İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cəsur” zəvzək – “Sifətsiz adam”

6246 02.10.2023 19:52 Yazarlar A A

İlk yayımlanma zamanı 11:50

Qarabağ məsələsi bizim üçün lakmus kağızıdır.

İndiki cavanlar lakmus kağızının nə olduğunu bilməzlər deyə izah edim ki, bu elə bir kağızdır ki, turşuların təsirilə qırmızı, qələvilərin təsirilə isə göy rəng alır. Yəni o kağızı məhlula salandan 5-6 saniyə sonra bilirlər ki, məhlulun içi necədir.

Adamların Qarabağ məsələsinə yanaşması da bizə onların nə yuvanın quşu olduğunu aydınca göstərir. Söhbət əsasən əcnəbilərdən gedir. Ölkəmizdə adamları Qarabağa münasibətinə görə tanımaq çətindir. Hamının basıb-bağlayaraq patriot görünmək imkanı var.

Ancaq əcnəbilərin Qarabağa, ermənilərlə bizim davamıza yanaşmasından dərhal bilirik ki, əslində o, nə dərəcədə obyektiv, ədalətli, dəmdəməki və zəvzək adamdır.

İstedadı ərşə-gürşə çatsa da, bir məşhur əcnəbi durub ermənilərin “haqq işi”ndən, “əzabkeş”lyindən, “genosid”ə məruz qalmasından danışırsa, gözümüzdən düşür, paraşütü açılmayan desant kimi çırpılır yerə.

Çünki biz işin içindəyik. Ermənilərin 35 ildə bizə etdiyi zülm-zilləti və dünyaya sırıdıqları yalanları əzbər bilirik.

Beş-altı il əvvəl tərifiləyib yerə-göyə sığdırmadığımız, konsertinə bahalı-bahalı biletlər alıb, gedib, anşlaq yaratdığımız Sezən Aksu da gözümüzdən Everestdən dığırlanan alpinist kimi düşdü. Zalım balası 1 milyona yaxın soydaşımızı yer-yurdundan didərgin salan ermənilərə qahmar çıxmışdı. Nəticədə onun lirik mahnıları ilə böyüyən, eşq acısı, vüsal həsrəti çəkən nə qədər gənc adam qəzəbnak oldu, indi adı çəkiləndə, səsi gələndə deyirlər, batırın o axçinin səsini.

Bu günlərdə mərhum sevimli yazarımız Əziz Nesinin oğlu Əhməd Nesinin arvadı Hilal Doğanın Qarabağdan köçən ermənilər üçün erməni dilində oxuduğu bir ağı yenə də incə damarımıza toxunub. Çünki bu qadın ermənilər üçün sözün birbaşa mənasında ulayırdı, deyərdin, nəsli qırılıb, bircə bu qalıb. O qaçqın-köçkündən 1 milyonu da bizim vardı, heç onların dərdinə yalandan da olsa ağlamsınan olmamışdı.

Bu günlərdə rejissor, aktyor Mel Gibson da onun şəxsiyyətinə və sənətinə olan sevgimizi itirib. Lakmus kağızımız onu da qırmızı göstərib. Çünki Melin ermənilərə simpatiyasını, bizə antipatiyasını ifadə edən sözləri çox turşdur.

Biz onu “Cəsur ürək” filmindən tanıyırdıq. Şotlandların milli qəhrəmanı, öz dövrünün “separatçı”sı Uilyam Volosun obrazını yaradan aktyor, deyəsən, özünü hələ də o rolda hiss edir, düşünür ki, müstəqillik davası aparanları mütləq müdafiə etməlidir.

Mən özüm indiyədək 2-3 dəfə Mel Gibsonun çəkdiyi “Apokalipsis” filmindən sitat gətirmişəm. Çünki onun o filmdə təsvir etdiyi vəhşi qəbilə də ermənilər kimi qan gördükcə coşur, qonşu qəbilənin adamlarını əsir götürüb başlarını kəsirdilər. Bu adam 500 il əvvəl baş vermiş vəhşiliyə, başkəsməyə aid araşdırma apara, film çəkmək üçün material əldə edib ssenari yaza bilirsə, canı çıxmalıdır günümüzdə baş verən vəhşiliklər barədə də doğru-dürüst material əldə etməlidir. İnternet resursları doludur. Axtarış motoruna “Armenia”, “Karabax”, “Azerbaidjan”, “Khojaly”, “refugee” yazanda 1 milyon material çıxır, 2-3-nü oxuyanda bilirsən ki, kim haqlıdır, kim haqsız. Məsələn, necə ola bilər ki, bu dünyada yaşayasan, amma Srebrenitsa qətliamı ilə yanaşı Xocalı qətliamının da baş verdiyindən xəbərsiz olasan.

3 ildir ki, dövran dönüb, zamanın çarxı tərsinə çevrilib, biz ədaləti bərpa etməyə başlamışıq, ondan qabaq 30 il boyunca bizimkilər zülm-zillət içində olub, bəs hardaydı bu eşşək boyda sənətkarlar, dinozavr yekəlikdə dövlətlər, niyə aqressora, başkəsənlərə, etnik təmizləmə aparanlara “durun” demirdilər?

Bizim qışqırığımız litosfer təbəqəsindən yuxarı qalxanda Mel Gibson “Patriot” filmində çəkilir, at minib igidlik edirdi, Bizim qadınlar erməni əlində əsir olanda o, “Qadınlar nə istəyir” komediyasına çəkilirdi, həmyerlimiz Tofiq Dadaşov kimi ürəkoxuyan birinin obrazını yaradırdı.

1993-cü ildə bizim məcburi köçkünlər ölkənin 47 rayonuna səpələnəndə Gibson “Sifətsiz adam” filminin çəkilişlərində idi və maraqlanmırdı ki, belədə 5 rayonun sakinləri öz evindən didərgin düşüb.

Nəyə görəsə “böyük sənətkar”lar bizə qarşı artıq-əskik bir şey deyəndə, yenə günah bizdə olur, bəziləri deyirlər, onlara vaxtında informasiya verməmişik, “Azərbaycan həqiqətləri”ni çatdırmamışıq.

Bu, havayı söhbətdir, əziz həmvətənlər. Biz həqiqəti o qərəzli sənətkarların gözünə soxmalı deyilik, soxsaq da, xeyri yoxdur, xaç çevirib deyəcəklər, hələ bilmək olmaz, siz düz deyirsiniz, yoxsa yox.

Ən yaxşısı, dəvədən böyük, ala itdən məşhur olsalar da, o cür qərəzkar adamlara qulaq verməmək, onları adam saymamaqdır.

Yeri gəlsə, Mel Gibson kimdir ki? Təkbətəyə çıxsalar, qudamız Van Damm onu döyər. Hərçənd qohumumuz olmasa, onu da bilmək olmazdı, çıxıb bir ağız “deportasiya” deyərdi, məyus olar, daha onun da filmlərinə baxmazdıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR