İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Brüsseldə üçtərəfli görüşdür - Paşinyana “soyuq duş...”

2404 05.04.2024 10:46 Gündəm A A

Rusiyadan növbəti xəbərdarlıq və Ermənistandan qorxaq reaksiya; deputat: “Ermənistana hərbi dəstəyə haqq qazandırmaq üçün Azərbaycana qara yaxılması...”

Bu gün-aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə görüşü planlaşdırılır. Görüşün Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edəcəyi ehtimal olunur.

Rəsmi olaraq açıqlanan gündəm erməni dövlətinin inkişafına və sabitliyinə töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi olsa da, əsas məqsədin Azərbaycan və Rusiyaya qarşı olacağı gün kimi aydındır. Blinkenin görüş ərəfəsi Bakıya zəng etməsi və söylədikləri Ermənistan baş naziri üçün “soyuq duş” effekti verə bilər. Amma ABŞ dövlət katibinin dediklərinin nə qədər gerçək olduğu bu gün bilinəcək. Vaşinqton görüşün “Bakı və İrəvan arasında sülh danışıqlarına aid” olduğunu bildirib. Rəsmi İrəvan isə görüşün “üçüncü tərəfə qarşı olmadığını” deyib. Bir neçə gündür həm Birləşmiş Ştatların, həm də Avropanın bir sıra rəsmiləri görüşün erməni iqtisadiyyatının artırılmasına həsr edilməsindən də danışırlar. Yəqin ki, görüş zamanı Ermənistana müəyyən miqdar “tulapayı” veriləcək ki, sosial təlatümlərin qarşısı alınsın. Eyni zamanda əgər Avropa bütün qapılarını erməni dövləti üçün açırsa da, bu, elə də ciddi və əhəmiyyətli bir iqtisadi addım deyil. Çünki Ermənistan iqtisadiyyatının Avropaya ixrac üçün heç bir məhsulu və malı yoxdur. Qərb, sadəcə, Rusiyaya qarşı yeni müttəfiqlər tapmağa çalışır və erməni dövləti növbəti qurban sayıla bilər.

Bu arada, Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmaqdan böyük fayda əldə edir. “Ermənistan KTMT-də bizim müttəfiqimizdir. Ermənistan Avrasiya İqtisadi İttifaqının işində fəal iştirak edir. Avrasiya İqtisadi Birliyinə üzvlükdən çox böyük fayda əldə edən Ermənistan əsas benefisiardır”, - Rusiya rəsmisi əlavə edib.

Ermənistanın Aİİ və KTMT ilə əlaqələri kəsməsi ilə bağlı sualı şərh edən Overçuk “bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilmədiyini” vurğulayıb.

Göründüyü kimi, Rusiyanın  Ermənistandan hələ də gözləntiləri var. Eyni zamanda Kreml bununla İrəvana xəbərdarlıq edir: “yolunu azsa...” Üstəlik, Ermənistan xarici işlər nazirinin müavini Vaan Konstanyan İrəvanın KTMT-dən gözləntisinin hələ də qaldığını açıqlayıb. Ermənistan rəsmiləri KTMT-dən Azərbaycanın 2022-ci ildəki erməni təxribatına tutarlı cavab verməsinə “siyasi qiymət” gözləyirlər.

ABŞ, Ermənistan və AB görüşün Azərbaycana qarşı yönəlmədiyini desə də, bu, Bakının narahatlığını aradan qaldırmır. Ümumiyyətlə, Vaşinqton və Brüssel başa düşməlidir ki, bu günə qədər etdikləri Bakının nəzərində onların etibarını sarsıdıb. Xarakterikdir ki, sammit iştirakçıları artıq Qərbin Ermənistan üçün təhlükəsizlik təminatlarını, eləcə də ölkənin Aİ-yə daxil olması prosesinə başlamaq imkanlarını açıq şəkildə müzakirə edirlər. Müvafiq olaraq, üçüncü ölkələrin təhlükəsizlik operatorları kimi cəlb edilməsi ciddi regional disbalansın yaranmasına gətirib çıxara bilər ki, bunun nəticəsində İrəvan Bakı ilə münasibətləri yaxşılaşdırmayacaq, Tehranla əlaqələri çətinləşdirəcək. Görüşdən sonra Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), sonra isə Avrasiya İqtisadi İttifaqından rəsmən çıxması prosesi başlaya bilər. Qeyd etmək yerinə düşər ki, bu iki addım Rusiya ilə yanaşı, Azərbaycanın da milli maraqlarına qarşı yönəlib. Rəsmi İrəvan qonşu dövlətlərin milli maraqlarına birbaşa təsir edəcək yolla gedə bilər. Bu isə Cənubi Qafqazdakı vəziyyəti daha da gərginləşdirə bilər. Bununla da Qərb “odun üstünə benzin tökmək” siyasətini bir daha davam etdirdiyini sübut edəcək. Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında keçiriləcək görüş hərbi paktın əldə edilmə riski daşıyır. Bu məqam və ümumilikdə risk faktoru Bakının maraqlarına ziddir.

Deputat Sahib Alıyev: "Sağalmaq üzrəyəm" | 1news.az | Xəbərlər

Sahib Aliyev

Deputat Sahib Aliyev “Yeni Müsavat”a açıqlamasında Brüssel görüşü ilə bağlı gözləntilərini bölüşdü: “Aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə ABŞ və Avropa Birliyinin əsas məqsədi guya Azərbaycandan gələn təhlükəni önləmək adı altında "Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanı silahlandırmaqdan", bizimlə sərhədi boyunca NATO-un hərbi strukturunu formalaşdırmaqdan ibarətdir ki, cənab İlham Əliyevin Blinkenlə telefon danışığında bu, açıq şəkildə qarşı tərəfin diqqətinə çatdırıldı. Xatırladıram ki, deyilənlər dövlət başçıları arasında özünün yüksək informasiyalılığı və heç vaxt əsassız danışmaması ilə fərqlənən bir liderin sözləridir, hər hansı ekspert fikri deyil. Yəni 5 aprel görüşünün ilk növbədə Ermənistana hərbi-siyasi və hərbi-texniki dəstək verilməsi məqsədilə keçirildiyinə tam əmin olmasaydı, Azərbaycan Prezidenti kimi təcrübəli bir dövlət xadimi bunu dilə gətirməzdi. Həmin fikirlərin açıq şəkildə dilə gətirilməsi isə ondan xəbər verir ki, Azərbaycan bunu görməzdən gəlməyəcək və geriyə addımlar atılmasını istəyir". S.Alıyev qeyd etdi ki, bu telefon danışığına qədər qarşı tərəfin belə bir addım atacağı heç də nəzərə çarpmırdı: “Ən azından NATO-nun keçmiş baş katibi Anders foq Rasmussenin rəhbərlik etdiyi "Ermənistanın Dostları Şəbəkəsi" adlı qrupun martın 21-dəki bədnam hesabatında belə bunu görmək mümkündür. Bu hesabatda da ən çox üzərində dayanılan məsələ məhz Ermənistana hərbi-siyasi və hərbi-texniki dəstəyin göstərilməsidir. Onun Brüssel görüşü öncəsi peyda olması, Ermənistana hərbi dəstəyə haqq qazandırmaq üçün orada kəlməbaşı Azərbaycana qara yaxılması qətiyyən təsadüf sayıla bilməz. Hesabatda Avropa Birliyinin daha vasitəçi yox, Ermənistana dəstəkçi rolunda çıxış etməli olduğu haqda yazılanlar isə qətiyyən təklif deyil, təsbitdir ki, aprelin 5-də Brüsseldə bu, rəsmi şəkildə təsdiqlənəcək". Deputatın sözlərinə görə, əgər o görüşə ABŞ rəsmisi də qatılırsa, demək, Vaşinqton da Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına vasitəçilikdənsə, ikinciyə açıq və birbaşa havadarlığa üstünlük verdiyini sərgiləmiş olur: “Əlbəttə, Azərbaycan simmetrik olmasa da, ABŞ və Avropa Birliyinin ölkəmizin əleyhinə yönələn bu addımlarını cavabsız qoymayacaq. Aprelin 5-də keçirilməsi planlaşdırılan görüş təxirə salınmayacağı təqdirdə əgər kim düşünürsə ki, ondan sonra da Azərbaycan özünə qarşı atılan bütün bu addımlara, sərhədlərimiz boyunca qüvvə yığılmasına, mövqelərimizin atəş altında saxlanmasına və dörd kəndimizin geri qaytarılacağı vədinin yerinə yetirilməməsinə göz yumacaq, yanılır, həm də çox!”

Akif Nağı: “Paşinyan bu addımı atsa, sülh müqaviləsi...”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağının fikrincə, bu görüş Azərbaycan üçün təhdid, Rusiya üçün təzyiq vasitəsi kimi nəzərdə tutula bilər: “Qərb Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirir, ermənilərin tərəfində olduğunu göstərir. Rusiyanı isə qıcıqlandırmaq, onların Ermənistanla münasibətlərini daha da pisləşdirmək, bu münasibətlərə geridönməz xarakter vermək istəyir. Azərbaycan Qərbin niyyətini başa düşür, ABŞ-ın Azərbaycanla Ermənistan arasında balanslaşdırılmış siyasətdən geri çəkildiyini görür və buna uyğun mövqe tutur. Azərbaycan Prezidenti artıq bildirib ki, biz Qərbə böyük ümidlər bağlayıb, özümüzü aldatmaq istəmirik. Onlar seçimini edib, biz də seçimimizi edib, Türk dünyası, Türk ailəsini seçmişik”. A.Nağı qeyd etdi ki, bu, üçlü görüşdən elə də ciddi və bizim üçün qorxulu nəticələr gözləməyə dəyməz: “Qərb Ermənistana külli miqdarda maddi, maliyyə yardımı göstərmək fikrində deyil, heç imkanları da yoxdur. Ukrayna, Qəzza və yeni yaranmaqda olan münaqişə ocaqları külli miqdarda vəsaiti artıq udub və udmaqda davam edir. Bir o qədər ciddi qəbul olunmasa da, ABŞ-ın iqtisadi çətinlikləri, hətta defolt təhlükəsi artıq müzakirə mövzusuna çevrilib. Dövlət borcları 30 trillionu keçib. Bu vəziyyətdə ermənilərə pul buraxacaqları inandırıcı deyil. Ermənilərin də istədiyi puldur, onlar "təhlükəsizlik təminatı" deməklə gözə kül üfürürlər, əslində kimin daha çox pul verəcəyini gözləyirlər. Ona görə də deyə bilərik ki, ermənilər bir şey əldə edə, ala bilməyəcəklər. Rusiyanın regiondan çıxarılması istiqamətində hansısa nəticə gözlənilə bilər. Orada da ciddi problemlər var. Hərbi bazanın, sərhəd qoşunlarının oradan necə çıxarılacağı aydın deyil. Aeroport kiçik bir ərazidir, orada rus xidmətini əvəzləmək mümkündür, amma yenə asan deyil". Partiya sədrinin Brüssel  görüşündən Azərbaycan üçün təhlükə doğuracaq gözləntiləri yoxdur: “Azərbaycan bu görüşdən sonra Qərbi ikili standartlarda, qərəzlilikdə daha sərt tənqid edə, danışıqlarda mövqe üstünlüyü qazana biləcək. Ermənistan gözlədiyi dəstəyi ala bilməyəcək, təbliğat xarakterli nəticə ilə kifayətlənməli olacaq. Ən çox itirən Rusiya olacaq, bu ölkə Qərblə rəqabətdə bir daha zəif həlqə kimi görünəcək. Lakin ən çox qazanan ABŞ olacaq. Ermənistanın daha bir müttəfiqinin özünə doğru hərəkətliliyini sürətləndirməklə gücünü göstərəcək. Ümumiyyətlə, bizim mövqeyimiz aydındır, bir şey itirmirik, Qərbi qamçılamaq üçün əlavə stimul qazanırıq. Rusiya, deyəsən, nə edəcəyini bilmir, hələ ki erməniləri "qüdrətli keçmişləri" ilə sığallamaqla məşğuldur. Hələ də “gəzəyən qızları”nın geri dönəcəyinə ümid edirlər".

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR