İnsanlara hürriyət, millətlərə istiqlal!

“Diqqət artıq Xankəndidə suverenliyimizin bərpasına yönələcək” - Partiya sədrindən mühüm AÇIQLAMALAR

2492 27.08.2022 10:20 Müsahibə A A

Fəzail Ağamalı: “Bundan sonra mən daha böyük enerji, məsuliyyətlə, daha ardıcıl və sistemli şəkildə Vətənimə, xalqıma və dövlətimə xidmət edəcəyəm” 

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 75 yaşı tamam oldu. 1947-ci ilin 26 avqustunda Qərbi Azərbaycanda, Qarakilsə rayonunun Qızıl Şəfəq kəndində anadan olan F.Ağamalı Milli Məclisin I, II, III, IV, V və VI çağırışlarında deputat seçilib. 1992-93-cü illərdə Azərbaycan Respublikasının Sosial Təminat nazirinin müavini vəzifəsində çalışıb, 1993-1994-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icraçısı olub.

Yubileyi ərəfəsində Prezident İlham Əliyev F.Ağamalının 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fəzail Rəhim oğlu Ağamalı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Tarixi günə, Laçın şəhərinin azad olunduğu anlara təsadüf edən yubiley müsahibəsində Qarabağ, Qərbi Zəngəzur və ümumiyyətlə, Qərbi Azərbaycan mövzularından danışdıq. 

- Fəzail bəy, təbrik edirik, həm yubileyiniz, həm də dövlət başçısı tərəfindən yüksək mükafata layiq görülməyiniz münasibətilə!

- Təşəkkür edirəm. Prezident tərəfindən mənə qarşı böyük bir diqqət oldu. Mənim kiçik fəaliyyətimə, əməyimə ən yüksək qiymətdir, dəyərdir. Heç şübhəsiz ki, Vətənə xidmət anlayışını özündə əks etdirən bu yüksək səviyyəli təltif mənim üzərimə olduqca ciddi yük və məsuliyyət qoyur. Bundan sonra mən daha böyük enerji, məsuliyyətlə, daha ardıcıl və sistemli şəkildə Vətənimə, xalqıma və dövlətimə xidmət edəcəyəm.

- Birinci vitse-prezident Mehriban Əliyeva ilə eyni gündə doğulmağınızın da özəlliyi var, yəqin ki... Təbrik edibsinizmi?

- Təbii ki. Həqiqətən, bu, mənimçün çox gözəl təsadüfdür. Mehriban xanım, həmçinin Şeyx həzrətləri - o da Azərbaycanın nüfuzlu insanlarından biridir - ilə eyni gündə doğulmağın özü də kifayət qədər sevincli məqamlar yaradır. Təbriklərə gəldikdə, Mehriban xanıma şəxsən təbrikimi iki gün bundan qabaq göndərmişəm, mətbuata da verəcəyəm. Şeyx həzrətlərinə də zəng edib, təbrik edəcəyəm.

- Şübhə etmirəm ki, doğum gününüzü doğulduğunuz el-obada, kəndinizdə qeyd etməyinizi istərdiniz. Proseslər bizi Qarakilsəyə doğru aparır, elə deyilmi?

- Doğru buyurursunuz. Həqiqətən, mən yazılarımda, elə sizə də verdiyim açıqlamalarda, müsahibələrdə fikrimi birmənalı ifadə etmişəm. Bu gün də o fikirdəyəm ki, müzəffər Ali Baş Komandan 44 günlük  müharibədəki zəfərlə Azərbaycanın böyük gələcəyinə ciddi bir yol açdı. Bu, 44 günlük müharibədə biz təkcə tarixi torpaqlarımız olan Qarabağın və Qarabağın dağlıq hissəsi, Şərqi Zəngəzurun azadlığı ilə kifayətlənmədik. Bu, eyni zamanda Qərbi Azərbaycana gedən yolun təməl daşı oldu. Biz artıq bu mənada ciddi bir yola çıxmışıq və bu yolun baş memarı, bayraqdarı Ali Baş Komandandır, cənab İlham Əliyevdir. Biz də onun rəhbərliyi altında, o öndə olaraq bu müqəddəs yolda addımlamalıyıq və verilmiş olan bu tarixi şansdan istifadə edib, Qərbi Azərbaycandakı əzəli torpaqlarımızın yiyəsi olmalıyıq, ulularımızın orda dolaşan ruhlarını şad eləməliyik.

“Laçında Azərbaycan bayrağının dalğalanması antimilli qüvvələrə ciddi zərbədir”

Eyni zamanda, daha ciddi, önəmli vəzifələr, strateji hədəflər var. O strateji hədəflər də heç şübhəsiz ki, dərhal, dalbadal və dayanmadan öz həllini tapacaq. O zaman bir xalq olaraq 16-cı əsrdə ulu babamız Şah İsmayıl Xətainin yaratmış olduğu və bütün müqəddəs tarixi torpaqlarımızın bir coğrafi məkanda birləşdiyi dövlətin yaradıcısı olacağıq. Biz bu yolun başlanğıcındayıq, gedirik. Allah yolumuzu açıq eləsin! Allah Ali Baş Komandanımıza da cansağlığı, uzun ömür versin ki, başladığı yolu sona çatdıra bilsin!

- Son zamanlar Qərbi Azərbaycan kökənli insanlarımızın toparlanması, yurdlarına qayıdışla bağlı hərəkətliliyini müşahidə etməkdəyik, bir sıra addımlar atılır, davamlı tədbirlər keçirilir. Necə bilirsiniz, bu işlər məntiqi sonluğuna çata bilərmi, yoxsa beynəlxalq birliyin ədalətsiz yanaşmaları bu dəfə də ümumi işimizə maneçilik yaradacaq? Hər halda dövlət başçısının 1918-20-ci illər xəritəsini nümayiş etdirməsi sıradan məsələ deyildi, razılaşırsınızmı? Hesab etmirsinizmi ki, Prezidentin bu mesajı həm də Zəngəzur hədəfindən xəbər verirdi?         

- Yanaşmalarınız tamamilə doğrudur. Hədəfləri düzgün müəyyənləşdirirsiniz. Qərbi Azərbaycan İcmasının yaradılması gedən proseslərin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Ümumiyyətlə, birincisi, məqsədimiz bütün dünyaya bir daha sübut etmək, nümayiş etdirməkdir ki, Qərbi Azərbaycan Azərbaycanın tarixi torpaqlarıdır və 200 il bundan öncə Rus imperiyası özünün imperiya maraqlarına uyğun olaraq Azərbaycan torpaqlarını parçalayıb, işğal etdikdən sonra ermənilərin bu tarixi torpaqlarımızda yerləşdirərək, özünün geopolitik maraqlarına xidmət edən qondarma Ermənistan dövlətini yarada bilib. Ermənistan dövlətinin bizim tarixi torpaqlarda heç bir kökü, tarixi ənənəyə söykənən dövlətçiliyi yoxdur. Bu, Rusiyanın yaratdığı qondarma dövlətdir, onun layihəsidir. Bax, bugünkü proseslər zəminində deyə bilərəm ki, məhz 44 günlük müharibədən sonra və indiki Rusiya-Ukrayna müharibəsi, dünya nizamının dəyişilməsi, yenidən qurulması fonunda Ermənistan dövləti artıq buxarlanmağa başlayıb. Çox çəkməyəcək ki, hətta Azərbaycanın birbaşa hərbi müdaxiləsi olmadan bizim qəhrəman, igid əsgərlərimizin müdaxiləsi olmadan Ermənistan dövləti çöküb, yox olacaq. Biz o torpaqlara qayıtmalıyıq! Ona görə də Qərbi Azərbaycan İcmasının bu baxımdan yaradılması digər baxımdan əhəmiyyətlidir.

Bizim o zamana hazırlaşmağımız üçün Qərbi Azərbaycan İcması eyni zamanda, həmin yerlərdə kökü olan, Qərbi Azərbaycan əsilli gələcək nəsillərimiz də unutmalı deyil ki, ulu babaları o torpaqlarda uyuyur, o ərazilərin varisləri, sahibləridirlər. Odur ki, o torpaqlara qayıtmalıdırlar. Bu baxımdan da İcmanın yaradılması ciddi əhəmiyyət kəsb edir. Bütövlükdə cənab prezidentin söyləmiş olduğu hər bir fikrin altında həm məna, həm məqsəd, həm hədəf dayanır. Neçə il bundan öncə İrəvanın, Zəngəzurun və Göyçənin, digər torpaqlarımızın Azərbaycana mənsub olması haqqında yüksək tribunalardan cənab Prezidentin səsləndirmiş olduğu fikirlər artıq beynəlxalq miqyasda vətəndaşlıq haqqını və hüququnu qazanmaqdadır. Ölkə Prezidenti olduqca ağıllı, zərgər dəqiqliyi ilə bunu hazırlamaqdadır, həm beynəlxalq miqyasda, həm ölkədə ictimai fikrin formalaşması və daimi şəkildə bu məsələnin ictimai fikirdə xüsusi yer tutması baxımından, həm də atmış olduğu addımlar olduqca önəm kəsb edir.

Bu gün Laçında alternativ yolun çəkilməsi sıradan bir məsələ, elə-belə yol deyil. Bu, sadəcə olaraq Qarabağda yaşayan ermənilərlə Ermənistanda yaşayan ermənilər arasında keçid yolu deyil. Bu, bizim Zəngəzura, Dərələyəzə, Vedibasara, Zəngibasara, İrəvana, Göyçəyə, Dilicana qədər gedən yolun başlanğıcıdır. Bu, Şuşaya gedən Zəfər yolunun davamı, Böyük Zəfər yolunun başlanğıcıdır.

- Fəzail bəy, elə söhbətimizin bu məqamında sizə şad xəbəri çatdırmaq istəyirəm. Prezident indicə twit paylaşıb, artıq Azərbaycan ordusu Laçın şəhərindədir!

- Bu gün Prezident tərəfindən Azərbaycan xalqına verilmiş olan böyük müjdədir. Artıq Laçın şəhəri ilə bağlı problem də tamamilə və birdəfəlik olaraq həllini tapdı. Necə ki, Ağdam, Kəlbəcərlə bərabər, Laçından da Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə bağlı məsələ üçtərəfli bəyanatda əksini tapmışdı. Artıq narahatlıq doğuran məsələlər də həllini tapdı. Yəni ağzıgöyçəklərə bu, ciddi bir mesajdır və Laçında Azərbaycan bayrağının dalğalanması anti-Azərbaycan, antimilli qüvvələrə ciddi bir zərbədir. Nə xoş ki, bu, həm də mənim doğulduğum günə təsadüf edir. Bu, mənimçün xüsusi bir əhəmiyyət kəsb edir. Xalqımıza verilmiş olan bu hədiyyənin içərisində təbii ki, məndə fərqli hisslər özünü ifadə etməkdədir.

- Qarşıda sərhəd məsələləri ilə bağlı komissiyaların görüşləri, eyni zamanda liderlərin Brüssel görüşü var. Sizcə, Zəngəzur dəhlizinin açılması məsələsi qəti şəkildə masaya qoyulacaqmı və həllinə nail olunacaqmı?  

- Mənə belə gəlir ki, bu görüşdə yaxın gələcəkdə atılacaq daha ciddi addımlarla bağlı əhəmiyyətli əsaslar yaranacaq. Bu görüş digərlərindən mahiyyətcə fərqli olacaq. Brüssel görüşü Ermənistanın indiyəqədərki tərəddüdlərinə və ən müxtəlif hiyləgər, məkrli siyasətinə son qoya biləcək bir görüş olacaq. Çünki biz dəfələrlə cənab Prezidentin fəaliyyətində birmənalı şəkildə belə bir xətt görmüşük ki, heç zaman o, görüş xatirinə görüşə getmir. Prezident istədiyinə nail olmasa, həmin görüşlərdən imtina edir və görüşlərdə iştirak etmir. Budəfəki görüşdə cənab Prezidentin Azərbaycan naminə daha əhəmiyyətli addımlar atacağına qətiyyən şübhə yoxdur və biz həmin görüşdən sonra bunun konkret nəticələrini görəcəyik.

- Qarabağın Xankəndi, Xocalı, Xocavənd, Ağdərə hissəsində hələ də erməni yaraqlılarının tör-töküntüləri qalıb. Bu mənada günün birində yenidən “Dəmir yumruq”un işə salınması, antiterror əməliyyatının keçirilməsinə zərurət yarana bilərmi?

- Mənə belə gəlir ki, Brüssel görüşündən sonra Paşinyan özündə cəsarət tapıb həmin tör-töküntülərin işğaldan azad edilmiş ərazilərimizdən tamamilə çıxarılmasına qərar verəcək, bu barədə tərəddüdlərinə son qoyacaq. Mən buna inanmaq istərdim. Əgər bu olmasa, yaxın zamanlarda, Laçından sonra diqqət Ermənistanın silahlı qüvvələrinin tör-töküntülərinin Azərbaycandan çıxarılmasına yönələcək. Həmçinin Xankəndi və onun ətrafındakı separatçı dəstələrin ağ bayraq qaldırması istiqamətində daha intensiv iş aparılacaq. Çox çəkməyəcək ki, biz artıq buna da yaxın zaman çərçivəsində nail olacağıq. Yəni diqqət artıq Xankəndi və onun ətrafında Azərbaycanın suverenliyinin təmin edilməsi üçün addımların atılmasına yönələcək. Bu addımların atılmasında “Qisas”a bənzər, çox zərgər dəqiqliyi ilə işlənmiş qısamüddətli antiterror əməliyyatları da aparıla bilər.        

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR