İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkəndi batıran, Rəşidovu dirçəldən zəlzələ - təkanlar Brejnevi və Kosıgini də silkələyib...

3046 07.12.2023 14:50 Yaxın tarix A A


Hakimiyyətinin ilk illərində Leonid Brejnev öz mövqelərini möhkəmlətmək üçün bütün mümkün vasitələrə əl atıb, xüsusilə, kadr islahatlarını daha vacib sayıb. Nikita Xruşşovu devirməklə birinci kürsüyə sahib olan baş katibi növbəti çevriliş ehtimalı ciddi narahat edib. Bu narahatlığı aradan qaldırmaq üçün Brejnev güclüləri siyasi səhnədən uzaqlaşdırmağa nail olub, müttəfiq respublikalarda dayaqlarını möhkəmləndirib, ölkə daxilindəki səfərlərini intensivləşdirib. Baş katib üçün ən təhlükəli rəqib Kosıgin sayılıb. Amma Brejnev onu hələ ki, vəzifədən uzaqlaşdırmaq haqqında düşünməyib. Belə ki, həmin dövrdə ölkənin Kosıgin kimi baş nazirə böyük ehtiyacı olub.

Brejnev öz mürəkkəb və kaprizli xarakteri ilə sadə görünməyə çalışıb, tez-tez xalqın arasında görünməklə sadə rəhbər imici yaratmağa cəhd edib. Elə 1966-cı ilin aprelin 26-da Özbəkistanda baş verən zəlzələdən dərhal sonra səhər saatlarında hadisə ilə bağlı Kremldə keçirilən müşavirədə Brejnev yenə də özünü xalqın arasında “görmək” istəyib:

-Biz hadisə yerində olmalıyıq. Sovet vətəndaşları görməlidirlər ki, dövlətimiz və partiyamız ən çətin məqamlarda da onların yanındadır. Təyyarəni hazırlayın, təcili Daşkəndə uçuruq.

Daşkəndə kimlərin gedəcəyi dəqiqləşdiriləndə SSRİ Nazirlər Sovetinin sədri siyahıya etirazını bildirib:

-Leonid İliç, həm sizin, həm mənim, həm də Podqornının (SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri) eyni vaxtda Moskvanı tərk etməsi məqsədəuyğun deyil.

Brejnev Kosıginlə razılaşıb. Podqornı Moskvada qalıb.

Artıq bir neçə saatdan sonra sovet rəhbərləri Daşkənddə Özbəkistan KP MK-nın inzibati binasında müşavirəyə toplaşıblar və müzakirələr başlanılıb.

Qeyd edək ki, zəlzələ nəticəsində Daşkəndin mərkəzi hissəsi demək olar ki, tamamilə dağılıb. 2 milyon kvadratmetrdən çox yaşayış sahəsi, 236 inzibati bina, 700-ə yaxın pərakəndə və ictimai iaşə obyekti, 26 kommunal, 181 təhsil müəssisəsi, 36 mədəniyyət müəssisəsi, 185 tibb və 245 sənaye binası tam yarasız hala düşüb. O dövrdə Daşkənddə yaşayan milyon yarım əhalidən 78 min ailə və ya 300 mindən çox insan evsiz qalıb.

Müzakirələrin ən fəal üzvləri Özbəkistanın birinci katibi Şərəf Rəşidovla baş nazir Kosıgin olub. Kosıgin zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Rəşidovun istədiyi ilkin vəsaitin məbləği ilə razılaşmayıb. Məbləğ müzakirəsi baş nazirlə birinci katibin mübahisəsinə çevrilib və bu dialoq zamanı Kosıginlə Rəşidovun bir-birilərini həzm etmədikləri aşkar hiss edilib.

Gərgin müzakirələrin getdiyi dəqiqələrdə müşavirənin keçirildiyi zalın pəncərələri titrəyib. Zalda əyləşənlər növbəti təkanların baş verdiyini zənn edib, Brejnev dərhal soruşub:

-Yenə zəlzələ oldu?

 Rəşidov baş katibi sakitləşdirib:

-Narahat olmayın, bu zəlzələ deyil. Vəziyyətin belə acınacaqlı olmasına baxmayaraq “Paxtakor”la Minsk futbolçuları öz oyunlarını təxirə salmayıblar. İndi də özbəklər qol vurdular.

Müşavirə yenidən öz gərgin axarında davam edib. Təxminən 30 dəqiqədən sonra  zəlzələnin növbəti təkanları bütün Daşkəndlə bərabər rəhbərlərin əyləşdiyi zalı da silkələyib. Araya ölü bir sükut çöküb. Sükutu Rəşidov pozub:

-Leonid İliç, mən belə bir şəraitdə yeni şəhər tikəcəyəm. Xahiş edirəm, təkliflərimi qəbul edin.

Brejnev Kosıginə müraciət edərək son qərarını verib:

-Rəşidovun təklifini nəzərə alın, deyilən məbləğdə büdcədən vəsait ayırın.

Beləliklə, Daşkəndin yenidən qurulması, tikilməsi başlanıb. Digər müttəfiq respublikalardan briqadalar, texnikalar Özbəkistana istiqamət alıb. Tikintisi digər müttəfiq respublikalarda planlaşdırılmız zavodların, fabriklərin, sosial obyektlərin inşası dayandırılaraq Özbəkistana yönləndirilib.

Daşkənd zəlzələsi Brejnevlə Rəşidovu daha da yaxınlaşdırıb. Rəşidov hesabatlarla bağlı Moskvada olanda görülmüş işlər haqqında birbaşa Brejnevə məruzə edib. Lazım olan vəsaitlərin ayrılmasını, digər problemlərini də birbaşa Brejnev vasitəsi ilə həll edib. Digər bir  tərəfdən Rəşidovun Kosıginə antisimpatiyası onu baş katiblə daha da mehribanlaşdırıb.

Ümumiyyətlə Rəşidovun 25 illik Özbəkistana rəhbərliyi dövrünə baxışlar birmənalı deyil. Bəziləri onu Özbəkistanın inkişafında əvəzsiz xidmətləri olan böyük bir şəxsiyyət kimi qiymətləndirirlər. Daşkənddə metronun istifadəyə verilməsi, qızıl yataqlarının kəşfiyyatı və istismarı, çoxsaylı yaşayış massivlərinin inşası, sosial obyektlərin tikintisi, o cümlədən yeni Daşkəndin yaranması kimi görülən işlər Rəşidovun adı ilə bağlı olduğundan bu fikirdə olanlara haqq qazandırır.

Sözsüz ki, bunlar Şərəf Rəşidovun görünən tərəfləri olub. Görünməyən tərəflərdə isə onun haqqında Kremlə ünvanlanan minlərlə məktublardakı, teleqramlardakı şikayətlər, narazılıqlar yer alıb.

Bu şikayətlərdə nələr öz əksini tapıb?

Şərəf Rəşidov mütləq hakim və heç kimlə hesablaşmadan həlledici söz sahibi olub.

Ən adi kadr məsələləri belə Rəşidovun “xeyir-dua”sı olmadan belə həyata keçirilə bilməyib. Müvafiq qurumlardakı ittifaq nomenklaturalı kadrların təyinatı yalnız Rəşidovun razılığı ilə baş tutub.

Şərəf Rəşidov Özbəkistanda “Pambıq mafiyası”nın yaranmasında təşəbbüskar, təşkilatçı və başçı kimi də yadda qalıb. Saxtalaşdırılmış rəqəmlər (“pripiska”), real məhsulla kağız üzərindəki rəqəmlərin tərs mütənasib olması, içi boş vaqonların içi pambıq dolu vaqonlar kimi Rusiyanın fabriklərinə üz tutması həmin dövrdə Özbəkistanda adi hala çevrilib. Bütün bunların sayəsində o dövr üçün ağılasığmaz məbləğlər, milyonlar Rəşidovun şəxsi xəzinəsinə axıb.

Brejnev isə baş verən bu cinayətlərə göz yumub. Nəinki cəza haqqında düşünüb, nə az, nə çox, düz 10 dəfə Şərəf Rəşidovu “Lenin” ordeni ilə təltif edib. Təbii ki, bu təltiflər qarşılıqlı “mükafat mübadiləsi” ilə müşayiət olunub və Rəşidov Kreml məmurları ilə normal münasibət saxlasa da, yalnız Brejnevlə hesablaşıb.

Brejnevin vəfatından sonra Andropovun hakimiyyətə gəlməsi Rəşidovun həm  siyasi karyerasına, həm də həyatına son qoyub. Birinci katib 1983-cü ildə müəmmalı şəkildə vəfat edib. Rəşidovun ölümü ilə bağlı müxtəlif versiyalar səsləndirilib; intihar, zəhərlənmə, qəfil ürəktutma və s.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR