İnsanlara hürriyət, millətlərə istiqlal!

Çözülməyən selektiv abort problemi - çıxış yolu...

659 30.03.2024 09:15 Media A A

Novella Cəfəroğlu: "İnzibati məsuliyyət sistemini təkmilləşdirməyə ehtiyac yoxdur, əsas məsələ..."

Ədliyyə Nazirliyinin açıqladığı məlumata görə, bu ilin yanvarında qeydiyyat şöbələrində 8 min 389 körpə qeydə alınıb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52.1, qızlarınkı 47.9 faiz olub. Hazırda ölkədə hər yeni doğulmuş 100 qıza 116 oğlan düşür. 

Dövlət Statistika Komitəsinin 2022-ci ilə olan məlumatına görə, Azərbaycanda uşaqların cins nisbətinin daha çox pozulduğu iqtisadi rayon Gəncə-Daşkəsəndir. Bəzi ekspertlərin fikrincə, bu fərq selektiv abortlarla bağlıdır. 

Xatırladaq ki, ötən illərdə Azərbaycanın selektiv abortların sayına görə dünyada lider ölkələrdən biri olduğu haqda məlumatlar yayılmışdı.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkədə abortların ümumi sayı 57 min 999 olub. 2021-ci ildə bu rəqəmin 46 min 877 olduğu göstərilir. Statistikadan da aydın olur ki, 2022-ci ildə abort edənlərin sayı 11 mindən çox artıb.

Mütəxəssislər qeyd edir ki, rəsmi statistika heç də bütün abortların sayını əhatə etmir. Onların fikrincə, selektiv abortlar da həmin statistikaya daxil olmayan abortların içindədir.

Azərbaycan qanunvericiliyində aborta məcbur və təhrik etməyə görə islah-əmək koloniyalarında cəza verilir. Lakin könüllü aborta görə cinayət məsuliyyəti yoxdur.

Qanunvericiliyə görə, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır.

Hamiləliyin süni surətdə pozulmasına dair tibbi və sosial göstərişlərin siyahılarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Bu göstərişlər içərisində cinsiyyətə görə hər hansı bənd yoxdur. Eyni zamanda selektiv abortla bağlı Azərbaycan qanunvericiliyində cəza nəzərdə tutulmayıb.

Novella Cəfəroğlu: "Vəsiyyətim var, oğlum çap edəcək..." -

Selektiv abort - dölün və ya körpənin təxmin edilən cinsinə görə hamiləliyin süni olaraq pozulmasıdır. Yəni ər və ya arvad qız övladının olmasını istəmir, müayinə zamanı ana bətnindəki dölün cinsinin qız olması güman etdikləri üçün heç bir tibbi və ya sosial göstəriş olmadan hamiləliyi sonlandırırlar. Bu, cinsə görə abort, yəni selektiv abort hesab edilir.

Beləliklə, erkən hamiləlik dövründə uşağın qız olduğunu öyrənən bir çoxu abort qərarı verir. Bu, əsasən 1 və 2 uşağı olan ailələrdə daha çox olur. Nəticədə yaxın illərdə ölkəmiz ciddi problemlə - qadınların azlığı ilə üz-üzə qala bilər və bu, məsələnin yalnız sosial tərəfidir.

Selektiv abortların qarşısını almaq mümkündürmü? Bu mövzu ilə bağlı ən çox səsləndirilən təkliflər selektiv aborta görə cinayət məsuliyyətinin müəyyən edilməsi və uşağın cinsiyyətinin öncədən valideynə məlumat verilməməsidir. 

Çin, Kosovo, Nepal və Vyetnamda cinsin seçmə abortunu qadağan edən qanunlar var. Çində cinsiyyətə görə abort qanunsuzdur, lakin doğuşdan əvvəl cinsi müəyyən etmək Çində geniş yayılmış təcrübədir. Beləliklə, Çin uzun illər selektiv abortda dünyada ilk yeri tutub. 

Hindistanda cinsiyyət seçimi cinayətdir, burada selektiv cinsi abort qadağan edilir, qanunsuzdur və cəza var. Böyük Britaniyada da cinsi müəyyən etmək qadağandır, oğlan uşağının qız uşağına olan mədəni üstünlüyünə tamamilə ziddir və gender əsaslı abortları qeyri-qanuni elan edən qanun mövcuddur.

Bəs ölkəmizdə bu kimi halların qarşısını almaq üçün inzibati məsuliyyət sistemi təkmilləşdirilməlidirmi?

Mütəxəssislər bildirir ki, selektiv abortun cinayət hesab olunması və ya ağır cəzalar nəzərdə tutulması bu problemi yekunlaşdırmağa və ya azaltmağa kömək edə bilməz. Hüququn mahiyyəti cəzanı sərtləşdirmək deyil, insanları ictimai təhlükəli əməldən çəkindirməkdir.

Mövzu ilə bağlı  hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, bu kimi halların qarşısını almaq üçün inzibati məsuliyyət sistemini təkmilləşdirməyə ehtiyac yoxdur:  “Əlbəttə ki, qadınlara abort qadağası etmək olmaz. Lakin maarifləndirmə işi aparmaq lazımdır, özü də tək qadınlarla deyil, bütövlükdə ailələrlə bir yerdə. 

Qeyd edim ki,  son vaxtlar sosial şəbəkələri izləyəndə müşahidə edirik ki, artıq kişilərin qız uşaqlarına qarşı sevgisi çox artıb. Atalar öz qızlarını sevə-sevə qucaqlarına alır, onlar haqqında elə gözəl şərhlər yazırlar ki, bu da çox sevindiricidir. Bu baxımdan deyə bilmərik ki, bu gün cəmiyyətimizdə qız uşaqlarına qarşı aqressiya var. Bu aqressiya aradan çox qaldırılıb. 

Son vaxtlar abortların artmasının səbəbi bəlkə də iqtisadi çətinlik, uşaqları böyütmək, onlara təhsil vermək, yaxşı mühit yaratmaqla bağlı yaranan qorxulardır. 

O ki qaldı bölgələrdə bu problemin özünü daha çox göstərməsinə, həmin yerlərdə maarifləndirmə işini gücləndirmək lazımdır. Həm QHT-lər, həm jurnalistlər, televiziyalar tərəfindən bununla bağlı maarifləndirici proqramlar, layihələr həyata keçirilməlidir. Bu haqda nə qədər çox danışılsa, hesab edirəm ki, problem tədricən aradan qalxar".

Yazını hazırladı: Xalidə Gəray

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR