İnsanlara hürriyət, millətlərə istiqlal!

“Böyük əksəriyyət öz dədə-baba torpaqlarına qayıdacaq”

1304 19.04.2023 08:00 Media A A

Mətləb Aslanov: “Hər kəs istər ki, tezliklə bütün ərazilərə köç edilsin, amma...”

“Ağdam və Füzuli şəhərlərinin, Suqovuşan və Hadrut qəsəbələrinin baş planları hazırdır”. APA-nın Şirvan bürosu xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda işğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi ilə bağlı elmi-praktik konfransda çıxışında deyib. Ağdam və Füzuli şəhərlərinin baş planlarının Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu qeyd edən Emin Hüseynovun sözlərinə görə, digər regionlarla da bağlı layihələndirmə işlərinə başlanılıb: "Qarabağ iqtisadi rayonunun digər bölgələrində də bu proses gedir. Rəylər toplanır və artıq ümumi fikir bəllidir".

““Böyük Qayıdış” dövlət proqramı ilə nəzərdə tutulan işlər 5 mərhələ üzrə aparılır". Bu fikirləri də həmin tədbirdə E.Hüseynov səsləndirib. “Bunlar ümumi və baş planların layihələndirilməsi, minatəmizləmə, baza infrastrukturunun yaradılması, sosial-iqtisadi infrastrukturun tammiqyaslı yenidən qurulması və nəhayət, insanların qayıdışının təmin olunmasıdır. Planlaşdırmanın təkcə tikintiyə deyil, minatəmizləməyə də aid olması vacibdir. Baza infrastruktur təmin edilməlidir ki, buraya yollar, qaz, işıq, su, rabitə və sosial infrastruktur - məktəblər, xəstəxanalar, inzibati binalar və yaşayış evləri daxildir”, - o deyib.

Prezidentin xüsusi nümayəndəsi onu da qeyd edib ki, "Böyük Qayıdış"ın 1-ci mərhələsində 66 min nəfər həmvətənimizin öz evlərinə qayıdacağı gözlənilir. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bərpa və reabilitasiya prosesini 3 mərhələyə bölmək olar. “1-ci mərhələ 2022-2026-cı illəri, 2-ci 2030-cu ilədək dövrü, 3-cü mərhələ isə 2040-cı ilədək dövrü əhatə edir. 1-ci mərhələdə əsas məqsədlər Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulmasından, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafından ibarətdir”, - E.Hüseynov deyib.

Bu proses çərçivəsində daha bir mühüm açıqlama da var.

2023-cü ildə işğaldan azad olunmuş ərazilərə investisiya layihələrinin qoyulması fondun əsas prioritetlərindən hesab olunur.

Bu barədə “APA-Economics”ə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xalıyev bildirib:

“Hazırda işğaldan azad olunmuş ərazilərdə kreditləşməni prioritet elan eləmişik. Güzəştli kreditlər illik 5%-lə ənənəvi qaydada, eyni şərtlərlə işğaldan azad olunmuş ərazilərdə də veriləcək. Ümumillikdə kredit portfeli 500 milyon manatdır, hər bir layihə üzrə kreditin maksimal məbləği isə 5 milyon manatadək nəzərdə tutulub. Bundan əlavə, elektron kredit və zəmanət platforması yaradılacaq. İşğaldan azad olunmuş ərazilərdə əsas investisiya fəaliyyəti üçün hər hansı sahibkar sahəsindən asılı olmayaraq dövlət zəmanətli kommersiya kreditlərindən yararlana bilər. Məqsəd maliyyə əlçatanlığını artırmaq və orada bərpa, yenidənqurma fəallığını daha da sürətləndirməkdir”, - deyə Osman Xalıyev əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 3 milyard manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin birinci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında ayrılmış vəsaitin 35,5%-i və ya 1067,0 milyon manatı istifadə olunub.

Bu yaxınlarda Hadrutda olan AĞ Partiya başqanının köməkçisi Mətləb Aslanov Qarabağda quruculuq-bərpa işlərinin sürətlə getdiyini söylədi: “Ara-sıra işğaldan azad edilən ərazilərə gedirəm. Hər getdikcə bir dəyişikliyin şahidi oluram. Yollar sürətlə çəkilir, asfaltlanır, tikinti işləri də çox sürətli gedir. Bu gedişlə yaxın illərdə məcbur köçkünlərimizin böyük əksəriyyəti öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu il də, bildiyiniz kimi, köç olacaq. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun son açıqlamaları da bunu göstərdi. Qarabağ çiçəklənir. Hər kəs buna əmin olsun. Gedənlər bunun şahidi olurlar. İndi 30 il işğal altında qalan, erməni vandalizminə məruz qalan, dağıdılan əraziləri qısa müddətdə bərpa etmək də asan məsələ deyil. Təbii ki, hər kəs istər ki, tezliklə bütün ərazilərə köç edilsin. Amma bunun milyardlarla maliyyə mənbələri tələb etdiyini də yaxşı bilirik, yəni quruculuq-bərpa işləri üçün və s.”

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış"" mövzusunda hazırlanıb.

HAZIRLADI: Cavanşir Abbaslı

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR