İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət ideologiyası Azərbaycan mediasında necə təbliğ edilir? - rəy

1222 26.07.2022 09:40 KİVDF layihələri A A

Deputat: “147 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı, KİV azərbaycançılıq ideologiyasının bütün sahələr üzrə təbliğində xüsusi əhəmiyyətə malikdir”

Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində milli-mənəvi birlik dayanır. Azərbaycandakı milli birlik mühitinin formalaşması isə cəmiyyətin bütün kəsimlərinin mənafeyini ifadə edən və hər bir Azərbaycan vətəndaşını, azərbaycanlını öz ölkəsi, vətəni ətrafında birləşdirən azərbaycançılıq ideyasının təbliği və real ictimai-siyasi münasibətlər sferasında tətbiqi sayəsində mümkün olub.

Azərbaycançılıq ideyasının təbliği ən müxtəlif sferalarda və fasiləsiz olaraq aparılır. Ümummilli lider Heydər Əliyevin təkmil ideologiya şəklinə saldığı azərbaycançılıq konsepsiyasına sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli birlik özünü daha qabarıq formada göstərir. 44 günlük Vətən müharibəsində bu özünü ən yüksək formada təzahür etdirmiş oldu.

Azərbaycan dilinin, mədəniyyətinin qorunmasına, tarixinin öyrənilməsinə xidmət edən dövlət siyasəti, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün hər il müxtəlif səviyyələrdə təntənə ilə qeyd olunması, 2001-ci ildə əsası qoyulan Dünya Azərbaycanlılarının qurultayları hər bir soydaşımızı Azərbaycan ətrafında sıx birləşdirərək, milli maraqları müdafiəyə təşviq edir. Bununla yanaşı, məktəblərdə uşaqlara dövlət rəmzləri, ölkənin zəngin tarixi, mədəni irsi öyrədilir, vətənə məhəbbət hissi aşılanır. Müxtəlif hökumət və qeyri-hökumət qurumlarının uşaq, yeniyetmə və gənclər arasında hər il təşkil etdiyi bilik müsabiqələri, Azərbaycanın bölgələrini, mədəniyyətini, tarixini tanıdan layihələr də vətənpərvərliyin güclənməsinə və bu ideologiyanın nəsildən-nəslə ötürülməsinə töhfədir. Həmçinin görülən işlərin, eləcə də Azərbaycan xalqının qədim tarixinin, mədəniyyətinin, mədəni-mənəvi irsinin müasir auditoriyaya çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə götürdüyü vəzifə azərbaycançılıq ideologiyasının təbliğində mühüm əhəmiyyətə malikdir.

Milli Məclisin deputatı Aydın Hüseynov bu barədə “Yeni Müsavat”a şərhində bildirib ki, ötən həftə 147 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı, KİV azərbaycançılıq ideologiyasının bütün sahələr üzrə təbliğində müstəsna, xüsusi əhəmiyyətə malikdir. Azərbaycan mediası illərdir bu ideologiyanın təbliğində iştirak edir. Görülən işlərin nəticəsi olaraq, bu gün azərbaycançılıq ideologiyası cəmiyyətimizdə harmoniya və sabitliyin, sağlam ictimai münasibətlərin möhkəm əsasını təşkil edir. KİV-də öz əksini tapan dövlətçilik ideologiyası insanları öz dövlətinə hörmət və ehtiram bəsləyən bir vətəndaş kimi yetişdirir, onlarda vətənə məhəbbəti, dövlət və xalq mənafeyini hər şeydən üstün tutmağı formalaşdırır: “Azərbaycan mediası Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının təbliğində mühüm rol oynayır.

KİV-də dövlətçilik şüuru və ənənələrinin və azərbaycançılığın təbliği ilə əlaqədar artıq xeyli dövlət tərəfindən dəstəklənən xüsusi layihələr həyata keçirilib və keçirilir. Bu layihələr də azərbaycançılıq ideologiyasının təbliğində ciddi təsir vasitələrindən biri kimi çıxış edir. Azərbaycançılıq ideyasının təbliği istiqaməti üzrə “Azərbaycançılıq ideyasının təbliğində KİV-in rolunun artırılması” layihəsi bu baxımdan xüsusi qeyd olunmalıdır. Mediamızın uğurla həyata keçirdiyi bu layihə azərbaycançılıq ideyasının yaranması tarixi, inkişafı və sosial-fəlsəfi mahiyyəti,  XIX əsrdə azərbaycançılıq ideyası: maarifçilik fəlsəfəsi və azərbaycançılıq, maarifçi filosofların əsərlərində azərbaycançılıq ideyası,  Azərbaycan Xalq Cümhuriyyətinə aparan yolda milli ideya axtarışları: azərbaycançılıq, türkçülük və islamçılıq,  XX əsrin sonlarında milli azadlıq hərəkatında azərbaycançılığın rolu,  Müstəqil Azərbaycan Respublikası və azərbaycançılıq,  Azərbaycançılıq milli ideologiya, siyasi, dövlətçilik, ideologiya, ədəbi-estetik təlim, “milli mətbuat və etnik şüur, elmi-dini, maarifçilik mənəvi özündərk nümunəsi kimi, Azərbaycançılıq və milli-mənəvi dəyərlərimiz,  azərbaycançılıq və dövlətçilik, azərbaycançılıq və türkçülüyün qarşılıqlı münasibətləri, azərbaycançılıq milli həmrəylik və xalqlar dostluğu tolerantlıq kimi,  Azərbaycançılıq ideologiyasının inkişafında Ulu Öndər Heydər Əliyevin rolu,  azərbaycançılığın müasir tədqiqi kimi çox vacib istiqamətlər üzrə çoxlu sayda məqalələrin, televiziya proqramlarının, araşdırma yazılarının, bədii, publisistik yazıların meydana gəlməsinə səbəb olub və olmaqdadır. Medianın xüsusilə müasir dövrdə ideoloji təbliğatda müsbət mənada mühüm alət olduğunu nəzərə alsaq azərbaycançılıq ideyasının təbliğində bunun necə böyük əhəmiyyət kəsb etdiyini görəcəyik.

KİV-in aşıladığı azərbaycançılıq və müstəqil dövlətçilik ideologiyası, vətənpərvərlik hissləri ilə vəhdətdə azərbaycanlıların qəlbində və ictimai şüurunda öz dövlətinə, xalqına, vətəninə böyük məhəbbət və ehtiram yaradır.

Müasir Azərbaycanın müxtəlif KİV və elm sahələrində azərbaycançılıq ideyası və ideologiyası artıq həm də tədqiqat obyektinə çevrilib".

Etibar SEYİDAĞA

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR