İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatın Başkənd açıqlaması cəmiyyəti hiddətləndirdi

943 30.04.2024 11:52 Gündəm A A

Rasim Musabəyova sərt reaksiya: “Başkənd bu xalqın qılınc haqqıdır”

Deputatlar Rasim Musabəyov və Anar İsgəndərovun Başkəndlə bağlı açıqlamaları cəmiyyətdə hiddətə səbəb olub. 

İnsafən A.İsgəndərov həmkarına baxanda abırlı danışıb. Sadəcə, onun Gədəbəydə yerləşən Başkənd kəndini Qazax ərazisi kimi təqdim etməsi sərt reaksiya doğurub. Hər kəs deyir, bu da mənim tarixçi alimim...

A.İsgəndərov isə fikirlərinin yanlış anlaşıldığını bildirib.

“Məsuliyyətli bir insan və alim kimi öz yazdıqlarıma, dediklərimə cavabdehəm” - deyə o qeyd edib: “Başkənd tarixi Azərbaycan torpağıdır, bura necə anklav ola bilər? İctimai TV-də də bunun tarixi haqqında danışmışam. 1783-cü ildə Kartli-Kaxetiya hökmdarı II İrakli Çar Rusiyası ilə Georgievsk müqaviləsi imzalayıb. 1801-ci ildə indiki Gürcüstan ərazisi Rusiya tərəfindən işğal olundu. Həmin ildə Qazax, Şəmşəddil və Borçalı sultanlıqlarının zəbt olunması ilə Azərbaycanın Çar Rusiyası tərəfindən işğalına başlandı. Bəs Qazax-Şəmşəddil haranı əhatə edirdi? Qazax-Şəmşəddilə Qazax, Ağstafa, Şəmkir, Zəyəm, Gədəbəy, İcevan və Dilican torpaqları daxil idi. Bu torpaqlar da Gürcüstan ərazisi işğal ediləndə Çar Rusiyasının tərkibinə qatıldı. Məni Qazax və Gədəbəyi tanımamaqda ittiham edirlər. Ancaq mən Başkəndə Qazax ərazisi deməmişəm, tarixdən danışmışam. Yəni tarixi faktlar da Başkəndin Azərbaycan torpağı olduğunu sübut edir. Biz nə üçün onu Ermənistana verməliyik?”

Başkəndi ermənilərə “verən” Rasim Musabəyov kimdir? – DOSYE - GlobalInfo.az

R.Musabəyov isə deyib ki, Başkənd Azərbaycanda strateji əhəmiyyətli yer deyil...

Onun kimliyini göstərəcək qısa bir arayiş verək. O həmin şəxsdir ki, babası bolşevik Qəzənfər Musabəyovdur. Q.Musabəyovun da bacısı hər kəsin tanıdığı Ayna Sultanovadır. Hər iki şəxs Xalq Cümhuriyyətimizə qarşı çıxan və sonralar elə müdafiə etdikləri sovetlər tərəfindən güllələnən şəxslərdir, həmçinin Ayna Sultanovanın həyat yoldaşı Həmid Sultanov. Bu faktlar hər kəsə çox şey deyir...

Əziz Əlibəyli: “Göstərildi ki, bu qlobal savaşda Azərbaycan və  müttəfiqlərinin iradəsi həlledicidir” | 1news.az | Xəbərlər

Əziz Əlibəyli

Bu biabırçılıqla bağlı öz Facebook profilində ilk məlumatı Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya departamentinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli yayıb. “Yeni Müsavat” sözügedən məsələ ilə bağlı həmin mövqeyi təqdim edir: “İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən tarixçi alim, deputat Anar İsgəndərov Başkəndin Qazax ərazisində olduğunu bildirir (tarixçinin tarixdən məlumatlılıq dərəcəsi), digər deputat Rasim Musabəyov isə Başkəndin heç bir “strateji əhəmiyyəti” olmadığını bildirir və gələcəkdə “mübadilə üçün” öz aləmində “əsas yaratmağa” cəhd edir. Musabəyov tarixi yaxşı bilməli idi, axı Başkəndin erməni işğalında qalması Şınıx zonasının 28 kəndi ilə yanaşı, bütöv Gədəbəy, Şəmkir (dolayısı ilə Gəncəyə qədər) Tovuz ərazisinin təhlükə altına düşməsi deməkdir.

Burada televiziya maraqlanmalı idi ki, ekspert adı ilə danışan şəxslərin ağıllarına gələn sözləri işlətməsini vermək olarmı? İkincisi, bu şəxslərin səthi məlumatlılıq səviyyəsi ölkə rəhbərliyinin sözügedən istiqamətdə apardığı siyasətə nə dərəcədə adekvatdır və onun, komandasının baxışlarına zərbə vuraraq, niyə Ermənistan baş nazirinin istinad əlini gücləndirməyə xidmət etməlidir?

Nəhayət, bu iki şəxslə bağlı isə yalnız təəssüf edirəm və bildirirəm ki, Azərbaycan torpağı sizin şəxsi məqsədlərinizdən istifadə üçün nəzərdə tutulmayıb ki, onu kimə gəldi bəxş edəsiniz, minlərlə şəhidin haqqı var üzərində..."

1992-ci ildə Gədəbəydə özünümüdafiə batalyonu yaradaraq Başkəndin ermənilərdən təmizlənməsində mühüm rol oynayan qəhrəman döyüşçü Faiq Mahmudov Musavat.com-a açıqlamasında olduqca sərt danışıb: “O danışığa diqqətlə qulaq asdım. İnanın ki, özümə yer tapa bilmədim. Yoxlanılsa, bu səviyyəsizin ermənilərlə əlaqəsi belə üzə çıxar. Yaşıma hörmət edib, başqa ağır ifadələr işlətmirəm. Başkənd Azərbaycan üçün ən strateji əhəmiyyətə malik olan ərazilərimizdən biridir. Biz o vaxt Başkəndi ala bilməsəydik, onların aşağı düşməyə ehtiyacları belə yox idi. Belə ki, Yasamalın başında durub Kürdən o tərəfi tam, rahat şəkildə götürəcəkdilər. Yevlaxdan üzü Gədəbəyə tərəf ermənilərin tam nəzarətinə keçirdi. İndi görün, bu deputat hansı ifadələri işlədir. Gədəbəyin getməsi dərhal Tovuzun, Şəmkirin, Gəncənin, Yevlağın, Qazağın, Samuxun getməsi demək idi. Bu ərazilər ani anda əldən gedəsi idi. Rasimin bu qədər də irəli gedəcəyini heç güman etməzdim. Hansı əsasla deyir ki, Başkəndin heç bir strateji əhəmiyyəti yoxdur? Əgər belədirsə, niyə ermənilər var gücləri ilə bu ərazinin qaytarılmasına çalışırlar? Bu, çox savadsız bir danışıqdır. Bu, şəxsən gədəbəylilərə qarşı bir təhqirdir. Qonşu rayonlar üçün də, bütövlükdə Azərbaycanımız üçün təhqirdir.

Əgər hansısa bir formada Başkənd əlimizdən gedərsə, həyatım orada bitər. O torpağı qanımız bahasına aldıq, nə qədər şəhidlər verdik.

O döyüş gedən dağları görmüsünüz. Biz indi Tağlar kəndimizi tələb etməliyik ki, qayıtsın. Siz də bilirsiniz ki, oranın sakinləri indi harada məskunlaşıblar. Qonşu kəndlərdə yerləşiblər. Nədənsə dövlət səviyyəsində hələ o yer tələb olunmur. Yəqin ki, bu da olacaq. Deyərdim ki, Başkənd bölgənin açarıdır. Bu nadan hələ bu yerin qaytarılmasını istəyir. Bir tərəfdən Qarabağ idisə, digər tərəfdən Gədəbəy idi. Bu adam anlamır ki, Başkənd gedərsə, Şınığın 26 kəndi təhlükə altına düşəcək. Digər tərəfdən, biz gədəbəylilər üçün bu, təhqir olmazmı? Düşünürəm ki, onun çıxışına hakimiyyət səviyyəsində ən sərt reaksiya verilməlidir. Şəxsən mən özüm neçə şəhid verdim, gözümün önündə kimləri itirmədim".

Başkəndin alınmasında göstərdiyi rəşadətə görə 3 dəfə adı milli qəhrəman almağa təqdim olunsa da, həmin vaxt torpaqlarımız işğal altında olduğu üçün bu addan imtina edən, keçmiş döyüşçü, ehtiyatda olan mayor Əmrah Cabbarlı deputatlara xatırlatma kimi Başkəndin azad edildiyi tarixi zamandan danışıb: “Bu, sadəcə, rüsvayçılıqdır. Özü də kimlər deyir. 1992-ci ildə Azərbaycan Televiziyası ilə çıxışım var. Orada Başkəndin ermənilərə verildiyi tarixdən danışmışam. 1929-cu ildə qəbul edilən qərarla kənd ermənilərə verilib. Bu barədə Azərbaycan dövlət orqanlarının heç birinin qərarı olmayıb. Elə bir qərar varsa, Anar İsgəndərov və Rasim Musabəyov mənə göstərsinlər. Azərbaycan Televiziyası ilə etdiyim çıxışı da göndərəcəm. İnternet resurslarında da bu çıxış var. Özümü diqqətə gətirməyi heç vaxt istəməmişəm. 2 dəfə o vaxt Gədəbəyin icra başçısı olan şəxs milli qəhrəman adının mənə təqdim olunması barədə sənədi imzalayıb. Bir dəfə də 544 Şınıx sakini imza ataraq prezidentə müraciət ediblər ki, həmin gecə Əmrah Cabbarlı Qaradağ yüksəkliyini saxlaya bilməsəydi, Şınıxda Xocalı faciəsi təkrar oluna bilərdi. Belə bir dövrlərdən keçib gəldik. İndi də Rasim kimilər çıxıb belə fikirlər irəli sürür. Hər iki deputatın bu fikirlərinə olduqca mənfi yanaşıram. Bu coğrafiyada Ermənistan adında dövlət olmayıb. 

Azərbaycan Xalq Cümhuriyyətinin dövründə əlimizdə olan 114 min kvadrat kilometr əraziyə sahib çıxmağa çalışacağıq. Sadəcə, bu nadanların fikirləri insanı hiddətləndirməyə bilmir. Bolşeviklər dövründə 20 kvadrat kilometrdən çox ərazimiz Ermənistana verilib. İndi babası bolşevik olan Rasim kimilər belə deyəcək. Biz həmin ərazilərin geri qaytarılması üçün sona qədər mübarizə aparacağıq.

O vaxt da elə idi. Təsəvvür edin ki, o zaman Dadaş Rzayev korpus komandiri idi. Bir neçə dəfə bizə geri çəkilmək əmri vermişdi. Amma biz sona qədər dirəndik. Halbuki əmrə tabe olmama bəhanəsi ilə bizi güllələyə də bilərdilər. İndi onun ağlında olanların çıxıb belə danışmaları əslində təəccüblü deyil".

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov 

Qazax bölgəsindən olan AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov isə məsələ ilə bağlı bunları dedi: “Azərbaycanın tarixi ərazilərinin bərpası önəmli məsələdir. Bu ya hərb, ya da hərbi-diplomatik yolla olmalıdır. Başkənd bu xalqın qılınc haqqıdır. Onun azad edilməsi uğrunda şəhidlər verilib. Qazilər vardır. Ona görə Başkəndi heç kimə vermək olmaz. Qazağın da bütün kəndləri qayıtmalıdır. Birincisi, o bizim yurdumuzdur. İkincisi, Azərbaycan qalibdir. Güclüdür. Gücümüzdən indi yararlanmayıb nə zaman yararlanacağıq? Beynəlxalq hüquqa gəldikdə isə o hüquq Xocalıda, Bağanıs Ayrım faciəsində bir ailənin yeddi üzvü ermənilər tərəfindən diri-diri yandırılanda, Srebrenitsada Hollanda sülhməramlılarının gözü qabağında bosniyalı müsəlmanlar qətl ediləndə, Qəzzada əlində çörək parçası ilə balaca körpələr Rəbbinə qovuşanda ölüb. Hətta Prezident İlham Əliyev belə son hadisə ilə bağlı suala cavab verərkən "Dəmir yumruq"dan danışır. İndi qan və əziyyətlə regionun ən qeyri-sabit məxluqlarından alınmış Başkəndi necə geri vermək olar? Bu fikirləri necə dilə gətirmək olar? Qazax da, Gədəbəy də Azərbaycanın Qərb qalalarıdır! Bu qalaların bürclərinin birinin çökməsi qalanın çökməsi deyilmi? Ümumiyyətlə, biz artıq bir şeyi görürük, güclü olacaqsan, milli olacaqsan, dininə, dilinə, irsinə dönəcəksən. Yanılmıramsa, bu deputat bir ara keçiddə popkorn satan uşaqla bağlı "milli fikir" irəli sürmüşdü. Sovet bizdə bir təbəqə formalaşdırdı. O təbəqə öz millətindən başqa hamını sevirdi. Qərbi Azərbaycandan soydaşlarımız qovulanda bəzi tiplər vardı, buradan gedən “bakinski ermənilər” və digərləri üçün nostalji duyurdu. Hətta bunu mahnılarda ifadə edirdilər. Onların “Biz” anlayışı bizdən deyil. Biz Türk dünyasındanıq, biriləri bizi sevməz, türklüyümüzü almaq istər. Biz İslam dünyasındanıq, biriləri bizi sevməz, bizi dinsiz görmək istər. Biz Qafqazın ürəyiyik, biriləri bizi sevməz, bizi Qafqazlılıqdan etmək istər. Hələ bizim dağlarımızda çoxlu qəbri məchul fədailər var. Onlara həsrət qalmış analar vardır. Bu məsələ ilə bağlı “ağıllı-ağıllı” da şərh verərdim. Amma duyğularına sahib olmayan millətin ağlı başqalarının xidmətində olar. Bir təklifim var. Azərbaycan dilində fikrini səlis ifadə etmək siyasi fəaliyyətdə şərt olsun. Çünki dil qəlbin ifadəsidir. Azərbaycan az qala Ermənistana təklif edir ki, “bala gəl qanadımın altına”. Bizim də bəzi siyasilər deyir ki, Başkənd belə, Qazağın kəndləri belə. Azərbaycanın hər bölgəsi ürəkdir. Hər xalqı qardaşdır. Bununla belə, Azərbaycanın Qərbi Türklüyün nişanıdır. O nişandan daş qoparmaq olmaz".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR