İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirildi

1176 29.06.2018 08:20 Ölkə A A

“İlahiyyat İnstitutunun yaradılması gənclərimizin hər hansı ölkəyə dini təhsil almağa getməsinin qarşısını alacaq”

İyunun 28-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İlahiyyat İnstitutunun təşəbbüsü ilə “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirildi. Tədbirdə DQİDK sədri Mübariz Qurbanlı, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Müzəffər Talıblı, Prezident yanında Bilik Fondunun, QMİ-nin təmsilçisi, o cümlədən yerli alban-udin, yəhudi icmalarının rəhbərləri, ilahiyyatçılar, media təmsilçiləri iştirak edirdi.

DQİDK sədri Mübariz Qurbanlı Azərbaycanda dini təhsil ənənəsinin, təcrübənin olması haqda ətraflı məlumat verdi. Azərbaycan Rusiyanın işğalı altına düşdükdən sonra ölkədə dini təhsilin səviyyəsi aşağı düşüb, sovet dövründə isə dini təhsil tamamilə qadağan olunub, azsaylı mütəxəssislər Orta Asiyada təhsil alıblar.

M.Qurbanlı bildirdi ki, yeni yaradılan İlahiyyat İnstitutu yerli kadrların hazırlanmasında ciddi rol oynayacaq, daha əvvəl mövcud olan dini təhsil üçün xaricə gedənlər artıq ölkə daxilində təhsil alacaqlar və bununla da bundan sonra xaricdə təhsil alan kadrlar işləyə bilməyəcək. Amma bu qayda bundan əvvəl xaricdə təhsil alan ilahiyyatçılara aid olmayacaq. Sitat: “Buna görə də cənab prezident İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutu yaradılıb. Azərbaycanda pulsuz dini təhsilin olmaması gənclərimizin xarici ölkələrə getməsinə rəvac verirdi. Digər tərəfdən, qanunvericiliyə əsasən, Azərbaycanda məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır. İlahiyyat İnstitutunun yaradılması gənclərimizin hər hansı ölkəyə dini təhsil almağa getməsinin qarşısını alacaq”.

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov İslam təhsili ilə bağlı geniş təqdimat etdi. İslam tarixində təhsilin islamiyyətin ilk illərindən başladığını xatırladan rektor Azərbaycanda da dini təhsil təcrübəsinin qədim dövrlərə dayandığını qeyd etdi. C.Məmmədov buna qədər Azərbaycanda Bakı İslam Universitetinin, həmçinin Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin ilahiyyatçı kadrlar hazırladığını bildirdi. Rektor qeyd etdi ki, 1992-ci ildən bu günə qədər 819 tələbə BDU-nun ilahiyyat fakültəsini bitirib. 3 mindən çox insan isə Bakı İslam Universitetini bitirib. Lakin eyni zamanda çoxlu sayda azərbaycanlı xarici ölkələrdə dini təhsil alıb.

Yeni yaradılan İlahiyyat İnstitutuna isə yerli kadrların hazırlanması üçün daha geniş imkanlar yaradıldığını qeyd edən rektor bildirdi ki, hazırda yeni tədris standartlarının hazırlanması ilə bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılır və yaxın gələcəkdə yekun qərar qəbul ediləcək. Yeni tədris ilindən İlahiyyat İnstitutuna 60 nəfər qəbul olunacaq.

Ceyhun Məmmədov bildirdi ki, qarşıya qoyulan əsas məsələ odur ki, tələbələrə ilahiyyat elmləri ilə yanaşı, dünyəvi elmlər, tarix, Azərbaycan dili dərsləri tədris olunacaq. Bundan başqa, İlahiyyat İnstitutunda digər dinlər - xristianlıq, yəhudilik və başqa dinlər araşdırılacaq.

Bundan başqa, müxtəlif dini istiqamətlər üzrə seminarlar, konfranslar təşkil olunacaq, bu ayın 22-də keçirilən ilahiyyatçı alimlərlə görüşlərin silsilə şəklində davam etdirilməsi nəzərdə tutulub. Bundan başqa, C.Məmmədov BDU-nun ilahiyyat fakültəsində tədris olunan dərsliklərin Azərbaycan dilinə çevrilməsi, eyni zamanda yeni dərs vəsaitlərinin və kitabların çap edilməsinin nəzərdə tutulduğunu bildirdi: “Çünki hazırda bu sahədə olan dərsliklər türk dilindədir. Eyni zamanda ilahiyyatla bağlı dərs vəsaitinin hazırlanması əsas məqsədlərdən biridir”.

Bundan başqa, İlahiyyat İnstitutunda müəllimlərin daha səmərəli çalışması üçün bir sıra planlar həyata keçiriləcək, o cümlədən institutda çalışacaq hər bir müəllimin fəaliyyəti dəst ilinin sonunda qiymətləndiriləcək: “Nəticələr qənaətbəxş olmasa o, başqa müəllimlə əvəz ediləcək. Senzuranı güclü qurmaq lazımdır ki, nəticə də uğurlu olsun”.

Daha sonra çıxış edən Bakı Şəhəri Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev Azərbaycanda bütün dinlərin sərbəst şəkildə yaşadığını və dəyərlərini inkişaf etdirdiyini qeyd etdi. Yevdayev azərbaycanlı yəhudilərin öz dəyərlərini qoruyub saxladığını və tədris etdiyini qeyd etdi. Onun sözlərinə görə, Qubada İşiva adlı kollec bu günə qədər yüzlərlə ravvin hazırlayıb. Artıq 10 yaşında uşaqlar belə Tövratı oxuya bilir. Hazırda Azərbaycanda 9 sinaqoqun fəaliyyət göstərir, biri də tikilir. İki orta məktəb, 3 bağça fəaliyyət göstərir.

Alban Udin icmasının sədri Robert Mobili Alban idin kilsəsi üçün İlahiyyat İnstitutunda kvota ayrılmasını təklif etdi. Onun sözlərinə görə, bu, olarsa, Azərbaycanda Alban idin kilsəsi bərpa edilə bilər.

Çıxış edən ilahiyyatçılar Vüsal Məmmədov və fəlsəfə müəllimi Mail Yaqub yeni yaradılan institutla bağlı təkliflərini səsləndirdi. Fəlsəfə müəllimi Mail Yaqub həm də ilahiyyat təhsili olduğunu və Azərbaycandan insanların təkcə ilahiyyat təhsili pullu olduğu üçün deyil, həm də xarici ölkələrdə dini mərkəzlərdə dinlə bağlı səmimiyyət olduğu üçün getdiyini xatırlatdı. Din sahəsinin həddən artıq həssas olduğunu xatırladan ekspert yerli savadlı kadrların hazırlanmasının vacib olduğunu xatırlatdı. Qeyd edək ki, tədbirdə çıxış edən hökumət təmsilçiləri İlahiyyat İnstitutunun səmərəli işləməsi üçün dövlət orqanlarının lazım olan dəstəyi verəcəyini vurğuladılar.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR