqlarından da yanaşmalıyıq. Sirr deyil ki, istənilən elektron media bir anın içərisində məhv ola bilər. Yaxud 50-100 il sonra hansısa media quruluşunun arxivinin olub-olmayacağı bəlli deyil. Böyük ehtimalla olmayacaq. Qəzet isə tarixçilər, araşdırmaçılar üçün ən başlıca arxivdir. Dövlətin mənafeyi, tarixinin qorunması, obyektiv araşdırmalar üçün çap mediası az tirajla olsa da, mövcudluğunu qorumalıdır. Heç də təsadüfi deyil ki, inkişaf baxımından bizdən 10 illiklərlə öndə olan Qərb, Avropa dövlətləri qəzet sənayesini məhv etmir, bunu bir milli arxiv və nostalji kimi məhdud sayda olsa da saxlayır. Qəzet həm də bir mədəniyyətdir. 

Bəs nə etmək olar ki, qəzetlər yaşasın? Bunun mexanizmlərini tapmaq mümkün deyilmi?

Kaspi” qəzetinin baş redaktoru işdən çıxdı

İlham Quliyev: “Bəzi media holdinqlər çap versiyalarının fəaliyyətini dayandırsalar da, sonradan bunun doğru olmadığını bildiriblər”

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Yeni Müsavat”a bildirdi ki,  bu, kifayət qədər aktual və çap mediasında çalışanlar üçün xeyli ağrılı mövzudur. O vurğuladı ki, çap mediası ilə bağlı problemlər ABŞ, Avropa ölkələrindən tutmuş Zimbabve kimi inkişaf etməmiş Afrika ölkələrinə kimi dünyanın hər yerində aktualdır: “Çap mediası çox sürətlə öz mövqeyini itirir, tirajlar azalır. İnternet mediası, sosial media ictimai rəyin müəyyən olunmasında əsas alətlərə çevrilməkdədir. Buna baxmayaraq, hələlik heç bir ölkədə çap mediasından birmənalı şəkildə imtina etmək qərarı verilməyib. Qonşu Türkiyədə bəzi media holdinqlər çap versiyalarının fəaliyyətini dayandırsalar da, sonradan bunun doğru olmadığını bildiriblər. Bu istiqamətdə verilən qərarların holdinqin ümumi imicinə mənfi təsir etdiyi qənaətinə gəliblər. Baxmayaraq ki, Türkiyədə də son 4-5 ildə qəzetlərin tirajları 10 dəfədən də çox azalıb. ABŞ-da da bir müddət əvvəl "Nyu-York Times" çap versiyasının qapadıldığı barədə qərar vermişdi, lakin sonradan bunun doğru olmadığı qənaətinə gəlib, fəaliyyətini yenidən bərpa etdi. Hazırda aktiv şəkildə “qəzetlər nəyə lazımdır, bağlanmalıdır, birmənalı şəkildə internet mediaya köklənməliyik” kimi çağırışlara şahidlik edirik. Bir çap mediası təmsilçisi olaraq mən bu çağırışları doğru hesab etmirəm. Düşünürəm ki, biz bu çətin şəraitdə brendə çevrilən, tarixi olan qəzetləri ən azından qarşıdakı bir neçə il üçün qoruyub saxlamalıyıq çünki qəzet bir mədəniyyətdir, medianın fərqli bir seqmentidir. Yaşadığımız dövrün salnaməsinin yazılması baxımından da əvəzsiz vasitədir".

İ.Quliyevin fikrincə, media sektorunda çalışanların hamısı çox yaxşı bilir ki, azsaylı istisnalar olmaq şərti ilə Azərbaycan kimi ölkələrdə medianın biznes subyekti olması çox çətindir: “Çap mediasında isə bu, ümumiyyətlə, mümkünsüzdür. Ona görə də qəzetlərin, qəzetçilik ənənələrinin yaşadılması üçün dövlət, mediaya dəstək verən şirkətlər ən azı keçid dövrü üçün fədakarlıq etməlidirlər. Mənim fikrimcə, "oxuyan yoxdur" deyib qəzetləri bağlamaq, “baxan yoxdur deyib” teatrları bağlamaq çağırışına bənzəyir. Əgər ikincini qəbul etmiriksə, birinciyə də hələlik “yox” deməliyik. Dünyada qəzet çap olunmayan ilk ölkə kimi tarixə düşmək bizə müsbət heç nə verməyəcək. Gözləyib bu proseslərin hansı istiqamətdə inkişaf etdiyini müşahidə etməliyik. Onsuz da bu gün Azərbaycanda qəzetlərin ayaqda saxlanılması üçün sərf olunan vəsait o qədər də çox deyil".

Bəhruz Quliyev: “Avropanın ikili standarları idmanda da özünü göstərdi”

Bəhruz Quliyev: “Media subyektlərini biznes strukturu kimi inkişaf etdirmək lazımdır”

“SƏS” Media Qrupunun rəhbəri və baş redaktoru  Bəhruz Quliyev “Yeni Müsavat”a açıqlamasında mövzunu belə şərh etdi: “Ənənəvi media yerini yeni mediaya verib. Rəqəmsal media isə öz yerini sosial mediaya verib. Biz istəsək də, istəməsək də, proses gedir. Zaman dəyişdikcə, inkişaf getdikcə qlobal dünyanın yeni çağırışları olur. Biz bunu qəbul etməliyik.  Ənənəvi mediadan tam uzaqlaşmaq çətin prosesdir. Ənənəvi media həm də yaddaşdır. Bu yaxınlarda ”Səs" və “Yeni Müsavat” media qruplarının “Youtube” kanallarına haker hücumu oldu. Bizim 35 min  videomuz silinmişdi. Bu o deməkdir ki, istənilən vaxt rəqəmsal mediada yerləşdirilən materiallar birdəfəlik silinə bilər. Nəticədə arxivdən məhrum ola bilərik. Ənənəvi media isə heç zaman silinmir. Məlumdur ki, elmi araşdırmalar, yazılar üçün tarixi məlumatları əldə etmək məqsədilə də kitabxanalarda qəzetləri vərəqləyirlər. Onu da qeyd etmək lazımdır ki, bəzi məkanlarda internetin istifadəsi məhdudlaşdırılır. Belə məkanlarda qəzet, kitab oxuyurlar".

B.Quliyev ənənəvi medianın peşəkar media olduğuna, məktəb funksiyası daşıdığına diqqət çəkdi: “Ən fundamental araşdırmaları, yazıları yalnız ənənəvi mediada görə bilərik. Müxtəlif janrları məhz ənənəvi media yaşadır. Ənənəvi media jurnalistlər yetişdirən akademiyadır. Buna görə də ənənəvi mediadan tamamilə imtina etmək doğru deyil. Bütün dünyada ənənəvi media dotasiya ilə yaşayır. Bu gün dünyada 40-50 min tirajla çap olunan qəzetlər var. Eyni zamanda bəzən siyasətçilər mediada yazılar sifariş edirlər. Qərb vaxtilə medianın siyasiləşməsinin əleyhinə idi, amma indi siyasi medianı məcburən dəstəkləyir, hərçənd medianın sifariş yerinə yetirməsinə qarşıdır. Əgər siyasiləşmiş media varsa, bu o deməkdir ki, ənənəvi media həm də ideoloji iş aparır. Yeni media isə informativdir. Yeri gəlmişkən, "Səs" qəzeti müasir çağırışlara cavab vermək üçün oxucularına QR kod vasitəsilə video izləmək, səs dinləmək, qəzetin yazılarını oxumaq imkanı yaradır. Mən yeni media ilə ənənəvi medianın rəqabət apardığını düşünmürəm. Bu iki media bir-birinin bazasını formalaşdırır. Ənənəvi media yeni medianın kadr bazasını formalaşdırır.  Sosial media isə yeni mediaya rəqibdir, çünki informasiyanın ötürülməsi baxımından öndədir. Sosial media fərdi yanaşma əsasında formalaşır, üstəlik, operativlik baxımından yeni mediadan irəlidədir. Zamanla sosial media yeni medianı məhv edəcək. İnkişafın göstəricilərindən qorxmaq yox, onlarla ayaqlaşmaq lazımdır".

O ki qaldı "Rəqabətə davamlılıq üçün nə etmək olar" sualına, B.Quliyev  hesab edir ki, media subyektlərini biznes strukturu kimi inkişaf etdirmək lazımdır: “Dünya təcrübəsində qəzetlərin köməkçi təsərrüfatlar adlandırılan biznes strukturları var. Şəxsən mən ənənəvi mediaya cüzi faizlə biznes kreditlərinin verilməsini təklif edirəm. Bu reallaşsa, ənənəvi media qurumları özü-özünü maliyyələşdirə bilər. Eyni zamanda əlçatımlılıq da önəmlidir. Bürokratik əngəllərin aradan qaldırılması yaxşı olar, məsələn, girov kimi loqonun qəbul edilməsi mətbuata müəyyən divident gətirə bilər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR