İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Məmmədov: “Erməni kilsəsinin həqiqi üzünü bütün dünyaya çatdırmalıyıq”

1718 29.07.2022 08:30 KİVDF layihələri A A

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəməyənlərdən biri də məhz erməni kilsəsi nümayəndələridir” 

Məlum olduğu kimi, erməni din xadimləri zaman-zaman gəncləri silahlanmağa və türkləri öldürməyə çağırır. Erməni kilsəsinin və erməni din xadimlərinin məlum çağırışı narazılıqla qarşılanır. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin  sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Patriarxı II İlya ilə görüşüb. Görüş zamanı erməni din xadimlərinin məlum çağırışı da müzakirə olunub. A. Paşazadə qeyd edib ki, erməni kilsəsi və rəhbərliyinin revanşizmə çağırışlar etməsinə təəssüflənir: “Azərbaycan və Gürcüstanın ali dini liderləri hər zaman sülhün tərəfdarı olublar. Hər iki ölkənin ali dini liderləri bunu dəfələrlə bəyan ediblər. Lakin təəssüflər olsun ki, digər qonşumuz Ermənistanın din xadimləri bunun əksini edirlər. Erməni kilsəsi və rəhbərliyi, din xadimləri çox təəssüf ki, revanşizmə çağırışlar edirlər. Daim pozuculuq fəaliyyəti ilə məşğul olan erməni din xadimləri gəncləri silahlanmağa, müharibəyə və öldürməyə çağırırlar. Bu isə çox böyük təhlükələrə səbəb ola bilər. Onlar tarixdən dərs götürməlidirlər”.

Yaxınlarda Ukrayna Pravoslav Kilsəsinin rəhbəri, mitropolit Epifaninin də bu kimi açıqlaması olmuşdu. O, “düşmənin ölümünü arzulamaq və rus işğalçılarını öldürmək günah deyil” demişdi: “Biz xalq olaraq qonşumuzun ölümünü axtarmırıq. Amma onlar evimizə soxulandan sonra ailəmizi, Vətənimizi, torpağımızı müdafiə etməyə məcburuq. Əsgərlərimiz bütün ukraynalıları qoruyur. Ölkəni qorumaq, öldürmək günah deyil. Biz qoruyuruq, başqasının torpağına hücum etmirik. Bizə qılıncla hücum edən elə o qılıncla da öləcək”.

Kilsə rəhbərinin “rus işğalçılarını öldürmək günah deyil” açıqlaması isə birmənalı qarşılanmayıb. Bir çoxları onu qınayıb, bir dindarın sülhə, əmin-amanlığa çağırış etməsi əvəzinə, belə çağırış etməsini tənqid ediblər.

Ceyhun Məmmədov - YouTube

 Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Ermənilərin din xadimləri də gəncləri müharibəyə çağırırlar. Biz vətən müharibəsi dövründə də erməni kilsəsinin nümayəndələrinin Qarabağa gələrək əllərində silah gəncləri müharibəyə səsləyən çağırışlarının şahidi olduq. Bu gün də Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşmasını istəməyən əsas kəsimlərdən biri də məhz erməni kilsələri və nümayəndələridir. Qeyd etmək lazımdır ki, Qafqaz Müsəlmanları İdarəsi hər zaman beynəlxalq görüşlərdə, ayrı-ayrı din xadimləri ilə görüşlərdə bu məsələni qaldırıb, bu məsələ ilə bağlı mövqeyini bildirib. Gürcüstanla bağlı məsələyə gəldikdə isə qeyd etmək istəyirəm ki,  Gürcüstanda səfərdə mən də iştirak edirdim. Burada həm Gürcüstan Pravoslav kilsəsinin rəhbərliyi ilə, həm digər rəsmi nümayəndələrlə görüşdə bu məsələ qaldırıldı. Mümkün olan formada Azərbaycan tərəfinin narazılığı bildirmək, həm erməni işğalı ilə bağlı, həm də din xadimlərinin erməni xalqını müharibəyə çağırması ilə bağlı burada kifayət qədər məsələ qaldırıldı. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bu ilk dəfə deyil. Əvvəl də mən müşahidə etmişəm ki, beynəlxalq görüşdə QMİ-nin rəhbərliyi bu məsələni qaldırıb. Bu məsələ təkcə Gürcüstanla yox, eyni zamanda Roma katolik kilsəsinin rəhbərliyi ilə görüşdə də dəfələrlə qaldırılıb. Yəni Qarabağ məsələsinin həllində, ümumiyyətlə Qarabağ həqiqətlərinin təbliğində , erməni vəhşiliyinin ifşasında da QMİ öz mövqeyini, narazılığını hər zaman bildirib. Bu məsələlər davamlı olaraq  gündəmdə saxlanmalıdır. Bu istiqamətdə davamlı təbliğat aparılmalıdır. Bu işi bir qurum yox, hər kəs etməlidir. Biz görürük davamlı olaraq cənab Prezident bütün görüşlərdə bu məsələni qaldırır. Azərbaycanın bütün qurumları, bütün strukturları, qeyri-hökumət təşkilatları hər zaman bu məsələni gündəmdə saxlamalıdırlar. Biz bu gün Ermənistanın xarici siyasətinə, dini liderlərinin, ayrı-ayrı qurumlarının çıxışlarına baxanda görürük ki, onlar müharibədən əvvəl Azərbaycana qarşı hansı ritorikadan istifadə edirdilərsə, bu gün də edirlər. Ona görə bu məsələləri daim gündəmdə saxlamalıyıq”.

Deputat əlavə edib ki, erməni kilsəsinin həqiqi üzünün ifşası istiqamətində daima səylə çalışmalıyıq: “Durmadan bu məsələnin üzərində durmalıyıq. Davamlı olaraq təbliğatımızı bu istiqamətdə qurmalıyıq.  Əslində dinlərin əsas hədəfi və məqsədi insanları sülhə, barışığa çağırmaqdır. Amma təəssüf ki, bu gün erməni kilsəsi öz dininin ehkamlarına əməl etmir. Bu gün də insanları müharibəyə, düşmənçiliyə səsləyir. İsa peyğəmbər deyirdi ki, kimsə sizin bir yanağınıza vurursa, o biri yanağınızda göstərin. Bu o mənada deyilirdi ki,  hər bir insan çalışmalıdır ki, daha çox sülhün, birgəyaşayışın, həmrəyliyin tərəfdarı olsun. Amma Ermənistan kilsəsi isə bunun əksini edir. Biz hər zaman çalışmalıyıq ki, həqiqətləri dünyaya çatdıraq, erməniləri ifşa edək”.

Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR