İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşnak yuvasına çevrilən Xankəndi Pedaqoji İnstitutu – Qarabağ Universiteti onu belə DƏYİŞƏCƏK

3724 29.11.2023 13:49 Yaxın tarix A A

Noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

serencam.jpg (60 KB)

Ölkə ictimaiyyəti bu sərəncamı təkcə Azərbaycanın elm və təhsil sahəsində deyil, bütövlükdə ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirib. Sözsüz ki, bu da səbəbsiz deyil.

Sərəncamda qeyd edildiyi kimi, Qarabağ Universiteti Xankəndidə yerləşən ali təhsil müəssisəsinin əsasında yaradılacaq. Xankəndidə isə yeganə ali təhsil ocağı Xankəndi Pedaqoji İnstitutu olub. Qeyd edək ki, bu institut sovet dövründə Qarabağda fəaliyyət göstərən yeganə ali təhsil ocağı olub.

Xankəndi Pedaqoji İnstitutu 1969-cu ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlayıb. 1973-cü ildən isə fəaliyyətini müstəqil ali təhsil ocağı kimi davam etdirib.

İnstitutun açılması keçmiş Dağlıq Qarabağ Muxtar vilayətində bir sıra mübahisəli məsələlər yaradıb. Vilayət rəhbərləri Xankəndi şəhərində institutun açılmasına dəfələrlə cəhd ediblər. Amma onlar Xankəndidə məhz Bakıda yerləşən Azrbaycan Pedaqoji İnstitutunun filialının açılmasını həzm etməyiblər. Daha doğrusu, onlar Xankəndidə Yerevan Politexnik İnstitutunun filialının açılmasını istəyiblər. Hətta bununla bağlı Dağlıq Qarabağ Muxtar vilayəti Partiya Komitəsinin birinci katibi Qurgen Melkumyan birbaşa SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginə də müraciət edib. O, öz müraciətini belə əsaslandırıb ki, vilayətdə pedaqoji kadrlara böyük ehtiyac yoxdur və hiyləgərcəsinə onu da vurğulayıb ki, Azərbaycanda yetərincə pedaqoji təhsil verən ali məktəblər var. Daha sonra qeyd edib ki, Qarabağ daha çox texniki təhsili olan mütəxəssislərə ehtiyac duyur. Amma nədənsə Melkumyan Azərbaycanda ittifaq miqyasında tanınmış bir neçə texniki təhsil verən ali məktəblərin olduğunu unudub.

Sözsüz ki, Melkumyanın heç bir əsası olmayan müraciəti nəticəsiz qalıb. Beləliklə, 1969-cu ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialı Xankəndi şəhərində fəaliyyətə başlayıb. 1973-cü ildə isə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsünə əsasən filial Azərbaycan Nazirlər Sovetinin 28 noyabr 1973-cü il qərarı ilə müstəqil ali məktəb kimi fəaliyyətini davam etdirib.

Xankəndi Pedaqoji İnstitutu kənardan sıradan gələn bir ali təhsil ocağı təəssüratı bağışlasa da, bu təhsil ocağı zaman-zaman daşnak yuvasına çevrilib. 2008-2013-cü illərdə bu təhsil ocağına rəhbərlik etmiş tarix elmləri namizədi Stepan Dadayan öz müsahibələrində bu haqda aşağıdakı açıqlamaları verib:

“Biz, Xankəndi Pedaqoji İnstitutunun müəllim və tələbələri 1988-ci ildə başlayan erməni hərəkatının övladlarıyıq. Biz hələ 1970-ci illərin əvvəllərindən Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi üçün institutda bütün gücümüzü səfərbər etmişdik...”

Yəni institut yaranan vaxtdan ermənilər bu təhsil ocağını “ideoloji” mərkəzə çevirməyə çalışıblar. İnstitutun rektorları isə nəinki bu işə göz yumublar, hətta onlar millətçi ermənilər üçün lazımi şəraiti də yaradıblar.

UNİVERSİTET.jpg (126 KB)

Xankəndi Pedaqoji İnstitutuna kimlər rəhbərlik edib?

Onların adlarını çəkməzdən əvvəl qeyd edim ki, bu rektorların hamısı gizli fəaliyyət göstərən erməni təşkilatlarının fəal üzvləri olublar. 1969-cu ildən 1988-ci ilə qədər Şaqen Abramyan, Yuri Martirosyan, Sergey Sarkisov, Sergey Xalatryan, Sergey Sarkisyan Xankəndi Pedaqoji İnstitutunun rektoru vəzifəsini tutublar və bu daşnak xislətli rektorlar həmin illərdə gizli şəkildə azərbaycanlı müəllim və tələbələrə təyziq göstərməyə cəhd ediblər, onların elmi və pedaqoji fəaliyyətlərinə süni əngəlliklər yaratmağa çalışıblar. Bəzən isə erməni “alim”lər azərbaycanlılara qarşı öz kinlərini gizlədə bilməyiblər. İnstitutun müəllimi Hamlet Movsesyan Kommunist Partiyası üzvlüyünə qəbul ediləndə komissiya ondan nəyə görə partiyaya üzv olmaq istəyir ənənəvi sualını verəndə o, belə cavab verib:

- Mən çalışdığım institutun prorektoru Nəcəf Quliyevlə daha effektli mübarizə aparmaq üçün partiyaçı olmaq istəyirəm.

Daha bir misal. İnstitutun müəllimi Vardqes Safaryanın Qarabağ tarixi ilə bağlı məqaləsini müzakirə üçün Bakıya göndərəndə, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru İqrar Əliyev həmin məqalə ilə tanış olub və Xankəndi Pedaqoji İnstitutunun rektoruna bildirib ki, Vardqes Safaryan siyasi təhlükəli şəxsdir və onu auditoriyaya buraxmaq yolverilməzdir. Yaxud da institutda tarix fənnini tədris edən Sergey Sainyan tədris proqramda nəzərdə tutulmuş Azərbaycan tarixi əvəzinə ermənilərə erməni tarixi haqqında mühazirələr oxuyub.

Beləliklə, zaman-zaman Xankəndi Pedaqoji İnstitutu daşnak yuvasına çevrilib. Rektorların Azərbaycandan kənarda yaşayan erməni tanınmışları tez-tez instituta dəvət etməsi, erməni tələbələrlə görüşlərin təşkili bu təhsil ocağını millətçi yuvasına çevirib.

Amma onu da qeyd edim ki, ermənilərin bu özbaşınalığı azərbaycanlı müəllim və tələbələr tərəfindən cavabsız qalmayıb. Xüsusilə bu təhsil ocağında çalışan azərbaycanlı alimlər institutda Azərbaycan mühiti yaratmaq üçün bütün mümkün güclərini səfərbər ediblər. Erməni rektorlar institutla bağlı bütün məsələlərdə prorektor Nəcəf Quliyevlə hesablaşmaq məcburiyyətində qalıb. Tarix fakültəsinin dekanı Süleyman Zeynalov azərbaycanlı tələbələrə əsl atalıq qayğısı göstərərək dəfələrlə onları erməni təhlükələrindən xilas edib, tanınmış şair, ədəbiyyatşünas, həmin dövrdə institutun Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Ənvər Əhməd milli ruhuna görə az qala ermənilər tərəfindən “xalq düşməni” elan edilib, erməni tarixçiləri Zabil Bayramlı ilə fikir mübadiləsi aparmağa belə cürət etməyiblər, Nəsib Şəfiyev “millətçi” kimi tanınıb. Kamil Quliyev, Xasay Cabbarov, İnqilab Quliyev, Bəşir Fərəcov, Mayıl Alıcanov, Nazim Axundov, Raqub Kərimov, Rəftar İmanov, Yusif Fərzəliyev, Yusif Ağayev, Abbas Abbasov, Rəftar İmanov, Mirələm Vəliyev, Rəhilə Quliyeva, Zəfər Hüseynov, Fazil Baxşəliyev və adlarını çəkmədiyim institutun digər azərbaycanlı alimləri təkcə institutun erməni kollektivi üçün yox, Daqlıq Qarabağda yaşayan ermənilər üçün arzuolunmaz şəxslər sayılıblar.

CEMİL.jpg (59 KB)

Təəssüf ki, onların bəziləri bu gün həyatda yoxdur. Mən onların, əziz müəllimlərimin ruhları qarşısında baş əyirəm. O çətin günləri xatırlayanda, hətta 1988-ci ilin may ayında Xankəndidə institut ermənilər tərəfindən əhatəyə alınarkən ölüm təhlükəsi ilə üzləşəndə bu fədakar müəllimlərin qorxmazlığını, cəsarətini göz önünə gətirəndə hisslərimi cilovlamaqda çətinlik çəkirəm. Artıq bu gün onların da ruhu şaddır. Bəli, Qarabağ Universiteti fəaliyyətə başlayacaq, bu universitet bütün tarixi gerçəklikləri bərpa edəcək və iziniz, sözünüz qalan həmin auditoriyalarda siz həmişə böyük sevgi və ehtiramla xatırlanacaqsınız...

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR