İnsanlara hürriyət, millətlərə istiqlal!

Büdcə dəyişiklikləri mövcud iqtisadi kursa ziddir - iddia

2171 20.06.2018 08:35 İqtisadiyyat A A

Qubad İbadoğlu: “Dəyişikliklər o zaman səmərəli olardı ki...”

Azərbaycan hökuməti 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər paketini Milli Məclisə təqdim edib. Paket tam olaraq ictimaiyyətə təqdim olunmasa da, açıqlanan parametrləri dəyərləndirən müstəqil iqtisadçıların böyük əksəriyyəti büdcəyə ediləcək dəyişiklikləri tənqid edirlər.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, büdcə dəyişiklikləri prosedur baxımından pozuntularla həyata keçirilir: “Hələ də nə rəsmi qəzetlərdə, nə Maliyyə Nazirliyinin saytında, nə də Milli Məclisin saytında dəyişikliklər layihəsi yerləşdirilməyib. Halbuki proses buradan başlanmalı, hər bir vətəndaşın dəyişikliklər barədə detallı məlumatının olması təmin edilməliydi. Dəyişikliklərin özünə gəlincə, onlar korporativ maraqlara xidmət edir. Çünki büdcə xərclərindən pay götürən şirkətlər büdcənin formalaşmasına əhəmiyyətli töhfə verən qurumlardır. Məsələn, Dövlət Neft Şirkəti büdcənin ən iri təminatçılarından biridir. Bu şirkətə, ”Azərenerji"yə iri məbləğdə pul ayrılması korporativ maraqlardan irəli gəlir. Bu halda büdcə dəyişikliyinin sosial əhəmiyyətinin, ictimai yükünün olacağını söyləmək çox çətindir".

İqtisadçı-alim hesab edir ki, büdcə artımı o zaman səmərəli olardı ki, artan vəsaitlərin bir qismi xaricdə təhsil üzrə proqramın maliyyələşməsinə yönəldilərdi: “Eyni zamanda vətəndaşların sağlamlığının qorunması üçün icbari tibbi sığorta daha geniş ərazidə tətbiq olunardı. Gənclərimizin mənzil şəraitinin yaxşılaşdırılması üçün sosial mənzil tikintisinə daha çox vəsait yönəldilərdi. Bu baxımdan, hesab edirəm ki, dəyişikliklər büdcə gəlir-xərclərinə səmərəli yanaşmanı nümayiş etdirmir”.

Q.İbadoğlunun sözlərinə görə, dəyişikliklərlə büdcənin neft gəlirlərindən asılılığı daha da güclənir: “Bu artımdan sonra Neft Fondunun büdcə transferti ötən illə müqayisədə 70 faizədək çoxalmış olur. Bu, 2015-ci ilə qədərki büdcə-vergi siyasətinə qayıdış deməkdir. Mən çox sevinmişdim ki, 2016-cı ildə hakimiyyət bundan imtina edərək, büdcə mədaxilini daha çox qeyri-neft mənbələri üzrə təmin etmək xətti götürmüşdü. Bu, büdcənin neftdən, ölkə iqtisadiyyatının xarici şoklardan asılılığını azaltmağa xidmət edirdi. Təəssüflər olsun  ki, dünya bazarında neftin qiymətinin artmasından sonra 2018-ci il büdcəsində neftdən asılılıq yenidən gücləndirildi. Bu, əslində ölkənin iqtisadi kursunun əleyhinədir, 2016-cı ildən başlanmış siyasətin ləğvi deməkdir”.

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR