İnsanlara hürriyət, millətlərə istiqlal!

Dini inancdan sui-istifadə ilə necə mübarizə aparmalı?

1372 17.06.2022 09:10 KİVDF layihələri A A

Ekspert: “Əgər həqiqətən də belə bir fakt varsa və bu fakt sübut olunubsa...”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda dini təfriqə yaratmaqda maraqlı olanlar qüvvələr barədə narahatlıq ifadə edən bəyanatlar verib. “Azərbaycan beynəlxalq aləmdə ictimai-siyasi sabitlik şəraitində dini tolerantlığın və multikultural dəyərlərin inkişaf etdiyi, bütün dini konfessiyalara bərabər münasibətin göstərildiyi, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğu, dini-mədəni müxtəlifliyin qorunduğu dövlət kimi tanınır”, - deyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bəyanatında bildirilir.

Qeyd edilir ki, Azərbaycanın uğurlarından və mövqelərinin daha da güclənməsindən narahat olan bəzi dairələr vətəndaşların dini inancından sui-istifadə etməklə məkrli, destruktiv əməllərə rəvac verirlər: “Aydındır ki, bu tipli çirkin ”əməllər" multikultural və tolerant dəyərlərə söykənən Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq rədd edilir. Demokratiya, qanunun aliliyi, unitarlıq və dünyəvilik prinsiplərinə söykənən Azərbaycan Konstitusiyasının əsaslarına zidd olaraq siyasi idarəçiliyi və həyat tərzini “şəriət qaydaları” adı altında təbliğ edən, özündə bir neçə nəfəri birləşdirən “təşkilat” və yaxud dərnək səviyyəli qruplar əslində dini pərdə altında gizlənmiş, insanların inanc və dini hissələrini istismar edən pozucu elementlərdən başqa bir şey deyildir. Əminliklə demək olar ki, bu cür elementlərin fitnəkar əməllərini xalqımız böyük ikrah hissi ilə qarşılayır və buna görə də onların çirkin niyyətləri beşiyindəcə iflasa məhkumdur".

Dini Komitənin bəyanatı: “Azərbaycanda dini təfriqə salmaq istəyənlər var”

Dini Komitənin bu açıqlamasında daha bir nüans diqqət çəkir: “Bu cür qərəzli və qeyri-sağlam mövqe tutan şəxslərə ”dini təhsil" verib “ruhani” kimi yetişdirən bəzi xarici dövlətlərin dini mərkəzləri və digər təşkilatları 30 il düşmən tapdağı altında qalan və donuz axuru kimi istifadə edilən məscidlərimizə görə bir dəfə də olsun erməni qəsbkarlarına etiraz etməmişdir. Lakin onlar bu gün öz “kadrlar”ı vasitəsilə məscidləri inşa və bərpa edən, İslami dəyərləri daim uca tutan müsəlman ölkəsində - Azərbaycanda “İslamı müdafiə” adı altında pozucu fəaliyyətə əl atır, sosial mediada dövlət qurumlarının əleyhinə şər və böhtan kampaniyasına rəvac verir, sülh və barışa böyük önəm verən İslam dəyərlərindən sui-istifadə edərək süni gərginlik yaratmağa səy göstərirlər".

Yalnız Dini Komitə deyil, zaman-zaman müstəqil ekspertlər də bu məsələ ilə bağlı həyəcan təbili çalıblar. Onlar qeyd edirlər ki, illərdir hansısa xarici qüvvələr Azərbaycanda dini duruma təsir etməyə çalışır, məzhəblər, xalqlar arasında qarşıdurma yaratmağa cəhdlər edirlər.

Sosial ipoteka kimlərə şamil olunur? – Şərtlər - Çıxışa doğru da MÜZAKİRƏ  (+FOTO=5, +VİDEO)

Əfqan Musayev 

Mövzu ilə bağlı Azərbaycan Dövlət İqtisad Universiteti İslam Maliyyə Tədqiqat Mərkəzinin tədqiqatçısı  Əfqan Musayev “Yeni Müsavat”a fikirlərini belə açıqladı: “İlk növbədə dəqiq faktlara əsaslanmaq lazımdır. Əgər həqiqətən də belə bir fakt varsa və bu fakt sübut olunubsa, bu barədə ilk növbədə rəsmi dövlət orqanları öz fikirlərini bəyan etməlidirlər. Azərbaycanın da düşmənləri çoxdur. Həm erməni qüvvələri tərəfindən, həm də digər Azərbaycana xoş münasibət bəsləməyən sosial şəbəkələr, media qurumları var ki, bunlar istəməzlər ki, ölkəmizdə sosial-siyasi stabillik olsun. Buna görə də bu problemi ortaya atırlar. Azərbaycan cəmiyyətində bütün dini konfessiyalar təmsil olunur. Az və çox olmasından asılı olmayaraq, onların hər birinin Azərbaycan mədəniyyətində, ölkəmizin dini mədəniyyətində, onun inkişafında öz rolu var. İslam dininə qədər Azərbaycan erkən xristianlığın mərkəzlərindən biri olub. Erkən xristianlığa qədər Azərbaycanda atəşpərəstliyin dini konfessiyaları mövcud olub. Azərbaycanda xristianlıqla bərabər yəhudilik də olub. Bu gün bu  konfessiyaların hər biri Azərbaycan cəmiyyətinin inkişafında, formalaşmasında öz müsbət rolunu oynamalıdır. Amma bunların arasında təfriqə yaratmaq, birini artırıb, birini azaltmaq, insanların dini inanclarına toxunaraq onları səhv yönəltmək qəbulolunmaz haldır. Mən belə hesab edirəm ki, dövlət orqanları öz münasibətlərini dəqiq şəkildə bildirməlidirlər. Bura istər Qafqaz Müsəlmanları İdarəsi olsun, istərsə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olsun, istərsə də dini konfessiyaların nümayəndələri olsun, onlar dəyirmi masa ətrafında bir yerə toplanaraq münasibətlərini bildirməlidirlər”.

Afaq MİRAYİQ

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR