İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan ermənilərə və Rusiya hərbçilərinə Suqovuşandan sərt mesajlar

1522 23.07.2022 08:20 Müsahibə A A

Sahib Alıyev: “Rusiya hərbi kontingenti ona görə burada deyil ki, torpaqlarımızda əbədi qalsın”

İyulun 21-də Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Zəfər” Şəhid Aillərinə Dəstək İstimai Birliyinin təşkilatçılığı ilə Tərtər rayonunun Suqovuşan qəsəbəsində tədbir keçirildi. Tədbirdə iştirak edən deputat, Tərtər seçicilərini Milli Məclisdə təmsil edən Sahib Alıyev “Yeni Müsavat”ın suallarını cavablandırdı.

- Sahib bəy, 44 günlük müharibənin ilk həftəsində işğaldan azad edilən Suqovuşanda, bu, mübarək məkanda sizin təəssüratlarınızı öyrənmək istərdik. Hansı hissləri keçirirsiniz?

- İstənilən halda insan qarışıq hisslər keçirir. Amma sizə deyim ki, hisslərin qarışıq olmasına baxmayaraq, fəxarət hissi adamı bürüyür. Fəxarət hissi keçiririk ki, Azərbaycandan savaş yolu ilə öz torpaqlarını qaytarmamağı təkidlə tələb edənlər var idi. Amma bütün o yırtıcıların təkidli tələblərinə rəğmən, biz bu torpaqları qaytardıq və budur, biz Suqovuşandayıq. Mənim nəzərimdə Suqovuşan Azərbaycanın hazırda ən qiymətli bir parçasıdır. Çünki azad etdiyimiz zaman bizim ən çox şəhid verdiyimiz ünvan məhz buradır. Yəni biz Suqovuşanı haqqa qovuşanların canı, qanı bahasına geri qaytarmışıq.

- Amma hələ işimiz tam bitməyib. Dağların o üzündə hələ də yad ayaqların dolaşdığı torpaqlarımız bizi gözləyir. O yerlərlə bağlı fikriniz necədir?

- Hər kəs bilir ki, oradakı mövqelər müvəqqətidir. Hətta bunlar ki, ardıcıl olaraq təxribatlara əl atırlar, bizdə bir ifadə var, üzərində oturduğu budağı kəsmək, onlar bu təxribatları ilə burdakı müvəqqəti günlərinin sayını azaldırlar. Kimliyindən asılı olmayaraq, əgər bir o böyük güclərin bütün təxribatlarına, təkidlərinə, başqa-başqa iddialarına baxmayaraq, torpağımızı qaytarmışıqsa, o qüvvələr ki, Azərbaycanın tam qələbəsini, bütün ərazilərimiz üzərində suverenliyinin tam təmin olunmasını istəmirdi, onların istəkləri də ürəklərində qalacaq. Günün birində onlar özləri buraları tərk edəcəklər.

- Bu bölgəyə sülhü təmin etməyə gələn rus hərbçilər təxribatlardan əl çəkmirlər, sonuncu halda erməni quldurlar üçün silah aparılmasının qarşısı alındı ordumuz tərəfindən. Belə görünür ki, 90-cı illərdə sovet ordusunun icra etdiyi vəzifələri davam etdirməyə çalışırlar. Bu kimi cəhdlərin cavabı necə olmalıdır?

- Mən bir dəfə də Rusiyanın buradakı hərbçilərinin haqqında sülhməramlı sözünü işlətməmişəm. Çünki məramda sülh əlaməti görünmür. Əgər məramda sülh olsaydı, biz bunu görərdik. Qarabağdakı hay kökənlilərin və haylaşmışların bir hissəsi bizimlə əməkdaşlıq etmək istəyirlər, hətta işləmək üçün müraciət edənlər də olub. Lakin Rusiya hərbçiləri onların qarşısını alaraq, “neynirsiniz, bu, nə biabırçılıqdır, belə şey olarmı” deyərək geri qaytarıblar. Sual olunur: burada sənin məqsədin nədir? Məqsədin reinteqrasiyaya kömək etməkdir, yoxsa qarşıdurmanın sonsuzluğa qədər davam etməsinə stimul verməkdir? İlk baxışda belə görünə bilər ki, bunlar ermənilərə havadarlıq edirlər. Amma havadarlıqdan söhbət getmir. Əslində havadarlıq etmiş kimi göründüklərini fəlakətlərə sürükləyirlər. Havadarlıq etmiş kimi göründükləri halda, əslində terrorçuları bəsləyirlər. Bizdə informasiyalar var ki, hay kökənlilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşı olaraq, Azərbaycan qanunlarını qəbul edərək yaşamaq istəyirlər. Lakin onlara buradakı terrorçu-separatçı ünsürlər maneçilik törədirlər. Digər tərəfdən də, bu separatçı-terrorçu ünsürlərin daxil olduğu çevrə var. Bu çevrədə kimlərdən söhbət getdiyini hamımız bilirik. Açıq şəkildə görürük ki, 366-cı alayın o yaramaz, murdar, şərəfsiz əməllərinin bu və ya digər şəkildə təkrarlanması əlamətləri var. Amma bunlarla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin mövqeyi ortadadır.

“Əmin olsunlar ki, eyni tale onları gözləyir...”

- Elə o barədə soruşmaq istəyirdim. Sizcə, dövlət başçısı “açıq desinlər, işimizi bilək” söyləməklə nəyə işarə verdi? Bu xəbərdarlığın ardınca Azərbaycan əsgərinin erməni terrorçularına silah daşıyan rusların “kolon”unu geri qaytarmasını necə izah etmək olar?

- Təbii ki, burada hər hansı təsadüf ola bilməz. Əslində baş verən bu hadisə separatçı-terrorçu dəstələrə ciddi mesajdır. Silah karvanının geri qaytarılması sonuncu xəbərdarlıq idi. Mən düşünmürəm ki, növbəti dəfə o karvan geri qaytarılacaq. Növbəti dəfə məramları sülh olmayanların özlərinə bildiriləcək ki, Azərbaycan torpaqlarını tərk etmək vaxtıdır.

Rusiya hərbi kontingenti ona görə burada deyil ki, əbədi olaraq torpaqlarımızda qalsınlar. Rusiya kontingenti ona görə buradadır ki, separatçı-terrorçu ünsürlərin təsiri altında olan əhalini onların təsirindən azad etsinlər və onlar Azərbaycana reinteqrasiya olunsunlar, Azərbaycan vətəndaşları olaraq. Siz reinteqrasiya əvəzinə, əksinə, o, separatçı, terrorçu ünsürləri, eyni zamanda Azərbaycan vətəndaşı olmaq istəyən normal adamları əzab-əziyyət altında saxlayanları bəsləyirsinizsə, bunlara dəstək verirsinizsə, onları silahlandırırsınızsa, deməli, sizin məqsəd və məramınız tamamilə fərqlidir. Əgər sizin məqsəd və məramınız üçtərəfli bəyanatla üst-üstə düşmürsə, deməli, üçtərəfli bəyanat da qüvvədən düşmüş olur.

- Faktiki olaraq nə erməni tərəf, nə də Rusiya bəyannaməyə əməl etmir... Deməli, məntiqlə, Azərbaycan günün birində üçtərəfli bəyanatdan çıxdığını da bəyan edə bilər, elə deyilmi?

- Üçtərəfli bəyanatdan de-fakto çıxanlar var. Əməl edən tərəf var - Azərbaycan. Amma de-fakto ona əməl etməyən Ermənistan və çox təəssüf ki, buradakı Rusiya hərbi kontingentidir. Yəni əslində üçtərəfli bəyanat yerinə yetirilməyəcəksə və yerinə yetirilmirsə, burada səbəbkar Azərbaycan deyil, bu, hər kəsə bəllidir.

- Ermənistan Təhlükəsizlik Şurasının katibinin “biz daha hərbçi göndərməyəcəyik, amma Dağlıq Qarabağdakı hökumət orda əsgər saxlayacaq” kimi sərsəmləməsini necə dəyərləndirmək olar? Sanki İrəvan bununla məsuliyyəti öz üzərində atmağa və paralel olaraq Qarabağ separatçılarının Rusiyanın “çətiri” altında olduğuna işarə deyilmi? Bu, o anlama gəlirmi ki, Rusiyanın postsovet məkanındakı separatçılarla bağlı layihəsi Qarabağda da işə salınır?

- Birincisi, cənab prezident bildirib, bizdə Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur! İkincisi, ərazi vahidi hətta olsaydı belə, o, “hökumət” yoxdur! Üçüncüsü isə burada hər hansı bir hərbi birləşmə ola bilməz! Bu hərbi birləşmə Ermənistanda yaşayan haylardan təşkil olunub, yoxsa buradakılardan. Yəni Azərbaycan dövlətinin bir ordusu, bir Silahlı Qüvvələri var, bu da Azərbaycanın Ali Baş Komandanına tabe olan silahlı qüvvələrdir və ordudur. Digərləri, sadəcə olaraq, qanunsuz silahlı qruplaşma hesab olunur və Azərbaycan qanunlarında, eyni zamanda beynəlxalq qanunlarda bu təsbit olunur ki, o cür silahlı qruplaşmalara qarşı nələr nəzərdə tutulur, hansı addımlar atılmalıdır. Əmin olsunlar ki, eyni tale onları gözləyir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tələbi budur ki, bütün silahlı birləşmələr - tərkibinin kimlərdən təşkil olunmasına baxmayaraq - Rusiyanın hərbi kontingentinin müvəqqəti nəzarətində olan hissədə, sadəcə, hərbçi qismində Rusiya hərbi kontingentinin təmsilçiləri ola bilər. Qarşı tərəf arzulayacaqsa ki, yox, digər hərbçilər də ola bilər, onda yerli-dibli rus hərbçiləri də olmayacaq. Ümumiyyətlə, Azərbaycan hərbçilərindən başqa burada heç bir ölkənin izi-tozu da olmayacaq.

- Yəni 5 ilinin sonunu gözləmədən Azərbaycan Rusiyanın buradakı missiyasına xitam verə bilər, eləmi?

- Təbii ki. Əgər vəziyyət bu cür davam etsə... Fikir verirsiniz, Xocalıda növbəti təxribat baş verir.

- Bəli, səngərlər qazırlar...

- Vəziyyət bu cür getsə... Özü də bizim üçün çox həssas olan bir yerdə. Hər bir azərbaycanlı üçün həddən artıq həssas olan bir yerdə baş verir bu təxribat. Yəni Rusiyanın hərbi kontingenti növbəti dəfə bizə 366-cı alayın bəd əməllərinimi, şərəfsizliyinimi, alçaqlığınımı xatırladır? Bunlar fikirləşirlər ki, Azərbaycan xalqı bunu görməzdən gələcək?! 

- Biz dayandığımız ərazidən Kəlbəcərə yol gedir, hələlik rus hərbçilərinin müşayiəti ilə istifadə edə bilirik. Bəs bu vəziyyət, sizcə, nə qədər sürə bilər?

- Uzun müddət davam etməyəcək, bunu Rusiya hərbi kontingentinin təmsilçiləri də yaxşı bilirlər. Qarabağdakı rus hərbçilərinin müvəqqəti nəzarəti altında olan ərazilərdə yaşayan əhali də çox gözəl bilir. Ümumiyyətlə, bu proses ya reinteqrasiya ilə nəticələnməlidir, ya da oradakı əhali Azərbaycan torpaqlarını tərk edəcəklər! Başqa bir yol yoxdur. Bunları bu torpaqlara bağlayan heç nə yoxdur. Özü də söhbət təkcə Azərbaycanın mövcud ərazilərinə aid torpaqlardan getmir. Kəlbəcərlə həmsərhəd Göyçənin kəndlərinə baxın. Qarabağda, Şərqi Zəngəzurda olan dağıntılar eynən orada var. Əgər bu sənin torpağındırsa, sən niyə bu torpaqları dağıdırsan? Mənə elə gəlir ki, bunlara qaçqın statusu alaraq buradan çıxıb getmək üçün bəhanə lazımdır. Bunlar nə bir dövlət yarada bildilər, nə də regionda elə bir dövlət yoxdur ki, onlara hörmət eləsin. Çünki daim alət rolunu oynayıblar. Üstəlik, olan-qalan ləyaqət hissini də tamam itirdilər. Bunlar bölgədə yad elementdirlər...

Baxın, müstəqil olduqları dönəmdə bir nəfər yetişdirə biliblərmi ki, başqa dövlətlərdə yaşayan hər hansı bir istedadlı soydaşının uğurunu təkrar eləsin? Heç nə edə bilmədilər. Dövlət ola bilmədilər, müstəqil ola bilmədilər, Qafqaz xalqları içərisində özlərini mənəvi təcrid vəziyyətinə saldılar. Ona görə də məntiq diktə edir ki, deyəsən, bunlara bəhanə lazımdır. Yəni növbəti bir savaş başlasın və bunların əlində regionu tərk edib getməyə bəhanə olsun.   

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR