İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Onurğanızda bu problemlər varsa, mütləq həkimə müraciət edin, əks halda...

2013 20.02.2023 17:21 Müsahibə A A

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neyrocərrah Cəmil İsgəndərov nazirliyin sosial media hesablarına onurğa xəstəlikləri ilə bağlı gələn sualları cavablandırıb.

Musavat.com müsahibəni təqdim edir:

- Cəmil müəllim, son zamanlar onurğa ilə bağlı ən çox rast gəlinən problemlər hansılardır?

- Son dövrlər insanların əsasən oturaq həyat şəraitinə meyilli olması ilə əlaqədar onurğa xəstəlikləri artıb. Demək olar ki, 20 yaşdan sonra əksər insanlarda ara-sıra bel ağrıları qeyd olunur. Bu da onurğa problemlərinin ilkin başlanğıc əlaməti kimi düşünülməlidir. Onurğanın ən çox rast gəlinən xəstəliklərindən biri fəqərəarası disklərin yırtıqlarıdır. Bundan əlavə, fəqərə sürüşmələri (spondilolistezlər), onurğa kanalının darlığı (stenozlar) da geniş yayılmış xəstəliklərdəndir.

- Fəqərəarası disk yırtığının əsas əlamətləri hansılardır və diaqnozu necə qoyulur?

cmil_isgndrov (1).jpg (300 KB)

- Fəqərəarası disk yırtıqları onurğanın hansı nahiyyəsində olmasından asılı olaraq müvafiq əlamətlərlə özünü göstərir. Fəqərəarası disk yırtıqlarının əsas əlamətlərindən biri ağrı sindromudur. Onurğanın hansı nahiyyəsində disk yırtığı yaranıbsa, həmin nahiyyədə olan lokal-yerli ağrılarla yanaşı, adətən bu ağrılar sıxılmış sinir boyunca yayılması ilə xarakterizə olunur. Belə ki, boyun nahiyyəsində olan yırtıqlar zamanı yuxarı ətraflarda (qollarda), bel nahiyyəsində olduqda aşağı ətraflarda (ayaqlarda), onurğanın döş nahiyyəsində olduqda isə qabırğalar boyunca yayılan ağrılar qeyd olunur. Ağrı sindromundan əlavə xəstələrdə müvafiq sinir boyunca hissiyat və hərəkət poğzunluqları da müşahidə oluna bilər ki, bu da onlarda yeriş pozğunluğuna, əmək qabiliyyətinin itirilməsinə gətirib çıxara bilir. Bu səbəbdən də xəstələrdə erkən mərhələlərdə düzgün diaqnozun qoyulması vacibdir.

Xəstəliyin diaqnozu MRT (Maqnit Rezonans Tomoqrafiya) vasitəsilə qoyulur. Əgər xəstədə müvafiq klinik əlamətlər varsa, yəni fəqərəarası diskin yırtığına uyğun əlamətlər təyin olunursa, MRT müayinəsi mütləqdir. Bəzən xəstələr səhvən ilkin olaraq KT müayinəsindən keçərək bizə müraciət edirlər. Lakin bu düzgün yanaşma sayılmır. Xəstədə ağrılar olarsa, onlar ilkin olaraq həkim-mütəxəssisə müraciət etməli və müayinə planını həkim təyin etməlidir. MRT müayinəsi vasitəsilə bir xəstənin diaqnozunu qoymaqla yanaşı müalicə taktikasını da seçirik.

- Fəqərəarası disk yırtıqları zamanı hansı müalicə üsulları tətbiq olunur və bu sahədə hansı yeniliklər var?

- İlk öncə onu qeyd edim ki, bütün fəqərəarası disk yırtıqları cərrahi əməlliyyat tələb etmir. Disk yırtıqlarının müalicəsində müxtəlif metodlar tətbiq olunur ki, bunlardan biri də cərrahi müalicədir. Əgər xəstədə olan kəskin ağrıları hansısa yolla aradan qaldırmaq mümkün deyilsə, xəstədə artıq hissiyyat, hərəkət pozğunluqları, xüsusən də çanaq funksiyalarının pozulması müşahidə olunarsa, onda cərrahi əməliyyatın icrası mütləq lazım gəlir. Hazırda fəqərəarası disk yırtıqlarının cərrahi müalicəsində müxtəlif metodlar tətbiq olunur - klassik açıq cərrahiyyə, mikrocərrahiyyə, endoskopik cərrahiyyə, mikroendoskopik cərrahiyyə və s. Bu metodların hansından istifadə etmə qərarı xəstənin klinik əlamətlərindən və MRT-nin nəticələrindən, həmçinin müalicə həkiminin gündəlik praktikasında hansı üsula üstünlük verməsindən asılıdır. Bəzən xəstədə fəqərəarası disk yırtığı ilə yanaşı onurğa darlığı, fəqərələrin qeyri-stabilliyi aşkar olunarsa, cərrahi əməliyyat zamanı müxtəlif implantlardan istifadə olunaraq daha geniş, həcmli əməliyyatlar da icra oluna bilər.

- Cərrahi əməliyyat yolu ilə problemi tam aradan qaldırmaq mümkündürmü və əməliyyatlardan sonra yenidən yırtıqların yaranma ehtimalı varmı?

- Təbii ki, cərrahi əməliyyatın nəticəsi vaxtında həkimə müraciətdən asılıdır. Belə ki, yalnız ağrı sindromu olan mərhələdə cərrahi əməliyyat icra olunarsa, bu əksər hallarda ağrıların keçməsinə və qısa müddətə xəstənin normal gündəlik həyata qayıtmasına gətirib çıxarır. Xəstə bir qədər gec müraciət edərsə, yəni artıq hissiyyat, hərəkət pozğunluqları, çanaq funksiyalarının pozulması şikayətləri yaranıbsa, icra olunmuş əməliyyatlardan sonra bərpa müalicələrinə də ehtiyac olur. Bəzən isə bu sayılan əlamətlərin bəzilərinin qalması da qeyd oluna bilir. Bu səbəbdən də fəqərəarası diskin yırtığı təsdiqlənmiş xəstələr mütləq neyrocərrah tərəfindən baxıldıqdan, cərrahi əməliyyatın lazım olub-olmaması dəqiqləşdirildikdən sonra digər müalicələrə başlamalıdır. Əks halda saydığım ağırlaşmalarda qarşılaşmalı oluruq ki, bu da əməliyyat nəticələrinə mənfi təsir edir.

Xəstələri maraqlandıran məsələlərdən biri də disk yırtıqlarının cərrahi əməliyyatdan sonra yenidən yaranma məsələsidir. Disk yırtıqlarının cərrahi əməliyyatı zamanı əksər hallarda fəqərəarası diskin bir hissəsi (yırtığa çevrilmiş hissəsi) çıxarıldığından 3-5% hallarda yenidən yaranma ehtimalı var. Bəzi hallarda isə fəqərəarası disk tam götürüldükdə, xüsusən bu boyun nahiyyəsində daha çox tətbiq olunur, təkrar yırtıqlar qeyd olunmur.

- Fəqərə sürüşməsi nədir və hansı müalicə üsulları ilə aradan qaldırılır?

- Normalda onurğanı təşkil edən fəqərələr bir-birinə nisbətən tam sıralanmış şəkildə yerləşir. Bəzi hallarda fəqərələri bir-biri ilə birləşdirən bağ aparatında, disklərdə və s. zəifləmələr, zədələnmələr baş verdikdə onlar bir-birinə nisbətən yerini önə və ya arxaya doğru dəyişmiş olur ki, bu da tibbdə fəqərə sürüşməsi-spondilolistezlər kimi tanınır. Bu zaman onurğanın ilkin olaraq dayaq funksiyası, yük daşıma qabiliyyəti pozulduğundan müxtəlif klinik əlamətlər meydana çıxır. Fəqərə sürüşmələri adətən gəzərkən, oturarkən, müxtəlif bədən hərəkətlərinin önə əyilmə və s. icrası zamanı artan ağrılarla özünü göstərir. Ağrılar xəstəyə çox da narahatlıq yaratmırsa, gündəlik həyat fəaliyyətinə təsir etmirsə və digər yanaşı nevroloji əlamətlər yoxdursa, cərrahi əməliyyata ehtiyac olmur. Əks halda isə cərrahi əməliyyat mütləq lazım gəlir.

Spondilolistezlər zamanı əksərən onurğanın müxtəlif implantlarla fiksasiyası əməliyyatları icra olunur. Bəzən fəqərənin sürüşmə səbəbi zədələnmiş fəqərəarası disk olarsa, onda onurğa fiksasiyasıyla yanaşı fəqərəarası diskin tam çıxarılması və ya dəyişdirilməsi – TLİF, PLİF və s. əməliyyatlar da icra oluna bilir.

- Onurğa xəstəlikləri yaşla nə qədər əlaqədardır?

- İlkin olaraq onu qeyd edim ki, “insan yaşlandıqca mütləq onun onurğasında problem olmalıdır” anlayışı tam yanlışdır. Lakin təbii ki, insan yaşa dolduqca onun digər orqanlarında olan dəyişikliklər kimi, onurğasında da müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərə degenerativ dəyişikliklər deyilir. Onurğada baş verən degenerativ dəyişikliklər nə qədər çox olarsa, onda onurğa xəstəliklərinin yaranma ehtimalı da çox olur. Bu səbəbdən də yaşlı insanlarda, daha dəqiq desək onurğası yaşlanmış insanlarda bel yırtıqlarının, onurğa darlığı xəstəliyinin, fəqərə sürüşmələrinin, degenerativ skoliozun və s. yaranma ehtimalı daha çoxdur.

Son olaraq qeyd etmək istəyirəm ki, yaşımızın artmasına baxmayaraq, bir onurğamızın “yaşlanmasına” maksimal imkan verməməliyik. Bunun üçün aktiv həyat tərzi, çox oturmamaq, çəki artırmamaq, ağır fiziki iş görməmək vacibdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR