İnsanlara hürriyət, millətlərə istiqlal!

“Din amilindən istifadə edərək təxribat yaratmaq istəyən qruplar var” - Mübariz Qurbanlı

1232 17.07.2018 08:00 Gündəm A A

Dini radikalizmə qarşı mübarizədə medianın rolu mövzusunda konfrans keçirildi; Mübariz Qurbanlı: “Dinin arxasında ”radikal", “terror” ifadəsi gəlirsə, bu, artıq din sayıla bilməz"

Dini radikalizmə qarşı mübarizədə medianın rolu mövzusunda konfrans keçirildi; Mübariz Qurbanlı: “Dinin arxasında ”radikal", “terror” ifadəsi gəlirsə, bu, artıq din sayıla bilməz"

İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Media: dini radikalizmlə mübarizə” adlı konfrans  keçirildi. Tədbirdə komitə sədri Mübariz Qurbanlı, deputatlar, din xadimləri, media orqanları rəhbərləri və jurnalistlər iştirak edirdi.

DQİDK sədri Mübariz Qurbanlı bir sıra məsələlərə toxundu. Azərbaycanda ictimai-siyasi sabitlik olduğunu qeyd edən komitə sədrinin fikrincə, bəzi qüvvələr din amilindən istifadə edərək ölkədə sabitliyi pozmağa cəhdlər edir. Medianın bu məsələlərdə həssas rol oynadığını xatırladan komitə sədri medianı terminlərə qarşı həssas olmağa çağırdı. M.Qurbanlı mediada “dini radikal”, “dini ekstremizm” kimi ifadələrin işlədilməsinə qarşı olduğunu bildirdi. Dünyada “xristian terrorizmi”, “yəhudi terrorizmi” ifadəsi olmadığını qeyd edən DQİDK sədri terroru İslama bağlamağa çalışan qüvvələrin olduğunu, “din adı altında gizlənən ekstremist”, “radikal qruplar” ifadəsindən istifadəni daha məqbul olduğunu bildirdi. Sədrin fikrincə, dinin arxasında “radikal”, “terror” ifadəsi gəlirsə, bu, artıq din sayıla bilməz.

Mübariz Qurbanlı bildirdi ki, Azərbaycanda dindarlıq səviyyəsi digər müsəlman ölkələri ilə müqayisədə azdır. Komitə sədrinin sözlərinə görə, Bakıda bayram günlərində məscidlərdə ibadət etmə faizi 5 faizi keçmir. Gəncədə isə bu göstərici 4 faizi keçmir. Ümumilikdə isə komitə sədrinə görə, ölkədə dindarlıq 7-8 faiz civarındadır.

Əflatun Amaşov: “İslam sülh dini olsa da, bəzi qüvvələr ondan öz maraqları üçün istifadə edir”

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, Gəncədə və Sumqayıtda bəzi şəxslərin saxlanılması yeni hadisə deyil. “Biz bu haqda daha açıq və dəqiq danışmalıyıq” deyən MŞ sədrinin sözlərinə görə, İslam sülh dini olsa da, bəzi qüvvələr ondan öz maraqları üçün istifadə edir. Ə.Amaşov bundan əvvəl Nardaranda, Hacı Cavad məscidi ətrafında baş verən hadisələri xatırladaraq mediada islamçı çağırışlar olduğunu qeyd etdi. Eyni zamanda əsas qızışdırıcı mərkəzlərin xaricdə olduğunu bildirdi. Ə.Amaşov iranyönlü nur.az, qafqaz.ir, abna kimi saytların fəaliyyətinin narahatlıq doğurduğunu bildirdi.

Azərbaycanda 3 milyon sosial şəbəkə istifadəçisinin olduğunu qeyd edən Ə.Amaşov dövlətə qarşı olan qüvvələrin sosial şəbəkələrdən aktiv istifadə etdiyini bildirdi. Əflatun Amaşovun sözlərinə görə, Azərbaycanın müstəqil xarici siyasəti, beynəlxalq layihələri xaricdə düşmənçilik fəaliyyətlərinə səbəb olur. Ə.Amaşov baş verən hadisələrin İslam dini ilə əlaqəsinin olmadığını, ayrı-ayrı qrupların din pərdəsi altında gizlənərək öz niyyətlərinə çatmaq istədiklərini bildirdi.

Deputat Bəxtiyar Sadıqov, QMİ sədrinin müavini Fuad Nurullayev İslamın sülh dini olduğunu, ancaq bəlli dairələrin dini gözdən salmağa çalışdığını, İslamı terror və zorakılığa bağlamağa çalışdığını bildirdilər. Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev isə xarici qüvvələrin Azərbaycanda təxribat yaratmağa çalışdığını, din amilindən istifadə olunduğunu bildirdi. O, terror və zorakılığın İslam dini ilə heç bir əlaqəsinin olmadığını da qeyd etdi.

Deputat Fazil Mustafa isə bu hadisələrin səbəbləri sırasında məmur özbaşınalığı kimi amillərin dayandığı, ancaq hadisələrin arxasında böyük dövlətlərin olduğunu qeyd etdi. Böyük geostrateji oyunların getdiyini deyən deputatın fikrincə, dindarların bu işdə alət olmasının əsas səbəbi dini maarifçiliyin zəif olmasıdır. Dövlətin dini ibadət ocaqlarını təmir etməsini müsbət addım kimi qeyd edən deputat ziyarətgahların təmir edilməsinin doğru olmadığını, bunun əvəzinə məktəblərin inşa edilməli olduğunu bildirdi. F.Mustafa bildirdi ki, dövlət dinə yanaşmanı dəyişməli, dini maarifçilik işini gücləndirməlidir. Deputat Ramazan ayı boyunca telekanallarda maarifləndirici verilişlərin olmadığını, insanların dini verilişləri xarici ölkələrin telekanallarından izlədiyini bildirdi.

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı milli və dini vəhdətin sabitliyin zəmanəti olduğunu, bu səbəbdən də ölkədə sabitliyə zərbə vurmaq üçün dindən istifadə olunduğunu bildirdi. O, sosial şəbəkələrdə təxribat çağırışları edənlərin içərisində xarici, o cümlədən düşmən ölkənin kəşfiyyat orqanlarının əməkdaşlarının olduğunu diqqətə çatdırdı.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR