İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkenin zəngi – Ermənilərin yeni baş havadarının izahatı işin rəngini dəyişir

4347 03.04.2024 21:07 Analitika A A

Xəbər verildiyi kimi, bu gün, aprelin 3-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Böyük və kiçikliyindən asılı olmayaraq, dövlət rəhbərləri arasında bu cür zənglər adi, rutin təmaslar olsa da, dövlət katibinin məhz bu zamanda öz təşəbbüsü ilə Azərbaycan liderini araması təsadüfi və sıradan bir hərəkət deyil.

Blinkeni buna vadar edən səbəblər var.

Məsələ ondadır ki, Entoni Blinken sələflərindən fərqli olaraq Cənubi Qafqadakı hərbi-siyasi durumla yaxından ilgilənir və bəzən daha da irəli gedərək özünü Ermənistanı şefliyə götürmüş biri kimi aparır. Xatırlayırsınızsa, o, ötən il tavandan götürülmüş bir iddia irəli sürmüş, Azərbaycanın Ermənistan ərazisinə hücum etmək niyyətində olduğu, ABŞ-ın bu təcavüzə təhəmmül etməyəcəyi barədə əsassız və yersiz bir açıqlama ilə çıxış etmiş, bir-iki gündən sonra dediklərini malalamağa çalışmışdı.

O, elə son zəngində də Prezident Əliyevə Ermənistan mövzusunda danışıb, aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını deyib və Azərbaycan lideri ilə bu xüsusda danışmaq, məsələyə aydınlıq gətirmək fikrində olduğunu bildirib. 

azerbaycan-ermenistan.png (1.18 MB)

Əslində Blinkenin informasiyası doğrudur, aprelin 5-də keçiriləcək görüş Azərbaycan tərəfdə haqlı narahatlıq doğurub və bu səbəbsiz deyil. Çünki Ermənistan belə görüşlərə, böyük dövlətlərlə təmaslara həmişə suya atılan şalban kimi baxır, ondan yapışıb üzdə qalmağa, üstünlük qazanmağa çalışır.

Vaxtilə bu dövlət Rusiyanın təqdim etdiyi hərbi-siyasi, maddi, diplomatik, mənəvi, psixoloji, bir sözlə, hərtərəfli yardımlardan yararlanaraq Azərbaycanın qarşısında haqsız üstünlük qazanmış, ölkəmizin ərazisinin 20 faizini işğal etməyə müvəffəq olmuşdu.

Rusiya kimi böyük havadarı ilə münasibətləri korlayandan sonra Ermənistanın yeni havadarlar, arxa-dayaqlar axtarışına çıxması və ABŞ-ın, Fransanın simasında yeni himayədarlar tapması artıq heç kəsə sirr deyil və bu, Azərbaycan tərəfini narahat edir. Sülhə, razılaşmaya bu qədər yaxınlaşmışkən yenidən Cənubi Qaqazda yeni münaqişə tonqalının çatılması, təbii ki, əndişə doğurmalıdır.

Ancaq ABŞ dövlət katibi Azərbaycan Prezidentinə sözügedən görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. 

aliyev_munxen.jpg (278 KB)

Belədirsə, lap yaxşı. Hərçənd “arıqlığından yavaş olan öküz” kimi, bir aqressiv dövlətin də kasıb olduğu zaman sərgilədiyi davranışla varlı, imkanlı olduğu vaxtkı etdiyi hərəkətlər eyni olmur. 1991-2005-ci illərdə Rusiya daha sülhpərvər və dişsiz idi, neft milyardları federasiyaya axandan sonra Kremldəkilərin ritorikası dəyişdi, “şanlı tarixi”, “iki dünya hegemonundan biri” olduğu dövrü bərpa etmək fikrinə düşdü.

İndi Ermənistan da iqtisadi baxımdan güclənəndən, parallel olaraq hərbi qüdrətini artırmaq imkanı qazanandan sonra yenidən caynaq və pəncəsinə güvənərək regionda sabitliyi poza bilər.

Ona görə də ABŞ dövlət katibi ilə telefonla danışarkən, Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub.

Əlbəttə, bu, nəzərdən qaçırılası, barmaqarası baxılası məsələlər deyil. Söhbət Azərbaycan dövlətinin təhlükəsizliyindən gedir və dünyada qalıcı sülhün bərqərar olunmasından çox danışan ABŞ kimi hegemon dövlətin sülhə qarşı yönəlmiş addımları başqa dövlətin bənzər hərəkətləri ilə müqayisə oluna bilməz.

Entoni Blinken isə 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb. Söhbət əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə də aparılıb və bu, artıq ürəkaçan xəbərdir. 

So5AmoSdY4ZaobWmmmxfPGaHz1Lrub1WneyQh2XA.jpg (74 KB)

Orası da aydındır ki, hazırda Ermənistanla Rusiyanın münasibəti çox gərgindir və Blinken ad çəkməsə də, eyham edib ki, Ermənistanın gücləndirilməsi Rusiya qarşısında əzilməməsini təmin etmək üçündür.

ABŞ tərəfinin arqumentləri tutarlı ola bilər, amma məsələ ondadır ki, Ermənistana etibar yoxdur.

Dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu da vurğulayıb. Bu, artıq birinci dəfə deyil ki, Azərbaycan dövlətinin rəhbərləri belə açıqlamalarla çıxış edirlər. Ancaq nədənsə avropalı siyasətçilər “tutduğunu buraxmayan” əngəllilər kimi israrla dediklərini deyirlər.

Prezident İlham Əliyev aprelin 2- Fransa xarici işlər nazirinin elə Blinkenin yanındaca yalan danışdığını bildirib. Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham edən nazirin bənzər fikirləri tez-tez təkrarlanır və bu da Azərbaycan tərəfində ikrah doğurur. Çünki son 36 ildə Azərbaycan Ermənistanın bir yaşayış məntəqəsini belə işğal etməyib, ancaq eyni sözü Ermənistan barədə demək olmaz. 

1701078451_1700724116_1687347109.jpg (271 KB)

Bir sözlə, hər halda ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəngi bir sıra dolaşıq kələflərin çözülməsinə rəvac verir, aradakı gərginliyi azaldır. Amma bu zəng heç cür “baş altına qoyulan balış” xarakteri daşımamalıdır. Azərbaycan dövlətini idarə edənlər sərvaxt və ayıq-sayıq olmağa, gözlənilən təhlükələri vaxtında önləməyə məhkumdurlar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR