QƏDDAFİ KREMLİN BAĞÇASINDA ÇADIR QURUB
Çadırın önündə böyük manqal qalanıb, Qəddafi və onu müşayiət edənlər üçün kabab bişirilib. İçəridə isə böyük ekranlı televizor quraşdırıldığı məlum olub. Jurnalistlər Qəddafinin çadırını yalnız uzaqdan görüntüyə ala biliblər. Dünən o, Rusiya prezidenti Dmitri Medvedyevlə danışıqlar aparıb. Qəddafinin baş nazir Vladimir Putinlə də görüşdüyü bildirilir. Tərəflər iki ölkə arasında enerji və hərbi sahədə əməkdaşlığı müzakirə ediblər. Məlumata görə, Rusiyaya milyardlarla dollar borcu olan Liviya bunun əvəzində Moskvaya öz ərazi sularında hərbi dəniz bazası qurmağı təklif edir. Moskvanın bu təklifə münasibəti məlum deyil. 1942-ci ildə çadırda anadan olan Qəddafi ölkəsinə səfər edən xarici ölkə başçılarını çadırda qəbul edir. O, 1986-cı ildə Amerikanın bombardmanı zamanı dağıdılan iqamətgahının yanında böyük çadır qurub və oradan iş yeri kimi istifadə edir. Qəddafi ötən il səfər etdiyi Fransada da Yelisey sarayının qarşısında çadır qurdurmuşdu.






