İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dini dözümlülük məfhumunu doğru anlamağımız lazımdır”

1503 20.05.2022 08:10 KİVDF layihələri A A

Ekspert: “Azərbaycanda başqa ölkənin dini liderini dəstəkləyən varsa, bunu ancaq ortaya özünün dini liderini çıxarmaqla dəyişmək olar”

Meyxanaçı Rəşad Dağlının Xameneyinin ünvanına səsləndirdiyi sözlərə görə üzr istəməsi neçə gündür ki,  müzakirə edilir. Bəzi ekspertlər qeyd ediblər ki, Azərbaycanın bəzi dini qrupları Xameneyiyə siyasi kimlikdən çox dini lider kimi yanaşdığından Rəşad Dağlının meyxana ilə onu tənqid etməsi insanların vicdan və din azadlığına, dini inanclarına müdaxilə kimi başa düşülüb.

İllərdir ki, ölkəmizdə irqindən, millətindən, kimliyindən asılı olmayaraq başqa dinə, etiqadlara mənsub olan xalqlara qarşı hörmətlə yanaşılır və onlar arasında hər hansı qarşıdurma baş verməyib. Ümumiyyətlə, nə zaman dözümlülük, tolerantlıq nümayiş etdirilməlidir? Bəziləri hesab edir ki, ölkəmizdə başqa bir dini liderə səcdə etmək yolverilməzdir. Bəs görəsən, bu cür münasibət sərgiləyənlərə necə yanaşılmalıdır? 

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

Mövzu ilə bağlı AĞ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov “Yeni Müsavat”a bunları şərh edib: “İlk öncə onu qeyd edim ki, istənilən məsələyə fikir bildirəndə- bu fikir istər mədəniyyət sahəsində, istərsə də ictimai-siyasi fəaliyyətin digər sahələrində olsun- təhqir alt kontekstini verə bilən sözlərdən, ifadələrdən çəkinmək lazımdır. Nə üçün? Çünki istənilən halda, biz onu nəzərə almalıyıq ki,  postmüharibə dövrünü yaşayan, mental dəyərləri və yanaşmaları spesifik olan Şərq cəmiyyətiyik. Bu, qüsurdurmu? Qətiyyən deyil. Çünki biz şərqli olaraq bağlandığımız insanlara, simvollara xüsusi önəm veririk. Hətta bir çox hallarda onlara kifayət qədər ciddi bir şəkildə bağlanırıq. Bu, təbii ki, mənim üçün ilkin yanaşmadır. Konkret olaraq Rəşad Dağlı kimi tanınan meyxanaçının İranın dini liderləri haqqında meyxanasına görə üzr istəməsi onun şəxsi təşəbbüsü, peşmançılığı ola bilər. Çünki üzr videosunda özü də bəyan edir ki, İslam dininin şiə məzhəbindəndir və qeyd edilən şəxslərə hörmət və məhəbbəti vardır. Həm də vurğulayır ki, bir sıra şəhərlərə ziyarətlər də həyata keçirib. Buna görə də üzr istəyib. Azərbaycan cəmiyyətinə gəldikdə isə Azərbaycan insanının ən önəmli xüsusiyyətlərindən biri də odur ki, bizdə kiminsə müqəddəsini təhqir etmək ənənəsi yoxdur. Bunun da özünəməxsus siyasi və tarixi səbəbləri vardır. Məhz buna görə də meyxana ilə bağlı olaraq müəyyən dini istiqamətlərdə olan inanclılarda bir etiraz yaranması təbiidir. Burada xüsusi ilə onu qeyd etmək istəyirəm ki, tolerantlıq, dini dözümlülük məfhumlarını bizim düzgün bir şəkildə anlamağımız lazımdır. Avropanın özündə elə şeylər var ki, sən onunla bağlı olaraq alternativ bir söz söyləsən, hüquqi cəza ala bilərsən. Amma nə məsələdirsə İslam peyğəmbərini təhqir edən şəxslər insan haqları məfhumunun altında mühafizə edilirlər. Başqa ölkələrin dini liderləri məsələsinə gəldikdə isə burada üzərimizə digər bir vəzifə düşür. Bizim ölkədə dindarların gözündə ”mərciy", yəni dönüş və müraciət yeri olan dini liderlər yetişməlidir. Müvafiq qurumlar, dini siyasətlə bağlı işləyən qurumlar bunda maraqlı olmalıdırlar. Siz istənilən bir xarici dini təsiri azaltmaq istəyirsinizsə, bunu inzibati üsulla etsəniz, bumeranq effekti görərsiniz. Çünki dindar duyğulu insandır. Dindarın məsələlərə yanaşması soyuq deyildir, o, mücərrədləşmiş ölü rasionallıqla baxmaz məsələyə. Dindar ağlın idrakına ruhun duzunu qatar. Ona görə də ölkəmizdə İslam məzhəblərinin hər ikisində ciddi, savadlı və ruhaniyyət mənəviyyatı yüksək olan insanlar yetişməlidir. Bunun vasitəsilə dindar kütlələrdə fərqli fikirlərə münasibətdə ədalətlilik tərbiyə etmək mümkün olar".

Dözümlülük sərhədlərinə gəldikdə isə A. Hüseynov deyib ki, təhqir və istehza məzmunu daşımayan əqli qənaətlərdən qaynaqlanan istənilən tənqidə dindarlar dözümlü olmalıdırlar: “Buna da əqli və nəqli dəlillərlə cavab verməlidirlər. Bir də, ümumiyyətlə, hesab etmirəm ki, hətta haqqında danışdığımız şəxs kimi isə təhqir etmək istəyib, sadəcə, onun sənətinin üslubiyyatına bağlıdır, amma yenə də hər bir kəs hər bir halda insanların ehtiram etdikləri dini liderlərə qarşı təhqir elementi hesab ediləcək söz deməməlidir. Bununla belə, konkret bu halı demirəm, ümumən heç kim də bu ölkədə məcburetmə funksiyasını öz üzərinə götürməməlidir. Bunun üçün hüquqi instansiyalar vardır. Azərbaycanda başqa ölkənin dini liderini dəstəkləyən varsa, bunu ancaq ortaya özünün dini liderini çıxarmaqla dəyişmək olar.

Bu da təbliğat müstəvisində aparılmalıdır. Şiəlik məzhəbinin fiqhi qaydalarında hansı isə bir “mərceyi” təqlidə təqlid etmək bir qaydadır. Bu qaydanı dəyişmək olmaz. Bu qayda ilə razılaşmayan məzhəbini dəyişir. Əgər Azərbaycanda bunun təhlükəsizlik məsələsinə aidliyini düşünürlərsə, bir daha vurğulayıram, savadlı və mənəviyyatlı milli dini xadimlər yetişdirmək lazımdır. Həmin adamlar dünyanın digər nüfuzlu dini liderləri tərəfindən həqiqi dini avtoritetlər kimi qəbul edilsin. O zaman həmin insanların da kifayət qədər böyük olan dindar cameəsi formalaşacaqdır. Biz məmləkətimizi ağlın və mənəviyyatın vəhdəti ölkəsinə çevirmək üçün davamlı çalışmalıyıq. Biz əmin-amanlığı nemət bilən xalqıq, çünki 30 illik bir təcavüz yaşadıq. Dözümlülük anlayışına öz izahımızı verməliyik".

Afar MİRAYİQ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR