İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu layihə bütün məktəbləri əhatə edərsə, erkən nikahlar... ”

1479 10.01.2024 08:00 Media A A

Mütəxəssislər qeyd edir ki, xüsusən bölgələrdə  qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır

Son vaxtlar azyaşlı qızların nişanlanması və yaxud erkən nikaha cəlb edilməsi ilə bağlı yayılan məlumatlar bölgələrdə qızların məktəbdən yayınması məsələsini də gündəmə gətirdi.

UNESCO-nun məlumatına əsasən, dünyada 6-17 yaş arası 130 milyon qız və gənc qadın məktəbə getmir. Bunlardan 15 milyonu ibtidai sinif şagirdlərinin yaş qrupuna aid qız uşaqlarıdır. Azərbaycanda nə qədər məktəbli qızın təhsildən yayındığı haqda statistik məlumat olmasa da, xüsusən bölgələrdə bu məsələ ilə bağlı  problemlərin mövcud olması hər kəsə məlumdur. Doğrudur, son vaxtlar müəyyən addımların atılması, müsbət dəyişikliklərin olması nəzərə çarpsa da, bütövlükdə bu sahədə hələ də çətinliklər qalmaqdadır.

Mütəxəssislər qeyd edir ki, xüsusən bölgələrdə qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır. Bu səbəblərin kökündə isə insanların maddi ehtiyaclarının ödənilməsi durur. Valideynlər müəyyən iqtisadi, sosial problemlərdən qurtulmaq üçün qızlarını erkən yaşda, adətən səkkizinci sinifdə nişanlayıb, ərə verməyə hazırlaşır. Nəticədə nişanlı qız məktəbdən yayınır, onun təhsil alması arxa plana keçir. Bəziləri ya ümumiyyətlə məktəbə getmir, bəziləri isə yalnız formal olaraq orta məktəbdə təhsil alır. Halbuki bir qızın təhsil alması gələcəkdə cəmiyyət üçün həm savadlı qadın, həm də dünyagörüşlü övlad yetişdirəcək bir ana deməkdir. Eyni zamanda araşdırmalara görə savadlı, hüquqlarını bilən bir qadın daha az zorakılıq halları ilə rastlaşır. 

Mütəxəssislər qızların təhsildən yayınmasının daha bir səbəbi kimi məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsini göstərirlər. Qeyd olunur ki, belə hallar daha çox aran rayonlarında geniş yayılıb. Belə ki, kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Hətta Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər. DİM-in cari tədris illəri üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlilləri də onu göstərir ki, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır. Son illərin rəqəmlərinə baxanda görürük ki, ölkənin xüsusən Aran, Muğan və cənub zonalarında qızların təhsildən yayınması faktları mövcuddur. 

BŞTİ-nin məktəblərdəki "xəfiyyəsi"... -

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a danışıb: “Ölkədə erkən nikahla bağlı addımlar atılır və bu cür hadisələr artıq minimum səviyyəyə endirilib. Bununla belə, ümumilikdə hələ də bu məsələ ilə bağlı tədbirlərin sərtləşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, bu problemə birdəfəlik son qoymaq üçün Cinayət  Məcəlləsində dəyişiklik edilməli və övladlarını erkən nikaha sövq edən valideynlər cinayət məsuliyyətinə cəlb edilməlidir. 

O ki qaldı Elm və Təhsil Nazirliyinin bu məsələdə hansı addımlar ata bilməsinə, fikrimcə bölgələrdə, kənd məktəblərində də “məktəblinin dostu” layihəsi həyata keçirilərsə, bu kimi neqativ halların sayı azalar.

Xatırladım ki, 2016-cı ildən etibarən ölkəmizin təhsil sistemində “Məktəblinin dostu” adlı layihə tətbiq olunur. Məqsəd tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır. Bu kimi layihələr dünyanın müxtəlif ölkələrində çeşidli adlarla uğurla sınaqdan çıxıb. Burada əsas hədəf məktəb - təhsil alan - valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsil alana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. “Məktəblinin dostu”nun əsas vəzifəsi məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə hal baş verdikdə müəllim heyətinə və şagirdlərə ilkin yardım göstərməkdir.

“Məktəblinin dostu” layihəsi Bakı, Abşerondan sonra artıq Gəncə və Lənkəranda da fəaliyyət göstərməyə başlayıb. Hesab edirəm ki, bu layihənin digər regionlarda da həyata keçirilməsi üçün addımlar atılmalıdır. 

Erkən nikahlar əsasən kənd yerlərində olur. “Məktəblinin dostu” isə əsasən şəhər məktəblərində fəaliyyət göstərir. Fikrimcə, bu layihəni təhsilin yerli idarəetmə orqanlarının tabeçiliyinə vermək və ştat formasına salmaq olar.  

“Məktəblinin dostu” layihəsi donor təşkilatlar vasitəsilə maliyyələşdirilir. Bunun artıq dövlət səviyyəsində maliyyələşdirilməsinə gətirib çıxarmaq lazımdır. “Məktəblinin dostu”nun fəaliyyət göstərdiyi məktəblərdə neqativ hallara qarşı kifayət qədər mübarizə mövcuddur. İlk növbədə onların işi maarifləndirmədir. Daha sonra, “Məktəblinin dostu” erkən nikahla bağlı məlumat alan kimi ilk andaca sərt tədbir görülür, müvafiq orqanlara operativ məlumat çatdırılır. 

“Məktəblinin dostu” layihəsini genişləndirərkən bir məsələyə də diqqət etmək lazımdır ki, “məktəblinin dostu” məktəb direktorundan deyil, fərqli idarəetmə orqanlarından asılı olsun. 

Beləliklə, bu sahədə geniş işlər görmək lazımdır.  Bir daha qeyd edirəm ki, bu layihə bütün ölkə məktəblərini əhatə edərsə, erkən nikah probleminin aradan qalxmasına kömək olar".

Yazını hazırladı: Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR