İnsanlara hürriyət, millətlərə istiqlal!

Brejnevdən Şevardnadzeyə atmaca – “Stadiona dalaşmağa yox, futbol oynamağa getmək lazımdır...”

5577 30.08.2023 14:16 Yaxın tarix A A



Digər xarici ölkələrdə olduğu kimi SSRİ-də də birinci şəxslərin təhlükəsizliyi ilə bağlı xüsusi qaydalar mövcud olub. Bu qaydalar onlar tərəfindən pozulduqda ölkənin ali orqanları tərəfindən siyasi liderlərə xəbərdarlıq formasında “cəza”lar da tətbiq edilib. Elə 1977-ci ilin iyul ayında Gürcüstanın birinci katibi Eduard Şevardnadze də Moskvaya, Mərkəzi Komitəyə təhlükəsizlik təlimatını ciddi şəkildə pozduğuna görə dəvət edilib.

Maraqlıdır, kifayət qədər siyasi təcrübəyə malik olan, birinci katib vəzifəsindən əvvəl öz respublikasında daxili işlər orqanlarına rəhbərlik edən Şevardnadzeni qayda-qanunu pozmağa hansı hadisə vadar edib?

Hər şey futboldan başlayıb, Tbilisidə keçirilən “Dinamo” Tbilisi və “Zarya” (Voroşilovqradd) arasındakı matçdan. Əvvəlki oyunlarda olduğu kimi Şevardnadze bu matçı da birbaşa stadiondan, birincilər üçün ayrılmış lojadan seyr edib. Stadionda təxminən altmış minə yaxın azarkeş olub.

Oyunun son dəqiqələrinə qədər hesab açılmayıb. Bu da azarkeşlərin hiddətinə və gərginliyə səbəb olub. 86-cı dəqiqədə gürcüstanlı hücumçuya qarşı rəqib komandanın cərimə meydançasında kobudluq edərək onu yıxıblar. “Zarya”nın müdafiəçisənin bu kobudluğu azarkeşləri hiddətləndirib və onlar tribunalardan “penalti” deyə qışqıraraq arabir hakimə də söyüşlər yağdırıblar. Hakim Romuldos Yuska isə öz işarəsi ilə oyunun davam etdirilməsini, bir neçə dəqiqədən sonra isə  öz fiti ilə oyunun sona çatdığını bildirib. Bu sonuncu fit səsindən sonra azarkeşlər yaşıl meydançaya axışıblar. Sonradan məlum olub ki, meydançaya təxminən 5-7 min azarkeş daxil olub. Bu məqamda milis patrullarının köməyi ilə hakimlər və rəqib komandanın oyunçuları çox çətinliklə futbolçuların istirahəti üçün nəzərdə tutulmuş otağa çatdırılıblar. Stadionun hasarından dəmir lövhələri, oturacaqlardan taxtaları qoparan azarkeşlər hakimlərin və futbolçuların olduqları yerə hücum ediblər.

Vəziyyətin son dərəcə gərgin olduğunu öz gözləri ilə görən Şevardnadze səsgücləndirici vasitəsi ilə azarkeşlərə müraciət edib. Ancaq onun 1-2 dəqiqəlik müraciəti heç bir nəticə verməyib. Daha sonra səsgücləndiricidən gürcülərin böyük rəğbət bəslədiyi idman şərhçisi Kote Maxaradzenin səsi eşidilib. Bu səs də azarkeşləri geri qaytara bilməyib.

Şevardnadze yaşıl meydançaya düşməyə cəhd edib. Ancaq bu qarışıq durumda və sızlıqda o, heç iki-üç metr belə qabağa gedə bilməyib. Qarşıdurma isə anbaan daha da gərginləşib.

Bir neçə dəqiqədən sonra stadionda gürcü azarkeşlərin kumiri David Kipiani görünüb. Həmin qarışıq məqamda azarkeşlər Kipianini alqışlasalar da, sonra onu çiyinləri üstə yaşıl meydançadan kənara çıxarıblar. Yəni bununla demək istəyiblər ki, onun da məsələyə müdaxiləsi mənasızdır.

Nəhayət, Şevardnadze 3-4 nəfər mühafizəçinin köməyi ilə azarkeşlərin yanına düşə bilib. O, səsgücləndirici vasitəsi ilə növbəti dəfə azarkeşlərə müraciət edib, onlardan dönə-dönə xahiş edib ki, arxasınca gəlsinlər. Birinci katibin bu cəhdi alınıb. Şevardnadze qabaqda, azerkeşlər isə onun arxasınca stadiondan çıxıblar. İzdiham təxminən bir kilometr məsafə qət etdikdən sonra Şevardnadze ayaq saxlayıb və kiçik bir nitq söyləyib:

“Əziz dostlar, problem bu yolla həll olunmur. Biz bu məsələ ilə ciddi məşğul olacağıq, kimin haqlı, kimin haqsız olduğunu aşkar edəcəyik. İndi isə sizdən xahişim odur ki, evlərinizə dağılışasınız. Mən artıq yeriməyə taqətim yoxdur...”

Bununla da Şevardnadze gec də olsa insidentin qarşını almağa nail olub.

Stadionda baş vermiş hadisə zamanı təkcə daxili qoşunlardan və milislərdən 35 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir neçə təcili yardım və milis maşınları yandırılıb.

бьт.jpg (80 KB)

Stadiondakı hadisələr haqqında dərhal Mərkəzi Komitəyə məlumat verilib və Şevardnadze təcili Moskvaya çağırılıb.

Hadisə Siyasi Büro üzvlərinin iştirakı ilə Leonid Brejnevin kabinetində müzakirə olunub. Büro üzvlərinin bəziləri Şevardnadzenin yaşıl meydançaya düşməsini təhlükəsizlik təlimatını pozması kimi qiymətlənidirlər və ona partiya cəzası verilməsini istəyiblər. Baş katib bütün təklifləri dinlədikdən sonra Şevardnadzeyə söz verib. Birinci katib hadisəni bütün təfəərrüatları ilə danışıb, bildirib ki, hadisəyə birbaşa müdaxilə etməyəcəyi təqdirdə daha ağır nəticələr ola bilərdi.

Brejnev bu hadisəyə görə Şevardnadzenin “başını sığallamasa” da, onun hiddətli və qəzəbli kütlənin arasında sülh yaratmasına haqq qazandırıb. Baş katib yığıncağı zarafatla yekunlaşdırıb:

  • Eduard Amvrosieviç, bu dəfə partiya cəzasından yaxa qurtara bildiniz. İndi bizim sizə bir tövsiyəmiz var, bundan sonra stadiona dalaşmağa yox, futbol oynamağa getmək lazımdır...

Qeyd edək ki, Şevardnadze müəllifi olduğu  “Keçmiş və gələcək haqqında fikirlər” kitabında hadisənin təfərrüatlarına geniş yer ayırıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR