İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir xəstəlik bitməmiş o biri başlayır - valideynlər təşvişdə...

823 08.02.2024 13:10 Yaşam A A

Həkimlərdən SOS!: “Uşaqların ilk olaraq qidasına diqqət edin...”

Son zamanlar ölkədə tüğyan edən müxtəlif viruslar əsasən uşaqların səhhətinə ciddi şəkildə təsir edib. Valideynlər xəstəlikdən sonra övladlarının immunitetinin aşağı düşdüyünü bildirir. Qeyd edirlər ki, övladları sağaldıqdan sonra zəiflədiyinə görə digər bir virusa tez bir zamanda yoluxurlar. Daha bir narahatlıq isə məktəblərdə, bağçalarda müəllimlərin uşaqların dərsdə iştirak etməməsi ilə bağlı narazılıq bildirməsidir. “Uşaq tam sağalmamış müəllim bildirir ki, məktəbə gəlsin, arayış gətirsin. Uşaq sağalır ki! Bir ayda neçə dəfə xəstələnir. Hər xəstəliyə görə də arayış apara bilmirik axı. Evdə müalicə edirik çox vaxt”, - deyə paytaxt sakini Nuridə Əliyeva “Yeni Müsavat”a  bildirib. 

Pediatr Vaqif Qarayev də bizimlə söhbətdə deyib ki, qızılca, su çiçəyi, göyöskürək, qrip hazırda çox yayılıb: “Bu xəstəliklər uşaqları əldən salır. Eyni uşaq qızılcadan sonra göyöskürəyə tutulur, ya da su çiçəyinə. Qrip hər il olduğu kimi bu il də yayılmış vəziyyətdədir. Amma qızılca ilə bağlı vəziyyət stabilləşir, yoluxma azalır deyirik, dərhal da bir uşağın ölüm xəbəri yayılır. Qızılcaya qarşı vaksinasiya qənaətbəxşdir deyirik, amma yoluxma stabilləşmir. İndiki qızılca kiçik uşaqlarda, böyüklərdə daha ağır gedir. Həftələrlə davam edən göyöskürək də uşaqları əldən salır”.

Bəs valideynlər nə etməlidir? Virusların belə yayıldığı vaxtda mütəxəssislər nə kimi tövsiyələr verir? 

Azərbaycanda pediatr öskürəkdən qözlərinə qan sızan uşağın FOTOSUNU paylaşdı

 Aytən İsmayılzadə

Pediatr Aytən İsmayılzadə “Yeni Müsavat”a deyib ki,  ilk növbədə uşaqları sağlam qidalandırmaq lazımdır: “Uşağa  mənşəyi bilinməyən fast-foodlar almaqla kimlərinsə cibinə pul, uşağın bədəninə isə xəstəlik yığırlar. İkincisi, uşaqların peyvəndi vaxtlı vaxtında olunmalıdır. Bunu geniş şərh etməyə ehtiyac yoxdur. Qızılca ilə mübarizə aparan uşaqları görmək kifayətdir. Əlbəttə,  evdə müalicə alan xəstələri və bir də xəstəxanada ağırlaşanları xəbər almaq kifayətdir.

Bağlı əyləncə mərkəzlərini açıq havada gəzinti, parklarla əvəz edin. Bol oksigen inkişaf edən uşaq orqanizmi uçun çox-çox vacibdir. Evinizin, qabların, paltarların təmizliyi üçün cürbəcür kimyəvi məhsullar istifadə etməyin. Uşaqların da, özünüzün də suyunuzu yodlaşdırın. Ölkəmizdə yod çatmır. Duzun yodlaşdırılmasına arxayın olmayaq. Uşağa hərəkət etməyi öyrətmək lazımdır.  Daha doğrusu, hərəkəti unutdurmayaq.  Xüsusi idman növünə gərək yoxdur. Uşağı “xadunoka” qoymaqdan tutmuş, məktəbə maşınla apar-gətir, sonra da qabağında kitablar, əlində də telefon. Hərəkətsizlik xəstəliklər üçün münbit şərait yaradır.  Zooparkda yatan heyvanlarla təbiətdəkiləri müqayisə etsək, mənzərə aydın görünür". 

Həkim əlavə edib ki, uşaqların zehnini vaxtından əvvəl dərs yükü ilə yormaq olmaz: “Onun ətraf mühiti kəşf etmə dövründə dərs məlumatları çox mənasız və cansıxıcı görünür. Sizə öz işiniz varkən başqa maraqsız gələn və səriştəniz olmayan işi versələr, necə olar? Adam depressiyaya düşər, ən azından aqressiv olar. Yəni zehnimiz ruhumuza təsir edər. Eyni zamanda uşaqlara "ağıllı telefon" verib onları ağılsız etmək olmaz. Sosial şəbəkələrdəki düşük və görməmiş insanlar uşaqlarımızın tərbiyəçisi olmasın. Necə ki uşağınızı hər adama etibar etməzsiniz, eləcə də onları bu təhlükə ilə üz-üzə qoymayın. Uşaqların  ruhi sağlamlığı onların gördüklərindən, eşitdiklərindən birbaşa asılıdır. Sosial şəbəkələrdəki xəbərlərin yanında ailəvi münaqişələr ikinci plana keçə bilir. Hər neqativ məlumat öz zədəsini qoyur. Şüuraltı zibillənir. Uşaqlara israf etməməyi öyrətmək lazımdır. Nə isə düzəltməyi öyrədin". 

Qeyd edək ki, Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda peyvənd işləri davam etdirilir, pidemioloji vəziyyət stabildir.Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur.

Afaq MİRAYİQ, 
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR