İnsanlara hürriyət, millətlərə istiqlal!

Dollar ajiotajını banklar yaradır

2636 18.04.2018 10:10 İqtisadiyyat A A

Natiq Cəfərli: “Birdən-birə tələbatın artması banklarda yaranmış sükutu pozdu və...”

Son günlər əhali arasında dollara tələbatın artması , buna paralel olaraq bankların da müştərilərə dollar satmaqdan imtina etməsi valyuta bazarında ajiotaj yaşanmasına səbəb olub. Qonşu ölkələrdə dolların bahalaşması haqda xəbərlərdən narahat olan vətəndaşlar əllərindəki vəsaiti dollara dəyişmək istədiyindən tələbat artıb. Hətta psixoloji təzyiqlər yaranıb ki, rubl və lirədən  sonra manat da dollar qarşısında dəyər itirə bilər. Banklarda isə dollar almaq istəyən vətəndaşlara kassada yetərli valyuta olmadığı deyilir. Digər tərəfdən, bankların dolların alış qiymətini artırması da əhalidə şübhə oyatmağa başlayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri İbrahim Alışov isə mətbuata açıqlama verərək bildirib ki, Mərkəzi Bank bankları kifayət qədər valyuta ilə tam təmin edir: “Son bir həftə ərzində Azərbaycanla tərəfdaş ölkələrdə, xüsusən də Türkiyə və Rusiyada milli valyutaların kəskin volatilliyi Azərbaycanda da bir psixoloji gərginlik yaradıb. Amma bankların heç birində nağd valyutaya olan tələbin qarşılanmaması kimi bir hal yoxdur.

İbrahim Alışov ile ilgili görsel sonucu

Bu, sadəcə, psixoloji amildir. Son bir həftə ərzində adambaşına düşən valyuta alışı 800-1300 dollar arasında dəyişir. Bu onu deməyə əsas verir ki, bu yalnız əhali qrupu arasında yayılan psixoloji gərginliklə bağlıdır. Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur”.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, son dövrlərdə ətraf ölkələrdə çox ciddi proseslər gedir: “Qonşu ölkələrin hamısında milli valyutalar dəyərdən düşüb. Səbəblər müxtəlif olsa da, proses eynidir. Rusiya rublu, Türkiyə lirəsi çox sürətlə dəyərdən düşdü, Qazaxıstan təngəsində 10 faiz ucuzlaşma oldu, İran rialı təqribən 15-20 faiz ucuzlaşdı. Bütün ətraf ölkələrdə, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə milli valyutalar dəyərdən düşüb. Hər bir  ölkədə səbəblər müxtəlif ictimai, siyasi, iqtisadi amillərdən qaynaqlansa da, faktiki olaraq belə bir dalğa yarandı. Bu da Azərbaycanda insanlar arasında belə bir narahatlığa səbəb oldu ki, manatla bağlı da oxşar qərar verilə bilər. Bunun ardınca Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov çıxış elədi, heç bir devalvasiya olmayacağını söylədi. Bu da cəmiyyətdə əks effekt doğurdu. Çünki ötən iki devalvasiyaların həmən öncəsində Mərkəzi Bank rəhbəri bu cür bəyanat vermişdi, ancaq tam əksi baş vermişdi. Bu da Mərkəzi Bankın institusional olaraq nüfuzdan düşdüyündən xəbər verir və  insanlar bu bəyanata da inanmadılar”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Natiq Cəfərli diqqətə çatdırdı ki, ətraf ölkələrdə gedən proseslərlə əlaqəli olaraq valyuta alınmasına, sərbəst manat kütləsinin yenidən dollara  çevrilməsinə start verildi: “Banklar isə buna hazır deyildilər. Çünki artıq bir ilə yaxındır ki, inzibati yollarla dollar-manat məzənnəsi sabit saxlanılır. Manat digər valyutalara nisbətdə sabit olmasa da, dollar-manat məzənnəsi əsas götürülür. Çünki bu qərarın həm də siyasi səbəbləri olduğu üçün uzun müddətdir ki, inzibati qaydada tənzimlənirdi. Banklar da adət etmişdilər ki, gündəlik tələbat 50 min dollar civarında olsun. Birdən-birə tələbatın artması banklarda yaranmış bu sükutu pozdu. Artıq insanlarda daha çox valyutaya tələb yarandı deyə banklarda olan dollar yetərli olmadı. Mərkəzi Bank buna çox gec reaksiya verdi. Dünəndən başlayaraq bankların valyuta ehtiyatını artırmaq və satışları təmin etmək üçün dolları daha çox verməyə başladı. Lakin bu, ajiotajı daha da artırır. Bir neçə gün banklarda valyuta satışında problemlər yaşananda, əhali arasında dolların tapılmaması ilə bağlı söz-söhbət genişlənəndə tələbat daha da artır, əhalinin banklara axını güclənir”.

N.Cəfərlinin fikrincə,  indiki şəraitdə manatın dollara qarşı dəyər itirməsinə elə ciddi bir iqtisadi səbəb yoxdur: “Azərbaycan çox primitiv bir iqtisadi modelə malikdir və əsasən neft qiymətləri ilə bağlıdır. Neft hazırda kifayət qədər yüksək qiymətlərə satılır, Azərbaycan hökumətinin gözləntilərindən daha da yüksəkdədir. Hökumət bu il nefti 45 dollardan götürdü, ancaq hazırda Azərbaycan nefti 72-73 dollara satılır. Yəni ölkəyə kifayət qədər böyük həcmdə dollar daxil olur. Ona görə də yaxın aylarda devalvasiya olması ehtimalı çox aşağıdır. Ancaq ilin sonuna yaxın dünyada və qonşu ölkələrdə gedən proseslərə paralel olaraq manata təzyiqlərin artması baş verə bilər. Bu ilin sentyabrından başlayaraq bu təzyiq daha çox ola bilər.

İqtisadçı-ekspert onu da vurğuladı ki, qonşu ölkələrdə milli valyutanın dəyərdən düşməsi Azərbaycanın həmin ölkələrlə ticarətini də zəiflədəcək: “Rusiya ilə bağlı ticarət dövriyyəsində mənfi saldo artacaq. Hazırda da mənfi saldo müşahidə olunur. Rusiyadan aldığımız məhsulun həcmi bu ölkəyə satdığımız məhsuldan daha çoxdur. Rublun dəyərdən düşməsi bu ölkənin bizə satdığı məhsulların həcmini də artıracaq.

Türkiyəyə isə əsasən qaz və neft məhsulları satırıq. Ancaq Türkiyədən 1000 adda məhsul alırıq. Ərzaq məhsullarından başlamış, geyimə, texnikaya qədər müxtəlif məhsullar idxal edirik. Türk lirəsinin dəyərdən düşməsi idxalı daha da cəlbedici hala gətirəcək. Bu da yeni cücərməkdə olan yerli istehsalı daha da azaldacaq. Qonşu ölkələrdə gedən proseslərin orta və uzunmüddətli dövrdə Azərbaycana daha böyük təsirləri olacaq. O zaman da hökumət məcburən manatın məzənnəsində yumşalmaya gedə bilər".

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR